Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

509

Oktyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi.
Komissiyanın iclasında əvvəlcə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxıldı. Ölkəmizdə yerli özünüidarəetmə institutlarının mövcud olduğu 15 il ərzində zəngin təcrübə qazandıqlarını, cəmiyyət həyatındakı rolunun ilbəil daha da artdığını vurğulayan MSK sədri bildirdi ki, bələdiyyələrin səlahiyyət müddəti bu ilin sonlarında başa çatır. Buna görə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməli və respublika üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.
Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilərin təyin edilməsi haqqında qərar layihəsi ilə tanış olduqdan sonra Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2014-cü il dekabrın 23-ü, çərşənbə axşamına təyin edilməsi barədə qərar qəbul olundu.
Sonra “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edildi.