“Bəs mən bir ana kimi oğlumun evini ziyarətə gəlməyim?”

742

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşayıb və daim yaşayacaqlar. Qarabağ savaşı bir daha göstərdi ki, Azərbaycan igidlər diyarı, qəhrəmanlar ölkəsidir. Bu torpaq halal torpaqdır. Kimlərinsə əlindən alınmayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları qəhrəman olmaya bilməz.

Mingəçevir şəhərinin igidləri də torpaq uğrunda canlarından keçdi, hərəsi bir qəhərəman oldu. Belə igidlərdən biri də torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş, Aprel döyüşlərində 3 dostu ilə 17 erməni hərbiçisini məhv edən, igid vətən oğlu, şəhid Adil Adilzadədir. Kiçik çavuş Adil Adilzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Bu günlərdə şəhidin valideynləri ilə elə oğullarının məzar başında – Şəhidlər xiyabanında görüşdük. Ananın ağlamaqdan şişkin xəstə gözləri oğlunun vüqarla dayanmış şəkilinə zillənmişdi. Sanki o oğlu ilə danışırmış kimi ötən oğullu illərini  xatırlayıb ona məruzə edirdi. Dərdli ana deyirdi: “Adil, sən axı evin tək oğlu idin. Sən gedən gündən atan və mən xəstə düşdük. Axı sənin arzuların var idi. Ailə qurmalı idin. Öz halal zəhmətinlə həyətimizin başından evinin fundamentini də tökmüşdün, amma…”

 

Şəhidin anası Gülnarə xanımın dərdinə şərik olduq. Onunla söhbət zamanı aydın oldu ki, onlar hər gün bura, Şəhidlər xiyabanına gəlib oğullarını ziyarət edir, onun ruhuna duallar oxuyurlar. “Bala, təsəllini burdan tapırıq”, – dedi şəhid anası: “Oğlum özünə evi burda tikdi. Bəs mən bir ana kimi oğlumun evini ziyarətə gəlməyim? Qısa ömür yaşadın. 23 yaşında şəhidlik zirvəsinə yüksəldin”.

Ana daha sonra üzünü bizə tutub dedi: “Biz onu çox əzab, əziyyətlə böytmüşdük. Yaxşı yadımdadır, oğlum dünyaya gələndə qonum-qonşular göz aydınlığı verdilər ki, ay qız, oğlun olub, arxan, dayağın var. Oğlum nəinki mənə, öz elinə, obasına dayaq oldu. Fəxr edirəm ki, oğlum vətən uğrunda şəhid oldu”.

Ana dərdli gözlərini üzümüzə zilləyib:  “Bala, bu gün övladları şəhid olmuş valideynlərin mənəvi dəstəyə ehtiyacları var. Gözlərimizi zilləyib qapıya baxırıq ki, kimsə qapımızı açacaq, dərdimizə şərik olacaq. Vallah, nə gizlədim, yoldaşım Kamran da, mən də xəstəxanadan yeni çıxmışıq. Ev şəraitimiz acınacaqlı olduğundan, nəmişlikdən əziyyət çəkirik. Sağ olsun oğlumun dostları yenə onlar bizə dəstək olurlar. Yaşadığımız Günəşli bağ massivinə oğlumun adını verdilər. İstəmirəm ki, küçəmiz də oğlumun qaranlıq dünyası kimi qaranlıq olsun. Küçələrimiz qaranlıq zülmət içindədir. İşıqlanma sistemi yoxdur. Bir yerə gedəndə yenə sağ olsunlar bu uşaqlar gəlib bizi aparırlar. Oğulsuz yaşamaq çətindir. Dərdini özgəyə bir dəfə deyirsən, ikinci dəfə demək olmur”.

Şəhidin atası Kamran kişi isə öz övladı haqqında bu sözləri dedi: 23 yaşı olmasına bamayaraq, ailəcanlı övlad idi. Vətənpərvər idi. Elə onunla birgə vuruşlarda iştirak etmiş iki dostu – Qabil də, Cavid də elə idi. Onlar ermənilərin 2 postunu almışdılar. Üçüncü postu alanda onları vurdular: üç dost şəhid oldu”.

Şəhidin dostu Elnur Qarayevin sözlərinə görə, Adil haqqında çox yazmaq, danışmaq olar, lakin mən qısaca demək istəyirəm ki, o, qəhrəmanlıq göstərib: “Milli Qəhrəman adına layiqdir o. Yeri gəlmişkən, onu da deyim ki, hər bir şəhidimiz bizim qurur mənbəyimizdir. Şəhidlik elə bir zirvədir ki, o zirvəyə hər kəs yüksələ bilmir. Bu zirvəni fəth edənlərə isə fateh deyirlər. 23 illik qısa ömür sürən Adil, bu zirvəyə yüksəldiği üçün ailəsinin hər kəsin sevimlisinə çevrildi. Mən Adilin atası və anası qarşısında baş əyirəm, təşəkkür edirəm ki, belə bir övlad böyütdüblər. Arzumuz budur ki, işğal altındaki torpaqlar azad olunsun”.

 

Esmira Hidayətova, Mingəçevir.