Bəndələrə əl tutan Əli kişi

0
395

Qədirov Əli Ədil oğlu 1917-ci ildə Quba rayonunun Alpan kəndində, Vəlibəylilər nəslinə aid varlı bir ailədə anadan olmuşdur. 1927-ci ildə  Alpan kənd məktəbinin I sinfinə getmiş, 1934-cü ildə həmin məktəbin 7-ci sinfini bitirmişdir. Onun 10 yaşında birinci sinfə getməsi çox güman ki, babası Yüzbaşı Qədir bəyin bolşeviklər tərəfindən qolçomaq kimi sürgün edilməsi ilə əlaqədar olub.

Müəllimlikdən başlayan yol

O zamanlar müəllim olmadığı üçün 7 və 10 illik təhsili olan gəncləri məktəblərə göndərərdilər. Onlar ibtidai və 7 illik məktəblərdə müəllim kimi fəaliyyət göstərərdilər.

1934-cü il sentyabr ayının 1-dən Əli müəllim rayonun Mirzəmmədkənddə pedaqoji fəaliyyətə başlayır. O, bir il çalışdığı bu kənddə camaatın dərin hörmətini qazanır. Həmin kəndin sakini  mərhum Əliheydər dayı Əli müəllimdən söz düşəndə onun yüksək mədəniyyətindən, böyüklərə göstərdiyi ehtiramdan, gülərüz və ünsiyyətcil bir gənc olmasından ağızdolusu danışardı.

 1935-ci ildə Quba Kənd Təsərrüfatı Texnikumuna daxil olan Əli müəllim burada baytar-feldşer ixtisasına yiyələnir. 1939-cu ildə, daha doğrusu, texnikumu bitirən kimi Quba Kənd Təsərrüfatı İdarəsində öz ixtisası üzrə işə başlayır. Vəzifəsi təkcə bir kolxoz və ya təsərrüfatla məhdudlaşmır. Belə ki, o, baytarlara böyük ehtiyac olduğu üçün baytarlıq üzrə sahə müvəkkili kimi fəaliyyət göstərir.

1940-cı ildə Seyidli kəndinin bəyi olmuş Zülfüqar bəyin oğlu Balaca bəyin qızı Şəfixanımla ailə həyatı qurur. Lakin onların ailə səadəti uzun çəkmir. Belə ki, o, 1942-ci ildə ordu sıralarına çağırılır.  Onun hərbi xidməti  Qroznı şəhərindəki ümumqoşun məktəbindən başlayır. 1943-cü ildə həmin məktəbi kiçik leytenant rütbəsi ilə başa vuran Əli müəllim 90 saylı atıcı alayında vzvod komandiri kimi hərbi xidmətini davam etdirir. 1944-cü ildə 283-cü atıcı briqadada vzvod komandiri kimi Zakarpatyaya qədər döyüş yolu keçir. O, döyüşlərin birində bombardman zamanı torpaq uçqunu altında altında qalır və kontuziya alır. 13800 saylı tibbi sanitar batalyonunda müalicə olunduqdan sonra döyüşən orduya yararsız hesab edilir və arxa cəbhəyə göndərilir. Quba rayon hərbi komissarlığında ona cəbhə üçün ərzaq və digər şeylərin tədarükü ilə bağlı iş tapşırılır. Bu işin icrası zamanı o həm də bir sıra maraqlı hadisələrin şahidi olub. Əli müəllim deyərdi: “Bir dəfə Susay kəndinə cəbhəyə göndəriləcək atların arxasınca getmişdim. İşin gedişatı ilə tanış olub əlaqədar adamlara müəyyən tapşırıqları verdikdən sonra geri qayıdırdım. At belində idim. Çiynimdə qoşalülə tüfəng, belimdə də patrondaş. Aylı, şaxtalı bir gecə idi. Yerdə qalın qar vardı. Gərəy kəndi ilə Uzunmeşə kəndinin arasındakə yol ilə, daha doğrusu, Quruçayın sahili ilə gəlirdim. Qəfildən at dayandı. Təəccübləndim. Atı sürməyə çalışsam da, yerindən tərpənmədi. İrəli baxdım. Bir qədər aralıda iki heyvanın oynaşdığını gördüm. Düz yolun ortasında tullanıb düşürdülər. Bura kənd-kəsəkdən uzaq bir yerdir. Mən onları əvvəlcə itlər zənn etdim. Lakin az sonra: “İtlərin burada nə işi var?” deyə düşündüm. Diqqətlə baxdıqda bunların it yox, canavar olduğunu başa düşdüm. Əvvəllər ov həvəskarı olsam da, bu hiyləgər və namərd heyvana heç vaxt rast gəlməmişdim. Canavarı görən insanı vahimə basdığını çox eşitmişdim. İndi isə 3 il müharibənin od-alovundan keçən, başına yağan bombaların, top mərmilərinin dəhşətli partlayış səslərini milçək vızıltısı belə hesab etməyən bir adamın canavar görən zaman necə üşəndiyinin şəxsən şahidi oldum. Əlimi tüfəngə atıb canavarlara tərəf atəş açdım. Hərəsi bir tərəfə qaçdı. At da çaparaq qaçmağa başladı. Hər iki tərəfdən canavar ulartısı eşidilməyə başladı. Onların səsinə başqaları da qoşuldu. Səslərindən bir-birini xəbərdar etdiklərini və məni mühasirəyə almağa çalışdıqlarını başa düşdüm. Arxaya baxdım, 4-5 canavarın arxamca qaçdığını gördüm. Gözəyarı arxaya atəş açdım. Canavarlar yenə də meşədə gizləndilər. At isə dördnala çapmağında idi. Hərdən geri çevrilir atəş açır, yırtıcıları qorxudurdum. Nə isə… Onlar məni Alpana qədər qovdular. Kəndin işıqları görünən zaman məni təqib etməkdən əl çəkdilər. Əgər canavarları hücumu zamanı atdan düşüb bir kənara çəkilsəydim, vəhşilər atın dalınca düşəcək və mən təhlükədən azad olacaqdım. Mən isə sonradan neçə il mənə yoldaş olmuş, dəfələrlə təhlükədən qurtarmış o vəfalı heyvana vəfasızlıq edə bilməzdim”.

