Bələdiyyəyə iradlar da tutuldu

457

Mingəçevir Şəhər Bələdiyyəsinin 2017-ci ilin birinci yarımilliyindəki fəaliyyəti ilə bağlı tədbiri keçirilib. Bu barədə Mingəçevir şəhər Bələdiyyəsinin  sədri Coşqun Abdullayev məlumat verib. Onun sözlərinə görə, ötən müddətdə bələdiyyəyə vətəndaşlardan 750 ədəd ərizə və məktub daxil olub: “303 nəfər maddi yardımla, 106 nəfər sahibkarlıq fəaliyyəti, 60 nəfər fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 2 nəfər tikinti və təmir işləri ilə bağlı müraciət edib. 279 müraciət arayış və məlumatlarla əlaqədar olub. Müraciət edən şəxslərdən 14 -ü şəhid ailəsi, 16-sı Qarabağ müahribəsi əlili, 12-si köçkün, 20-i əlil, 3-ü ehtiyatda olan zabitdir. Onu da qeyd edim ki, maddi yardımla bağlı edilən müraciətlər həll olunub. Fərdi mənzil tikintisi üçün müraciət edən vətəndaşlara torpaq sahəsi ayrılıb. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Bələdiyyə sədri tərəfindən 910 nəfər vətəndaş fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapıb”.

Bələdiyyə sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum şəhər icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmağa çalışıb.

 

Daha sonra məhəllə komitələrinin sədrləri çıxış ediblər.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev deyib ki, bələdiyyələrin işləri ilə bağlı məlumat xarakterli elanlar verilmir: “Şəhərin televiziyası yoxdur, radiosu yoxdur. Əhali yeniliklərlə bağlı məlumatı almaqda çətinlik çəkir”.

“Eko-TES” ictimai təşkilatının sədri Cingiz Nəzərov şəhərdə texniki su probleminin yaşandığını bildirib. O daha sonra deyib: “Şəhərdə 50-60 il bundan əvvəl salınan yaşıllıqlar məhv olma ilə üzləşib. Bu ciddi problemdir. Belə getsə, bir neçə ildən sonra “yaşıl şəhər” adı verdiyimiz Mingəçevirdən əsər-əlamət qalmayacaq.

 

Esmira Hidayətova, Mingəçevir