Bələdiyyə seçkiləri baş tutdu

504
Dünən ölkəmizdə bələdiyyə seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirdi ki, bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Onun sözlərinə görə, saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səs verib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçilib. Bələdiyyə üzvlüyünə isə 37 min 77 nəfər namizəd qeydə alınmışdı. Seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak ediblər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər. Xatırladaq ki, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gələrək səs veriblər.

“Yeni Azərbaycan Partiyası bugünkü bələdiyyə seçkilərində səsvermədə çox yaxından iştirak edib, bütün bələdiyyələrdə öz namizədini irəli sürüb. Bütövlükdə ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın namizədi olub”. Bunu YAP sədr müavini, baş nazirin müavini Əli Əhmədov keçirdiyi mətbuat konfransında bildirib. Seçkilərin baş tutduğunu bildirən YAP sədr müavini deyib ki, partiya seçki nəticələrinə böyük ümid bəsləyir: “İstinad etdiyimiz başlıca seçki resursu bu ümidlərə əsas verir”. Ə. Əhmədov bildirib ki, seçkilər uğurla baş tutub, qanun pozuntularına yol verilməyib: “Müşahidəçilərimiz çox geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.