“Bəlkə həmişə təkcə özümüzü fikirləşdiyimiz üçün bu vəziyyətdəyik?”

Nə qədər qəribə və təəssüf doğuran hal olsa da, Azərbaycanın bəzi rayonlarında heyvan cəsədləri Kür çayına atılır. Bu halın tez-tez şahidi olanlardan biri də Zərdab rayon sakinləridir.
 Rayon sakini Fəqan Rəşidov bizimlə söhbətində dedi ki, əvvəllər də Kür çayında ölmüş heyvan cəsədlərinə rast gəlinirmiş, ancaq tək-tük hallarda olduğuna görə,  əhali buna o qədər də ciddi əhəmiyyət verməzmiş. Lakin son vaxtlar rayonlarda heyvanlar arasında nodulyar dermatit xəstəliyinin yayılması əhalini təşvişə salıb: “Kürdə axan heyvan cəsədlərinə tez-tez rast gəlirik. İnsanlar narahatdılar. Hər kəs düşünür ki, birdən Kürə atılmış heyvan cəsədləri məhz həmin xəstəlikdən ölən heyvanlara aid olar. Bildiyiniz kimi, bir çox rayonlarda əhali içməli su kimi məhz Kür suyundan istifadə edir. Odur ki, ölmüş heyvan cəsədlərinin Kürə atılması heç bir halda doğru deyil. Sözün açığı, əvvəllər belə cəsədləri Kür çayında “üzən” görəndə o qədər də narahatlıq keçirmirdik. Axıb gedirdi, amma indi nodulyar dermatit xəstəliyi ilə əlaqədar olaraq təşviş içindəyik. Qorxuruq ki, Kür suyundan həmin xəstəliyin infeksiyası bizə, ailə üzvlərimizə, yaxınlarımıza, uşaqlara keçər”.

“Kürdə ölmüş 3 heyvan cəsədi axırdı…”

Müsahibimiz heyvan cəsədlərinin Kür çayına Zərdab rayonu ərazisində atılmadığını söylədi: “Mənə belə gəlir ki, həmin heyvan cəsədləri Kür çayına ətraf rayonlardan atılır. Çünki heyvan cəsədləri su ilə artıq bizim rayona gəlib çatanda iylənmiş olur. Heyvanın cəsədinin iylənməsi isə o deməkdir ki, deməli, uzun müddətdir suda qalıb, ona görə pis qoxu verir. Yeri gəlmişkən deyim ki, 3 gün öncə Kür çayında 3 ədəd heyvan cəsədi gördük. Kənd toylarında operatorluq edənlərin hansına zəng vurdumsa, məşğul oldular, yoxsa həmin heyvanların cəsədini çəkdirib sizə göndərəcəkdik”.

Xatırladaq ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti nodulyar dermatit xəstəliyinin məhz Kürboyu rayonlarda daha çox yayıldığını açıqlamışdı. Bu baxımdan Fəqan Rəşidovun dedikləri ilə həmin açıqlama üst-üstə düşür…

Onu da əlavə edək ki, Dövlət Baytarlıq Xidməti həmin xəstəlikdən ölən heyvanların cəsədlərinin basdırılmasını tövsiyə etmişdi. Çox qəribədir ki, nədənsə, bir çox fərdi təsərrüfat sahibləri buna əməl etmir, insanların həyatını təhlükəyə atırlar. Nəzərə almaq lazımdır ki, nodulyar dermatit təhlükəli xəstəlikdir və bu xəstəlikdən ölmüş heyvanların cəsədinin Kür çayına atılması virusun daha da yayılmasına səbəb ola bilər.

Onsuz da Kür çayının suyu normadan qat-qat artıq çirklidir

Bir vaxtlar rayonlarda, kəndlərdə ölmüş heyvan cəsədləri işbazlar üçün qazanc gətirirdi deyə onları atmırdılar, əksinə, üzdəniraq kolbasa sexlərinə təhvil verərək pul qazanırdılar. Amma görünür, bu sahəyə nəzarət gücləndirildiyindən artıq ölmüş heyvan cəsədləri gəlir gətirmir, odur ki, indi həmin heyvanların cəsədləri Kür çayına atılır.

Onsuz da Kür çayının suyu normadan qat-qat artıq çirklidir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETNS) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin bu günlərdə açıqladığı məlumata görə, təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.3, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Avqust ayının üçüncü ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3.7, I Şahsevəndə 3.4, Bəhramtəpədə isə 3.2 dəfə həddi keçib.

Təkcə özünü fikirləşənlər…

Dövlət Baytarlıq Xidməti isə nodulyar dermatit xəstəliyinin təhlükəli olmasını nəzərə alaraq əhaliyə xəbərdarlıq edib ki, xəstəliyə tutulmuş heyvanların yem, su qablarının vaxtaşırı dezinfeksiyası aparılmalıdır. Bəzi “ağıllı” insanlar isə nəinki dezinfeksiya aparır, əksinə, ölmüş heyvanlarının cəsədini Kür çayına atmaqla guya xəstəliyi öz həyətlərindən, yaşayış məntəqələrindən uzaqlaşdırırlar. Halbuki, bu səhlənkarlıq yüzlərlə insana, ailəyə baha başa gələ bilər. Bəlkə elə həmişə təkcə özümüzü fikirləşdiyimiz üçün bu vəziyyətdəyik?..