Bələdiyyələrin təşkili Ulu Öndərin adı ilə bağlıdır

352

“12 dekabr 1999-cu ildə ölkəmizdə ilk dəfə bələdiyyə  seçkiləri keçirilib. O vaxtdan 19 il ötür. Seçki günü respublika üzrə  seçki siyahılarına daxil olmuş 4 milyon 312 min 265 nəfər seçicinin 52,6 faizi səsvermədə iştirak edib. İlk bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının inamlı zəfəri ilə başa çatıb”. Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin regional məsələlər komitəsinin üzvü Cavid Osmanov söylədi.

Deputat bildirdi ki, ölkəmizdə yerli özünüidarəetmə institutunun yaradılması bu gün xatirəsini sonsuz hörmət və böyük məhəbbətlə andığımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Məhz Ulu Öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasında bələdiyyələr – yerli özünüidarəetmənin təşkili ayrıca bölmə olaraq öz əksini tapıb. Ümummilli lider Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. O, deyirdi ki, bu, bizim ölkəmiz, vətəndaşlarımız üçün böyük hadisədir. Ulu Öndər bələdiyyələrin yaradılmasını zamanın tələbi  və demokratiyanın ifadəsi kimi qiymətləndirərək həm də bildirirdi ki, yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratiya prosesinin böyük bir hissəsi, böyük bir qoludur: “Demokratik, hüquqi dövlət dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir”. Ulu Öndər, həmçinin  yerli özünüidarəetmə sisteminin yaradılmasını və inkişaf etdirilməsini ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu üçün çox böyük əhəmiyyətə malik olduğunu vurğulayırdı. Bu mənada bələdiyyələr dövlətin və cəmiyyətin idarə olunmasının səmərəliliyinin artırılması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biridir.  Qeyd edim ki, bələdiyyələr  dövlət orqanları sisteminə daxil olmayan təşkilatlardır, bunlar heç kəsə tabe deyillər. Amma yerli  əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər. Ölkəmizdə baş verən sosial-iqtisadi, mədəni inkişafda bələdiyyələrin fəaliyyəti  bunu bir daha sübut edir”.   

Milli Məclisin deputatı ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ciddi səyləri nəticəsində həyata keçirilən mühüm Dövlət proqramlarının bələdiyyələrin vəzifələrinin müəyyən edilməsinə, onların fəallığının yüksəlməsinə yeni bir stimul  verdiyini vurğuladı:  “2 iyul 1999-cu ildə  “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. O vaxtdan indiyədək  bələdiyyə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə çoxlu sayda  qanunlar qəbul edilib,  əlaqəli qanunvericiklərə müvafiq əlavə və dəyişikliklər olunub. Qanunlara edilmiş dəyişikliklər bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə, onların mülkiyyətinin, ərazilərinin müəyyənləşdirilməsinə xidmət edib. Məsələn, elə bu günlərdə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na dəyişiklik edilib. İndən belə qəbirstanlıqlar da yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Onu da deyim ki, yerli icra hakimiyyəti orqanlarına qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib”.

Müsahibimiz bildirdi ki, bu gün bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün ölkəmizdə lazımi hüquqi baza vardır: “Bu isə o deməkdir ki, respublikamızda bələdiyyələrin inkişafı xüsusi diqqət mərkəzindədir. Burada bir məqama da toxunmaq istərdim: Azərbaycanda 2700-dən çox bələdiyyə vardı. Bu qədər bələdiyyə bizim ölkə üçün çox idi. Odur ki, sonradan onların sayı 41%  azaldılı. Hazırda ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir. Güman edirəm ki, bu proses, daha doğrusu, bələdiyyələrin birləşdirilməsi davam etdirilməlidir. Birləşmə yerli özünüidarəetmənin təkmilləşməsi, inkişafı üçün qaçılmaz addımdır. Müşahidələr göstərir ki, böyük bələdiyyələrin daha çox iş  görmək imkanları olur. Çünki zəif maliyyə bazası olan kiçik bələdiyyələr insanların rifahının yaxşılaşdırılması istiqamətində elə də ciddi addımlar ata bilmirlər.  Yeri gəlmişkən, qeyd edim Avropa ölkələrində 250-270 bələdiyyə fəaliyyət göstərir. Hesab edirəm ki, zamanın tələblərinə uyğun olaraq bələdiyyələrin təkmilləşdirilməsə və formalaşdırılması davam etdirilməlidir”.

Milli Məclisin deputatının fikrincə, ölkəmizin sürətli inkişafında, əhalinin sosial rifahının yüksəlməsində yerli özünüidarəetmə orqanlarının rolu və iştirakı ildən-ilə artmaqdadır: “Vətəndaşlar bələdiyyələrin hansı imkanlara malik olduğunu daha yaxşı başa düşür və onlardan mövcud problemlərin həllini gözləyirlər. Bələdiyyələr də imkanları daxilində vətəndaşların etimadını doğrultmağa çalışırlar”.

Qvami Məhəbbətoğlu,

“İki sahil”