Bəlkə 17 gün saqqız çeynəməyək?

717

Saqqız çeynəmək üçündür. Bunu uşaq da bilir. İndi, maşallah, böyük də, kiçik də harada gəldi çeynəyir.
Hətta aludəçilik o səviyyəyə çatıb ki, telekanallara dəvət olunmuş hörmətli şəxslər belə elə veriliş gedə-gedə ağızlarında saqqız fırladırlar. Belələrinə irad tutanda həmin an deyirlər ki, bəs Obama kimi bir adama beynəlxalq tədbirlərdə saqqız çeynəmək olar, bizə yox? Düz sözə nə deyəsən? Odur ki, onların fikri ilə razılaşmalı olursan. Heç bu yazıda mənim fikrim saqqız çeynəyənləri də hədəfə götürmək deyil. Demək istədiyim başqa şeydir.

Bu günlərdə Dənizkənarı Milli Parka çıxdım ki, bir qədər təmiz hava qəbul edim (İnsafən, bu məkanın gözəlliyinə söz ola bilməz). Elə yenicə xəyallara dalmışdım ki, burada təmizlik işlərinə baxan bir nəfərin ağ mərmərin üzərindəki ləkələri əlindəki ərsinə bənzər alətlə qaşıdığını gördüm. Maraq məni götürdü: laqonda ilə tarixi binaların divarlarını ağartmaq təcrübəmizə əsaslanaraq belə qərar gəldim ki, yəqin bu da mərmərləri ağartmağın yeni üsuludur. Buna rəğmən, həmin işçiyə yaxınlaşıb bununla bağlı ona sual verdim. Həmin işçi: “Yox, ay əmi, nə ağartmaq, mən mərmərin üzərindəki saqqızları təmizləyirəm. Vallah, lap bezmişəm e… Bu zəhrimar saqqız da elə şeydir ki, yapışdığı yerdən qopmur, qalanda da rəngini dəyişərək qara ləkəyə çevrilir. Düzü, heç bilmirəm kimin dalınca gileylənim: bu saqqızı icad edəninmi, yoxsa çeynəyib yerə atanın?” Sonra nə fikirləşdisə əlavə etdi: “Görəsən, bizimkilər çeynədikləri saqqızı zibil qutularına atmağı nə vaxt öyrənəcəklər?”

… Məni birdən-birə fikir götürdü və həmin sualı özümə verdim: “Əcəba, niyə hələ də biz çeynənmiş saqqızla necə rəftar etməyi bilmirik? Axı biz nə vaxta qədər çeynənmiş saqqızı oturduğumuz stulun, stolun altına, ya da bir qırağına yapışdıracağıq? Axı biz nə vaxta qədər avtobuslardakı, metro qatarlarındakı, yaxud parklardakı, stadionlardakı oturacaqlara onları pərçimləyəcəyik? Hətta iş o yerə çatıb ki, bu, vərdişimizi teatrlara da daşımağa müvəffəq olmuşuq.

Axı nə vaxta qədər biz bu hərəkətimizlə əlavə problemlər yaradacağıq? Məgər çeynənmiş saqqızı zibil qutularına atmaq müşkül məsələdir? Lap tutalım zibil qutusu yoxdur, onu adi bir kağıza büküb “söndürməklə” zərərsizləşdirmək olmazmı? Saqqız çeynəməyin də bir mədəniyyəti olmalıdır axı!.. Niyə bu mədəniyyəti öyrənməyə cəhd etmirik? Axı baxıb nümunə götürmək istədiyimiz Avropada belə şeylərə çox diqqətlə yanaşılır. Yəni mən bildiyimə görə, onlar çeynədikləri saqqızı sonradan ayaq altına tullamırlar, yaxud da hara gəldi yapışdırmırlar.

Avropa demişkən… Bəli, bir neçə gündən sonra ölkəmizdə “Bakı-2015” Birinci Avropa Oyunlarına start veriləcək. Yəni Bakıda möhtəşəm bir canlanma olacaq. İyunun 12-dən 27-dək keçiriləcək bu mötəbər yarışda dünyanın 50 ölkəsinin 6 mindən çox idmançısı yarışacaq. Onların məşqçilərini, fanatlarını da saysaq, Bakıya on mindən çox əcnəbinin gəlməsi gözlənilir. Təbii ki, onların əksəriyyəti həm də Azərbaycanımızla, onun tarixi, mədəniyyəti ilə də maraqlanacaqlar. Paytaxtımızın görməli yerlərini ziyarət edəcəklər. Onların Bakıdan xoş təəssüratlarla ayrılmaları üçün dövlətimiz hər cür tədbirlər həyata keçirir.

Mənim fikrimcə, bu beynəlxalq yarışın daha mədəni keçirilməsi üçün hər bir vətəndaş öz töhfəsini verməlidir. Odur ki, gəlin biz də bu işdə yardımçı olaq. Necə? Elə isə mənə qulaq asın. Deyirəm, bəlkə biz də belə bir aksiya keçirək, adını da qoyaq: “17 gün saqqız çeynəməyək!” Çünki məhz belə bir aksiya keçirməklə öz eybimizi ört-basdır edə bilərik. Bir də unutmayın ki, işdi-şayəd, əcnəbilərdən biri çeynənmiş saqqıza bulaşsa, bu söhbəti elə saqqız kimi uzadacaq. Bu bizə lazımdırmı?

Qvami Məhəbbətoğlu