Bəs sən kiməsə öz qaraciyərini verərsən?

Bir neçə gün öncə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxış edərkən dünyasını dəyişmiş insanların meyitlərindən orqan və ya toxumaların götürülməsi barədə növbəti dəfə fikirlərini dilə gətirdi. Hörmətli Qənirə xanımın fikirlərinə keçməmişdən öncə bir məqamı da qeyd edək ki, son vaxtlar hansısa orqanında problem olan və cərrahiyyə əməliyyatına ehtiyac duyulan, amma maddi imkansızlıqdan buna nail ola bilməyən insanların ən çox müraciət etdikləri şəxslərdən biri də Qənirə Paşayevadır. Amma əməliyyatlar həddindən artıq baha olduğundan və donor üçün də yüksək məbləğ tələb edildiyindən, təbii ki, Qənirə xanımın bu problemlərin hər birinə müsbət cavab verməsi və ya müraciət edənlərin hər birinə dəstək ola bilməsi mümkünsüz görünür.

Xatırladaq ki, xanım millət vəkili Milli Məclisdə deyib ki, ölkəmizdə müvafiq qurumlar meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmlərinin hazırlanması üçün təcili tədbirlər görməlidirlər.

Deputat bildirib ki, 28 oktyabr 1999-cu ildə parlament tərəfindən qəbul edilən “İnsan orqan və (və ya) toxumaların transplantasiyası haqqında” Qanununun bəzi müddəaları bu günədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.

 Millət vəkilinin səsinə səs verən olacaqmı?

Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili deyib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə, sadəcə, cüt və ya arta bilən orqanlar köçürülə bilər: “Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da külli miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi mümkündür. Bununla da sağlam insanların həyatı da bir çox hallarda risk altına düşür. Bəlkə həmin insanın ona cüt və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin? Ölümə məhkum olsun? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın? Axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var. Hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanunun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə, onun meyitinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyirlər. Onların bu istəyini reallaşdıran icra mexanizmləri dünyada olduğu kimi, bizdə də olmalıdır”.

Q. Paşayeva bildirib ki, orqan transplantasiyası məsələsində ən böyük problemlərdən biri orqan bağışlanması ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu proseduranın həyata keçirilməsi mexanizmlərinin olmamasıdır.

 Qanun nə deyir?

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanununun “Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi” bölümündə (maddə 9) deyilir ki, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Həmin qanunun 10-cu maddəsinə görə, meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlərin konsiliumu ilə bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (”beyin ölümünün”) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

Sözügedən qanunun 11-ci maddəsinə görə, meyitdə məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və (və ya) toxumaların götürülməsinə icazə prokuroru xəbərdar etməklə, yalnız məhkəmə-tibb eksperti tərəfindən verilə bilər.

 ”Həkimlər bildirirlər ki, oğlum təcili əməliyyat olunmalıdır”

Yuxarıda qeyd etdiyimiz kimi, üzləşdikləri problemlərlə əlaqədar millət vəkili Qənirə Paşayevaya müraciət edənlər çoxdur. Belə şəxslərdən biri də İsrəfilova Qalinadır. Q. İsrəfilova  müsahibəsində Rusiya Federasiyasının Tümen vilayətində anadan olduğunu söylədi. Dediyinə görə, 35 yaşlı oğlu İsrəfilov Nurlan qaraciyər sirrozundan əziyyət çəkir: “Həkimlər bildirirlər ki, oğlum təcili əməliyyat olunmalıdır, yəni donor tapılaraq qaraciyəri dəyişdirilməlidir. Biz donor olaraq hər şeyə hazırıq, lakin əməliyyat baha olduğundan buna imkanımız heç cür çatmır. Belə ki, bunun üçün 50 min manat tələb olunur”. Bəli, bu gün Qalina İsrəfilova kimi yüzlərlə, bəlkə daha çox insan var ki, özü, oğlu, valideyni xəstədir və onlar, sözün həqiqi mənasında, çıxılmaz durumdadırlar. Qeyd edək ki, Q. İsrəfilova bu problemlə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edib. Sözügedən qurumun cavabından isə belə məlum olur ki, bu əməliyyat Mərkəzi Neftçilər Xəstəxanasında keçirilə bilər, lakin həmin xəstəxana təsərrüfat hesablı olduğundan ödəniş edilməlidir. Yəni…

Qənirə Paşayevanın bu açıqlamasını ayrıca bir mövzu kimi araşdırmaqda isə məqsədimiz onun bu təklifinin, həqiqətən, günümüz üçün çox ağrılı və aktual olmasıdır. Bəlkə bu yolla kasıblar üçün bağlı bir qapı açılar.

Qeyd edək ki, dinimizə görə, insanın orqanını satması yolverilməzdir. İlahiyyatçıların açıqlamasına görə, orqan yalnız başqasının həyatını xilas etmək niyyətilə verilə bilər. Amma kimsə borcu olduğuna görə hansısa orqanını satışa çıxarırsa, bu, xoşagələn hal hesab edilmir. Əgər kimsə borcunun olmasından, kirayədə yaşamasından qorxub böyrəyini satmağa çalışırsa, bu, təqdir edilmir.

 Nicat İntiqam