Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Milli Məclisin deputatı Fatma Yıldırım Şirvanlı hamamına baxış keçirib

233

 

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova və VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunun Şirvanlı kəndində yerləşən Şirvanlı hamamına baxış keçirib. Baxış çərçivəsində tarixi abidə barədə ətraflı məlumat verilib, abidə ilə yaxından tanış olub. Bildirilib ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir.

Sözügedən abidələrdən biri də XVIII-XIX əsrlərə aid Şirvanlı hamamıdır. Şirvanlı kəndindəki hamam nəinki Bərdə rayonunun, eləcə də Qarabağ bölgəsinin nadir tarixi abidələrindəndir. Hamam XVIII-XIX əsrlərdə Seyid Heydər tərəfindən inşa olunub. İki böyük zaldan və kiçik hücrələrdən ibarət Şirvanlı hamamına nəinki kənd əhalisi, eyni zamanda ətraf bölgələrdən də gəliblər. Hamamdan həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar istifadə edib. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır. Hamam XX əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib. Hamam tarixi abidə kimi dövlət qeydiyyatındadır, qorunur və gələcəkdə təmir olunması nəzərdə tutulmuşdur.

Esmira Hidayətova, Bərdə