“Bərbərlərin nisyə dəftərləri olmur”

0
886

 

 

Qvami Məhəbbətoğlu

Metronun Nərimanov stansiyasının yaxınlığında (M. Məmmədzadə 11-də) fəaliyyət göstərən kişi salonunda təcrübəli bərbərlər çalışırlar. Onlardan biri də Cəlil Qəhrəmanovdur. Onunla elə iş başında həmsöhbət olduq. O, iş görə-görə suallarımızı cavablandırmağa başladı. Bəri başdan deyək ki, Cəlil Qəhrəmanov Ermənistanın Zəngibasar (Masis) rayonunun Sarvanlar kəndindəndir. Dediyinə görə, bir müddət Sarvanlarda kinomexanik kimi fəaliyyət göstərib. 1988-ci ildə məlum hadisələrlə əlaqədar doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Elə o vaxtdan Bakının Binəqədi rayonunda məskunlaşıb. Onunla söhbətimizin mabədi bu şəkildə davam etdi…
– Bakıda məskunlaşdıqdan sonra “Dostluq” kinoteatrında mexanik kimi işləməyə başladım. Lakin az sonra bu işlə ailə saxlamağın çətin olduğunu dərk etdim. Bir müddət “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatında çalışdım. Ondan da bir şey çıxmadığını gördüm. Məhz o vaxt hansı işi bacarıb-bacarmadığımı götür-qoy etdim. Çox düşünmədən bərbərliyə üstünlük verdim (Onda Bakıda bu işlə məşğul olanların sayı çox deyildi). Yeri gəlmişkən, onu da deyim ki, mən bu sənətin sirlərini elə Sarvanlar kəndində olarkən qardaşım Nəsirdən öyrənmişdim. Üstəlik, həm kənddə, həm də hərbi xidmətdə bu sahə üzrə müəyyən təcrübə qazanmışdım. Onu da deyim ki, bu sahə üzrə heç bir məktəb də bitirməmişəm. Buna baxmayaraq, bu işə professional kimi başlayanda elə bir çətinliklə rastlaşmadım. Artıq 25 ildən çoxdur ki, bu sahədəyəm.
– Bakıda ilk müştərinizi necə xatırlayırsınız?
– Nəinki ilk müştərimi, üstəlik, ilk işimdə keçirdiyim həyəcanı da unutmamışam. İlk müştərim bir podpolkovnik olub. Elə ki onun üzünü sabunlayıb, qırxmağa başladım həyəcandan əllərim əsməyə başladı. Bundan duyuq düşən podpolkovnik məndən daha bir dəsmal istədi. Və həmin dəsmalla paqonlarının üstünü örtərək dedi: “Mən də sənin kimi adi bir insanam, heç narahat olma, rahat işlə…” Onun bu sözlərindən sonra elə rahat oldum ki…
– Həmin polis işçisi, əgər belə demək mümkünsə, dəlləkliyi onun başında öyrənməyinizdən duyuq düşdümü?
– Yox… Üstəlik o, işimdən razı qaldı, hətta təşəkkür də etdi… Çünki podpolkovnik məni paqonlarının zəhminin basdığını güman etmişdi. Amma nə gizlədim. Bu ilk işimdən sonra “Uzaq sahillərdə” filmində özünü lallığa vurmuş və sonradan özünə gəlməkdə çətinlik çəkən kişi kimi bir müddət özümə gələ bilmədim. Yəqin ki, həmin epizodu xatırlayırsınız… Onu da deyim ki, bu, mənim iş başımda son həyəcanlanmağım oldu. Hə, onda Binəqədidəki bərbər salonlarının birində işləyirdim.
– Bir halda ki, filmdən misal çəkdiniz. Sizcə, bu sənəti incəsənət adlandırmaq olarmı?
– İncəsənət deyə bilmərəm, amma bərbərlik mənim aləmimdə incə sənətdir. İnsanın daxilində qabiliyyət olmalıdır ki, bu incə sənətə mükəmməl yiyələnə bilsin. Üstəlik, həvəs də olmalıdır. Həvəs olmayanda heç bir peşəyə yiyələnmək mümkün deyil. Məncə, həvəs bütün peşələrdə mühüm rol oynayır.
– Cəlil bəy, müşahidələrimə əsasən deyə bilərəm ki, indi hər kəsin, demək olar ki, öz bərbəri var.
– (Gülərək) Bilirsinizmi, baş bədənin ən mühüm hissəsidir. Yəqin, elə buna görə hər adam başını hər bərbərə etibar etmir. Tanıdığı, qabiliyyətinə bələd olduğu sənətkara güvənir.

