Bəlkə futbol qaydalarını müğənnilərə də tətbiq edək?

375
Sosial şəbəkələrdə “Toylara “yox” deyək” kampaniyası davam etməkdədir.
 Bəri başdan deyim ki, bu kampaniyaya o qədər də uğurlu ad verilməyib. Mənim fikrimcə, kimsənin toylara “yox” deməyə və bununla bağlı kampaniya aparmağa haqqı yoxdur. Nöşün ki, toy bizim gözəl adət, ənənələrimizdən biridir və ona “yox” demək doğru deyil. Həmin kampaniyaya kimlərin necə reaksiya verməsi üzərində dayanmaq istəmirəm. Nöşün ki, məqsədim alayıdır. Yalnız bir daha onu qeyd etmək istəyirəm ki, əslində başlanılan kampaniya: “Toylardakı israfçılığa, soyğunçuluğa “yox” deyək” adlandırılsaydı, daha doğru olardı. Amma ümumilikdə belə bir ideyanın ortaya çıxması çox yaxşıdır. Belə ki, bizim bu məmləkətimizdə elə şeylər tüğyan edir ki, həqiqətən, onlara “yox” deməyin vaxtı çatıb, bəlkə də keçib. Məsələn, “Tıxaclara “yox” deyək”, yaxud “Küçələrin hər ay və ya hər həftə sökülməsinə “yox” deyək” tipli kampaniyalar keçirmək olmazmı? Təbii ki, olar.

Zənnimcə, bunlardan da önəmli elə problemlər var ki, hər şeydən əvvəl, onlara “yox” deməyi bacarmalıyıq. Belə problemlərdən biri bəzi televiziya kanallarında yayımlanan verilişlərdə özlərini apara bilməyən “sənət adamları”dır. Bəli, artıq necə gündür ki, ölkə gündəmini Təranə Qumral – Nazənin cütlüyü ilə bağlı qalmaqal tutub. Vallah, onlar gündəmə elə “mövzu” ilə gəliblər ki, bu barədə açıq-aydın yazmaqdan utanıram. Sadəcə, onu deyə bilərəm ki, onların davası küçə qadınları səviyyəsindədir. Yəni bir azərbaycanlı xanım digər azərbaycanlı xanım haqqında milyonlarla insanın gözü qarşısında elə sözlər işlətdi ki, onları özünə hörmət edən qadın heç bazarda da işlətməzdi. Bəli, bu gün belə adamların iştirakı ilə keçirələn verilişlərə baxanda (belə xəbərləri mətbuat səhifələrindən oxuyanda) adamın lap əti tökülür. Bu mənada bizim bəzi televiziyalarda olan biabırçılıq heç Avropa kanallarında da yoxdur desək, səhv etmərik. Axı efir elə bir məkandır ki, ona həm uşaqlar, həm gənclər, həm də yaşlı insanlar baxırlar.

Bilmirəm, fikir vermisiniz, ya yox, bu gün ölkəmizdə müğənnillər artıq bir sinif kimi formalaşıblar. Nə qədər qəribə olsa da, azyaşlı uşaqların da bu sinfə rəğbəti artıb. Uşaqlar onlar kimi geyinir və özlərini onlara bənzətməyə çalışırlar. Elə bu səbəbdən onların çoxu gələcəkdə özlərini müğənni görmək istəyir. Bəstəkar Aygün Səmədzadənin sözü olmasın, hətta bəzilərində belə fikir formalaşıb ki, guya sonradan yoldaşlarından ayrılandan sonra onlara “vergi” veriləcək və istedadlı insanlara çevriləcəklər. Bir sözlə, belələri nədənsə elə bilir ki, arzularını reallaşdırmaq üçün yeganə sənət müğənnilikdir. Bəli, onlar bu gün Təranəyə, Nazəninə baxa-baxa həyatı dərk etməyə çalışırlar. Halbuki belələri əsil həyat aləmindən çox uzaqdadırlar. Amma onlar yaxşıları o qədər də çox görmürlər.

Çünki o yaxşılar arxa plandadır və yerli televiziyalar sanki onları görmək istəmir. Bu isə o deməkdir ki, efirlərin əksəriyyəti maddi maraq güdür. Elə bu səbəbdən onlara ifaçının sənəti deyil, pulu maraqlandırır. Kimsə onlardan soruşmur ki, balam, yaxşı, musiqimizi korlayırsınız-korlayırsınız, bəs bu gənclərimizi niyə korlayırsınız? Sizcə, belə verilişlərə, daha doğrusu, belə sənətkarlara “yox” deməyin vaxtı çatmayıbmı? Bəs görəsən niyə belə bir kampaniyanı başlamağa kimsə cürət etmir?

Mən bu yazını yazarkən futbol matçını da izləyirdim. Elə oyuna baxa-baxa belə bir fikir başımda dolaşdı: futbol aləmində qaydaları pozan oyunçulara sarı və yaxud qırmızı vərəqələr göstərilir, nəticədə onlar bir neçə oyundan azad olunurlar. Lap həddini aşan futbolçular isə futbol aləmindən uzaqlaşdırılır. Bəlkə biz də bu üsuldan istifadə edək, elələrini, ümumiyyətlə, ekrana yaxın qoymayaq. Bu məsələdə isə əsas güc təbii ki, telekanalların rəhbərlərinin üzərinə düşür. Bəli, kim nə deyir desin, futbol qaydalarının ekranlara gətirməyin vaxtı çatıb, cənablar. Əks halda, millət belə dava-dalaşlara hələ çox şahidlik edəcək.

Qvami Məhəbbətoğlu