Bəlkə “Neftçi”dən ayağınızı çəkəsiniz?!

0
613

Bu günlərdə internetdə gəzişərkən (son günlər belə gəzintilərə tez-tez çıxıb “hava”mı dəyişirəm) çox hörmətli yazarımız, həm də “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin bir müsahibəsi ilə rastlaşdım. Diqqətimi çəkdiyi üçün onu diqqətlə oxudum. Çingiz müəllim həmin müsahibəsində deyir ki, bəs yazıçının kitabları oxunmursa, bundan böyük faciə yoxdur. Hə, daha sonra Çingiz müəllim ərz edir: “Mən inanıram ki, insanlar mənim enerjimi hiss edirlər və bəlkə də ona görə əsərlərimi mütaliə edirlər. Elə olub ki, yolda maşınla gedərkən öz kitabımı əlimə alıb oxumuşam. Sürücü mənə tərəf çevriləndə görüb ki, ağlayıram”. Bax məhz onun bu sözləri məni özümdən çıxardı, odur ki, ona bəzi suallarla müraciət etmək fikrinə düşdüm.
Çox hörmətli Çingiz müəllim, “Nefçi”də Müşahidə Şurası təşkil olunandan və siz bu quruma sədr seçiləndən bəri komandanın üzü əsla gülmədi. Yəni “Neftçi” nə Topaz Premyer Liqasında, nə də ölkə kubokunın finalında öz sözünü deyə bilmədi. Nəticədə bu mövsümdə “flaqman” kimi təqdim olunan bu komanda titulsuz qaldı. Təbii ki, bu uğursuzluğu bütövlükdə sizin ayağınıza yazmaq fikrində deyildim. Lakin birdən-birə “ayağı düşməmək” ifadəsi yadıma düşdü. Yəqin, siz də bilirsiniz, bizlərdə “ayağı düşməmək” kimi bir ifadə var. Sözün düzü, bir zamanlar mən bu ifadəyə, daha doğrusu, ayaqla bağlı bu ölçüyə əsla fikir verməzdim. Hətta deyərdim ki, fikir verməyin, boş söhbətdir. Lakin sizin “Neftçi”yə gəlişinizdən sonra bu komandanın uğursuzluqlarını görəndə daşı ətəyimdən tökdüm, üstəlik, bu el kəlamına nəhs gətirənləri qınadım da… (Onu da deyim ki, mən belə bir fikrə əsla birdən-birə gəlmədim. Onu dəfələrlə sınaqdan keçirtdim). Odur ki, sizə bu yerdə bir məsləhət də vermək istəyirəm, bəlkə “Neftçi”dən ayağınızı çəkəsiniz, hə? Bir də başınıza dönüm, elə bilməyin ki, mən kimlərinsə sifarişi ilə sizə belə bir məsləhət verirəm. Əsla, yox… Çünki indiyədək mən ürəyimdən heç kimin, yaxud heç nəyin qulu, yaxud aləti olmamışam.
Ay Çingiz müəllim, vallah, xeyli vaxtdır, daha doğrusu, siz həmin posta gələndən, (ola bilsin gətiriləndən) sonra futbolla kitab arasında hansı oxşar cəhətlərin olduğunu dəfələrlə araşdırmağa cəhd etdim. Lakin elə bir oxşarılıq tapa bilmirdim ki, bilmirdim. Amma son günlər belə bir qərara gəlmişəm ki, sən demə, oxşarlıq varmış. O oxşarlıq da ondan ibarətdir ki, futbolun da azarkeşləri olur, kitabın da…
İndi də gələk, sizin o cahanşümul “yazıçının kitabları oxunmursa, bundan böyük faciə yoxdur” fikrinizə… Elə isə mənə deyin görüm, son günlər keçirdiyiniz yarışlara neçə nəfər azarkeş gəlmişdi? Yadınızda yoxdursa, xatırlayım: barmaqla sayılası qədər… İndi deyin görüm, rəhbərlik etdiyiniz klubun oyununa azarkeşlərin gəlməməsi faciə deyilmi? Yəni bu elə sizin kimi dünya şöhrətli bir yazıçının kitabının oxunmaması kimi bir şey deyilmi? Bəlkə, mən səhv edirəm? Hər halda, həmin o fikrinizdən doğan məntiqi nəticə belədir. Mən haradasa sizin bu posta yeni gələndə söylədiklərinizi, gördüyünüz “işləri” komediyaya da bənzədə bilərdim. Lakin bir qədər şitlik etmək istəmədim. Amma güman edirəm ki, “Neftçi” sizin komediya janrında yazacağınız ilk və son əsəriniz olacaq. Belə bir janrda əsər yazmağın sizin üçün olduqca çətin olduğunu da bilirəm. Narahat olmayın, mənə elə gəlir ki, artıq özünüzdən xəbərsiz sizə belə bir əsər yazdırırlar. Elə baş qəhrəman da siz olacaqsınız.
İndi də gələk sizin: “Elə olub ki, yolda maşınla gedərkən öz kitabımı əlimə alıb oxumuşam. Sürücü mənə tərəf çevriləndə görüb ki, ağlayıram”. Çox hörmətli, Çingiz müəllim, bəs heç “Neftçi”nin oyununa baxanda sizi ağlayan görən olubmu? Hər halda, mən belə bir məlumata rast gəlməmişəm. Amma sizi inandırım ki, “Neftçi”nin bu durumu onun bütün azarkeşlərini yasa qərq edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here