berber2

“A bala, mənim bığım necə oldu?”
– İndi nisyə mal almaq moda minib. Bəs başını, üzünü nisyə qırxdıranlar olurmu?
– Yox, mənim belə müştərilərim olmayıb. Heç mənim, eləcə da yoldaşlarımın nisyə dəftərləri də yoxdur. Hətta deyərdim ki, bərbərlərin nisyə dəftərləri olmur. Amma pulunu evdə unudanlar olub. Onlar da zəhmət haqqımı sonradan gətirib çatdırıb.
– Hazırda hansı saç düzümü dəbdədir?
– İndi cavanların çoxu daha uzun saç saxlamağa üstünlük verirlər. “Ukladka”ya, yəni saçı yuxarı qaldırmağa meyil edənlər də var. Bir qədər yaşlılar “polboks”a üstünlük verirlər. Amma mən məsləhət görərdim ki, cavanlarımız xarici filmlərdə gördükləri hər saç düzümünü başlarında görmək istəməsinlər. Çünki üz quruluşuna görə hər saçın öz forması var… Məsələn, girdəsifət adamların saçını yanlardan çox götürmək doğru deyil…
– Başınıza gələn bir maraqlı hadisə danışa bilərsinizmi?
– O qədər maraqlı hadisələr olur ki, sadəcə olaraq, belə söhbətlərdə nədənsə onları xatırlamaq olmur. Bir dəfə üz-gözündən yorğunluq tökülən bir ortayaşlı kişi gəlib dedi ki, bəs saçımı-üzümü abıra sal. Stula oturan kimi də gözlərini yumdu (Bizdə müştərilərin üz qırxdırarkən gözlərini yummaları adi haldır). Uzun sözün qısası, kişinin üzünü qırxıb odekolon vuranda o ayıldı. Və birdən dilləndi: “A bala, bəs mənim bığım necə oldu?” Dedim, a kişi, bığın yerindədir də. Elə ki gözü güzgüyə sataşdı, dedi ki, bala, bağışla, bəs yuxumda gördüm ki, bığımı qırxmısan.
– Müştəriləriniz əsasən kimlər olur?
– Bütün yaş qruplarından müştərilərim var.
– Bəs daimi müştəriləriniz kifayət qədərdir?
– Onların sayı 25-i ötüb. Nə gizlədim, elə onların sayəsində planı ödəyirəm. Hətta elə müştərilərim var ki, 20 ildən çoxdur ki, saç qırxdırmağa mənim yanıma gəlirlər. Onu da deyim ki, mən indiyədək bir neçə salon dəyişmişəm. Müştərilərim çətinliklərə baxmayaraq, məni axtarıb tapıblar. Məni çoxdan tanıyanlar öz tanışlarını, dostlarını da yanıma gətirirlər. Bəzən evlərə də dəvət alıram.

“Səbirsiz adam bərbər ola bilməz”
– Müştərilərlə münasibətləri necə qurursunuz?
– Bəri başdan deyim ki, mən müştərinin üzünə baxan kimi onun haqqında müəyyən məlumat əldə edə bilirəm. Bu mənada, demək olar ki, adam tanıyanam. Odur ki, kiminlə söhbətə necə, haradan başlayacağımı bilirəm. Bir sözlə, müştərilərlə münasibətim əladır, hətta dostlaşdığım müştərilər də var.
– Onların arasında, yəqin ki, tanınmışlar da var…
– Təbii ki, var. Amma mən onların adlarını çəkmək istəmirəm. Təkcə tanınmış müğənni, dünyasını dəyişmiş Rufət Mehdiyevi (Allah rəhmət eləsin) xatırlamaq istərdim. Bir də görürdün zəng edib deyir ki, bəs klip çəkilişlərim var, mənim saçımı, üzümü abıra sal… Hə, bir də o zarafatı çox sevərdi. Elə ki stula oturdu, başlardı şirin söhbətlərə…
– Şıltaq, yəni iş prosesində öz müdaxilələri ilə seçilən müştəriləriniz çoxdur?
– İş prosesində hər cür adamla qarşılaşırıq. Onların arasında şıltağı da olur, heç danışığını bilməyəni də… Amma biz onları da yola vermək zorundayıq. Bu mənada bizim peşədə səbir mühümdür. Məncə, səbirsiz adam bərbər ola bilməz.
– Cəlil bəy, bəs adamın saçına baxmaqla onun xarakterini müəyyənləşdirmək olurmu?
– Saçına baxıb insana qiymət vermək çətindir… Odur ki, bu barədə başqa fikir yürüdə bilmirəm.
– Nə əcəb indiyədək özünüzə məxsus bir salonunuz yoxdur?
– Var idi. Salonun ərazisi plana düşdü. Sonradan isə salon açmaq imkanım olmadı, yəni vəsaitim çatmadı. İnşallah, nə vaxtsa öz salonumuz da olar.