“Özünə yazığın gəlsin”

Böyük Vətən müharibəsi başa çatandan sonra Əli müəllim ordudan tamamilə tərxis olunur və 31-ci polkun ehtiyat zabit heyətinə daxil edilir. Yenidən kolxozda öz ixtisası üzrə baytar həkim və müxtəlif dövrlərdə ferma müdiri vəzifəsində çalışır.

Müharibə qurtarsa da ağrı-acısı davam edirdi Əli müəllimin. Belə ki, cəbhədə “qazandığı” mədə yarası onu daha çox incitməyə başlayır. Bununla bağlı müalicə olunsa da bir nəticə hasil olmur. Elə bu səbəbdən həyatının son 4-5 ilində yataq xəstəsinə çevrilir və  1970-ci il 25 martda dünyasını dəyişir.

Qeyd edək ki, Əli müəllim hər zaman yıxılanın əlindən tutan şəxslərdən olub. Bununla bağlı da iki əhvalatı da nəzərinizə çatdırmaq istərdik. Amma nəzakət xatirinə ad çəkməyəcəyik. Müharibədən sonrakı ağır illərdə kəndimizin namuslu, kişi qeyrətli qadınlarından birini heyvandarlıq fermasında briqadir vəzifəsinə təyin etmişdilər. Bir dəfə bu zəhmətkeş anamızın baxılmasına məsul olduğu atlardan biri ölür. O vaxtlar kolxozun bir heyvanın ölməsi faciəyə bərabər idi. Ata qulluq edən şəxsi isə ən yaxşı halda yaxınlıqda olan həbsxana gözləyirdi. Adam Sibirə sürgünü də gözaltına ala bilərdi. O zaman hər bir baytar da ölmüş heyvanın aktını yazmağa qorxardı. Çünki onun özünü də çək-çevirə salırdılar. Həmin qadın başına gələn bu hadisəni ağlaya-ağlaya Əli müəllimə danışır. Əli müəllim də atın baxıcısından asılı olmayan səbəblər nəticəsində öldüyü ilə bağlı akt tərtib edir. Bununla da bir ailəni həbsxana təhlükəsindən xilas edir.

 Digər bir əhvalat isə… Bir dəfə də Mərkəzi Komitənin məsul işçilərindən biri rayona yoxlamaya gəlir. Həmin adam yoxlama zamanı Əli müəllimin yazdığı aktları bir tərəfə yığaraq, onu yanına çağırtdırır və məzəmmət edir. Üstəlik deyir ki, bəs, cavan oğlansan, özünə yazığın gəlsin. Əli kişi aktların real faktlar əsasında tərtib etdiyini söyləsə də, həmin adam təbəssümlə: Özünü qoru, – deyir və əlavə edir, – bir də belə şeylərə yol vermə.

Qeyd edək ki, Əli müəllimin ailəsində 8 uşaq (5 bacı, 3 qardaş) dünyaya gəlib.

Qvami Məhəbbətoğlu

P.S. Bu yazı Əli müəllimin oğlu Neman Qədirbəylinin söylədikləri əsasında qələmə alınıb.