Bərəkət çoxluqdan deyil, çoxluq bərəkətdən doğar

0
563

Alış-veriş mərkəzlərinin sayının artması bizə mal və məhsullar almaq baxımından yeni imkanlar qazandırmaqla yanaşı, alış-veriş ədəbimizi də dəyişdirib. Məsələn, əvvəllər insanlar alış-verişə yalnız ehtiyac olduğu təqdirdə gedərdilər, amma indi müəyyən ailələr, şəxslər də var ki, onlar ticarət və alış-veriş mərkəzlərinə əylənmək, istirahət etmək, vaxt keçirmək üçün üz tuturlar. İlk baxışdan deyə bilərsiniz ki, burada qeyri-adi nə var ki? Söhbət ondan gedir ki, ehtiyac və zərurət nəzərə alınmadan üz tutulan bazar və mağazalarda edilən bu alış-verişlər qazancın bərəkətini qaçırır.

Varlı ailələrdə “ehtiyaclar” tükənmir
Günümüzdə elə ailələr var ki, gəlirləri kifayət qədər olduğundan onlar üçün çox pul xərcləmək heç də problem yaratmır. Odur ki, belə ailələrdə nə vaxt, nəyin alınacağı çox vaxt öncədən bilinmir. Çünki pul olduğu kimi, ehtiyaclar da çox olur…
Hər ailədə ehtiyac olur, amma varlı ailələrdə “ehtiyaclar” tükənmir.
Amma, necə deyərlər, yalnız maaşla, günəmuzd qazancla dolanan ailələr də var ki, orada plansız xərcləmələr, nəzərdə tutulmayan xərclər ümumi büdcəni əməlli-başlı “sarsıdır”. Odur ki, belə ailələrin çox vaxt planlı iş görmələri vacibdir. Yəni bazarlıq öncədən planlaşdırılmalı, lazımsız xərclərdən mümkün olduğu qədər qaçılmalı, qənaət əsas tutulmalıdır və s.

Ehtiyac səviyyəsinə uyğun alış-veriş etmək mədəniyyəti
Yəqin razılaşarsınız ki, hazırda müxtəlif reklamlar və kampaniyalar çərçivəsində kifayət qədər populyarlıq qazanmış alış-veriş mərkəzləri insanları dolayı yollarla özlərinə cəlb etməyi bacarıblar.
Məsələn, tutaq ki, şəhərə gəzməyə çıxan bir ailə yolunu dəyişib ticarət mərkəzinə daxil olanda alış-veriş etməyi nəzərdə tutmur. Amma içəri daxil olandan sonra ya uşaqların təsiri ilə, ya da buradakı mağazaların birinin cəzbedici təklifi ilə valideynlər əllərini ciblərinə atmalı olurlar.
Elə ailələr də var ki, bir dəfə, iki dəfə alış-verişə getdikdən sonra bu, onlarda adət halını alır. Yəni onlar parka, sakit bir yerə gəzməyə getdikləri kimi, ticarət mərkəzlərinə də getməyi “tələbata” çevirirlər. Amma ekspertlər bu qənaətdədirlər ki, zəruri halları çıxmaq şərti ilə bu cür məkanlarda vaxt keçirmək uyğun deyil. Bütün hallarda, insanlar israfa yol vermədən ehtiyac səviyyələrinə uyğun alış-veriş etmək mədəniyyətinə sahib olmalıdırlar.