“Bura sizə görə gəlmişəm”
– Öz saçınızı kimə etibar edirsiniz?
– Öz iş yoldaşlarıma.
– Bəs deyirlər, bərbərlər öz saçlarını özləri qırxırlar…
– Mümkündür, amma bu çox vaxt aparan bir işdir.
– Şagirdiniz varmı?
– Var… Amma nə gizlədim biz onlara bu sənətin nəzəriyyəsini öyrədirik. Bilirsinizmi niyə? Müştərilərimiz şagirdləri yaxına buraxmırlar. O dəqiqə deyirlər ki, ay usta, axı biz bura sənə görə gəlmişik…
– Yeri gəlmişkən, sizə usta, yoxsa bərbər deyəndə ürəyinizcə olur…
– Hər halda, usta sözü daha tutumludur. Təbii ki, usta deyəndə…
– Cəlil bəy, sizin sənətinizi kimi bərbər, kimi də dəllək adlandırır… Bu fikrə sizin münasibətiniz necədir?
– Mənim bildiyim, həm də oxumuşlardan öyrəndiyim budur ki, baş və üz qırxmaqla məşğul olan adama həm bərbər, həm də dəllək deyilir. Amma bir iş var ki, son vaxtlar dəllək sünnət əməliyyatını həyata keçirənlərə deyilir. Bu mənada saç ustalarına dəllək kimi müraciətin əleyhinəyəm. Yəni zaman keçdikcə bu söz özünə yeni bir çalar qazanıb. Yeri gəlmişkən, əvvəllər saç, üz qırxanlar həm də dəlləklik ediblər.
– Əgər sirr deyilsə, saça görə müştəridən nə qədər vəsait tələb olunur.
– Biz standart qiymət tətbiq etmirik. Kim nə verirsə, “min bərəkət” deyib ona qane oluruq.
– Bərbər kimi ailə dolandırmaq çətin deyil ki?
– Bilirsiniz, əvvəllər bərbər salonları az idi, bir şey də qazanmaq olurdu. İndi, maşallah, demək olar ki, hər tində bir salon var… Amma mən buna da şükür deyirəm. Yəni heç vaxt naşükürlük etmirəm.
– Saç qırxdırmaq bəzi insanların yadına toydan-toya, bayramdan-bayrama düşür…
– Elə adamlar çoxdur. Mənim fikrimcə, belələri öz başlarına qiymət verməyi bacarmayan adamlardır. Hətta bəziləri deyirlər ki, Cəlil bəy, sən saçımızı qırxandan-qırxana başımıza daraq dəyir.

Ordan-burdan
– Cəlil bəy, qadının kişi saçı kəsməsinə və yaxud kişinin qadın saçı kəsməsinə münasibətinizi də bilmək istərdik.
– Birmənalı şəkildə deyirəm, mən buna normal baxmıram. Bir də ortada mentalitet məsələsi var axı…
– Yeri gəlmişkən, məlumatlara görə Bakıda fəaliyyət göstərən bərbərxanalarda sterilizasiya qaydalarına əməl olunmur. Bu da nəticədə əhali arasında Hepatit C, SPİD və digər xəstəliklərin yayılmasına səbəb olur.
– Başqa bərbərxanaları deyə bilmərəm, amma biz birdəfəlik alətlərdən istifadə edirik. Bir dəfə istifadə olunmuş lezvanı isə yararsız əşya kimi atırıq.
– Məncə, bərbərlərin hüquqlarının müdafiəsi ilə bağlı bir cəmiyyət yoxdur…
– Əvvəllər var idi, indi yoxdur. Amma olsa pis olmaz.
– Yurd-yuvanız yadınıza düşəndə hansı hissləri keçirirsiniz?
– Onu dillə izhar etməkdə çətinlik çəkirəm.
– Asudə vaxtlarınızda nə işlə məşğul olursunuz?
– Elə bir hobbim yoxdur. Sadəcə olaraq, həyətimdəki ağaclara qulluq edirəm və bundan xüsusi ləzzət alıram.
– Vaxt var idi, bərbərlər ülgücdən istifadə edərdilər…
– İndi onlara ancaq muzeylərdə rast gəlmək olar. Bilirsinizmi, indi inkişaf, tərəqqi dövrüdür. Bu mənada biz də bu sahə üzrə bütün yenilikləri tətbiq etməyə çalışırıq…