Qənaəti xəsislik kimi başa düşməyin
Yüz illərin sınağından çıxmış qənaət hər zaman faydalıdır. Amma bəzi insanlar da var ki, qənaəti xəsislik kimi başa düşürlər. Qənaət etmək insanların zəruri ehtiyaclarından kənara çıxmamaları deməkdir. Tutaq ki, ortabab maddi vəziyyətə sahib bir ailənin televizoru xarab olduğundan yenisini almağa məcburdur. Ailə üzvləri öz gəlirlərini, xərclərini, digər mövcud imkanlarını nəzərə alıb, bazarı da mümkün olduğu qədər araşdırdıqdan sonra uyğun qiymətə bir televizor seçirlər. Əgər televizor kreditə götürülürsə, yenə də maddi imkanlar nəzərə alınır ki, aylıq ödənişlərdə problem yaşanmasın…
Bir də var ki, evdə normal bir televizor var, ailə ortagəlirlidir, aylıq xərclər də kifayət qədər çoxdur. Amma bu ailə heç düşünmədən, planlaşdırmadan qərar verir ki, evə bahalı televizor alınmalıdır. Qərar bu gün verilir, televizor sabah alınır. İlk baxışdan hər şey normaldır, amma elə ki, bir müddət keçir – ödəniş vaxtı çatır və ya digər xərclər ortaya çıxır – problemlər özünü göstərməyə başlayır.
Odur ki, iqtisadçılar da, ailə büdcəsinin planlaşdırılması ilə məşğul olan mütəxəssislər də hər zaman planlı alış-verişin əhəmiyyətini vurğulayırlar. Bir ailənin bir ay ərzində aldığı məhsulların siyahısı, hətta çəkisinə qədər məlumdur (Xırda-para dəyişikliklər ola bilər-red). Odur ki, bütün hallarda planlı alış-veriş ənənəsinin formalaşdırılması bir ailənin büdcəsinə qənaət baxımından çox lazımlıdır.

Qazandığın pulu necə xərcləyəcəyini bilmək əsasdır
Bəzi insanların qənaəti xəsislik kimi başa düşdüklərini qeyd etdik. Amma müəyyən ailələr də var ki, sözün həqiqi mənasında, israfa yol verirlər. Bədxərclik onlar üçün o qədər normallaşıb ki, onlara elə gəlir ki, qənaət etmək xəsislik etməkdir. Əslində isə yazımızda qeyd etdiyimiz kimi, qənaət bu anlama gəlməməkdir. Qənaət sənin üçün, ailən üçün zəruri ehtiyacların ödənilməsindən kənara çıxmamaq kimi başa düşülməlidir. “Qənaət edən adam ailəsinə, onun istirahətinə pul xərcləmir” düşüncəsinə sahib olmaq olmaz.
İqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Rüstəmov deyir ki, ailə büdcəsinin xərclərini idarə edərkən həll olunması vacib olan məsələlərdən biri də ailənin yaşayış standartının müəyyənləşdirilməsidir: “Ailənin gəliri ilə uyğunluq təşkil etməyən həyat standartları dayanıqlı olmur, maddi və mənəvi rifah halını təmin etmir, əksinə, diskomforta, ailədə lüzumsuz söz-söhbətlərə və mənəvi depressiyalara gətirib çıxarır”. İlham Rüstəmovun dediyinə görə, ailə büdcəsinə qənaət edənlər özlərini maddi və psixoloji cəhətdən sığortalamış olurlar.
“Ailəm” jurnalının redaktoru Aydın Ucal isə hesab edir ki, ailənin qənaəti büdcənin necə tənzimlənməsindən asılıdır: “Ailə ay boyu nə qədər vəsait xərcləndiyini bilmirsə və onları minimuma endirmək barədə düşünmürsə, qənaət əldə etmək mümkün deyil. Hər bir ailə, əvvəlcə, özünün mənfi və müsbət tərəflərini aşkarlamalı, sonra mənfi cəhətləri aradan qaldırmaq üçün tədbirlər görməlidir. Bu işin başlanğıc nöqtəsi xərclərin qeydə alınmasıdır. Ayın sonunda bütün göstəricilər toplanaraq, ümumi hesablama aparılmalıdır”. Aydın Ucal da bu fikirdədir ki, əsl məharət çox şeyə sahib olmaqda deyil, sahib olduğun az şeylə problemlərini həll edə bilməkdir.

İqtisadçıların bir məntiqi də var: illah da çox pul qazanmaq əsas deyil, qazandığın pulu necə xərcləyəcəyini bilmək əsasdır.
Pulunuzu boş-boş şeylərə xərcləməkdənsə, israfı həyat standartına çevirməkdənsə, onu lazımlı bir işə xərcləməklə, zəruri ehtiyacınıza sərf etməklə həyatınızı, yaşam şəraitinizi yaxşılaşdırın…Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here