“Bədii ədəbiyyat zövq məsələsidir, zövqlər isə müzakirə edilməz”

0
865

Kirill qrafikalı, sarımtıl vərəqli, boya-boy, cild-cild düzülmüş bu kitablar şəxsi kitabxana kimi o dövrün adamlarının tək informasiya, əyləncə, istirahət vasitəsi idi. Dövrümüzdə bu xobbi nisbətən dəbdən düşmüşdür. İnformasiyada internetin hakim olduğu, maddiyyatın ön plana çıxdığı bir zamanda kitab hədiyyə etmək ənənəsi, demək olar ki, unudulmuş, satışı isə azalmışdır. İnternetin sərhədsiz imkanları hər cür kitabı, məqaləni, informasiyanı bir anın içində önümüzə sərir. Lakin təkcə kitab sevənlər bilər ki, heç nə ona toxunmağın, qoxusunu duymağın yerini əvəz edə bilməz. Sevindirici haldır ki, son zamanlar gənc nəslin mütaliə etmə marağı kəskin şəkildə artmaqdadır. Bunun nəticəsi kimi, yeni-yeni kitab mağazaları açılır, eyni zamanda kitabxanalar da diqqətdən kənar qalmır. Kitab alıcıları əsasən əhalinin müstəqil, yetkin təbəqəsidirsə, kitabxana oxucuları daha çox tələbələrdir. Bəs maraqlıdır, görəsən əhalinin hansı təbəqəsi daha çox kitab oxuyur? Ən çox tələb görən kitablar hansılardır? Bədii, yoxsa elmi ədəbiyyat çox oxunur? Yerli ədəbiyyatmı, ya xarici ədəbiyyatmı maraq mərkəzindədir? Hər kəsi maraqlandıran bu suallarla Sumqayıt Şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxasınanın baş kitabxanaçısı Baxşəliyeva İlahə xanıma müraciət etdik.

Oxumağın yaşı yoxdur

İlahə xanıma ilk sualımız belə oldu: “Sizə də elə gəlmirmi ki, son illərdə kitab oxuyanların sayı artıb? Sizcə, bunun səbəbi nədir?”  “Bəli, doğrudan da elədir”,-deyə İlahə xanım sözə başladı. O, qeyd etdi ki, hər ay onlarla yeni abunəçi kitabxanaya müraciət edir”. Müsahibimiz oxucu artımının səbəbi kimi son 7-8 ildə yerli ədəbiyyatda canlanmanın olmasını, yeni ruhlu əsərlər yazılmasını, bundan başqa, yüzlərlə xarici əsərin dilimizə tərcümə edilməsini göstərdi. Eyni zamanda söylədi ki, dövlət səviyyəsində kitabxanalara diqqətin artırılması, təchizatın daha da yaxşılaşdırılması bu səbəblərdən biridir: “Bizim orta məktəb şagirdindən tutmuş təqaüdçülərə qədər, hər yaş qrupundan oxucularımız var. Bu isə oxumağın yaşının olmadığını göstərir”.

Həmsöhbətimiz eyni zamanda bizi maraqlandıran digər məsələlər haqqında da danışdı. Onun sözlərinə görə, hər zaman olduğu kimi, bədii ədəbiyyat daha kütləvi xarakter daşıyır və daha çox oxunur.  Elmi ədəbiyyat üçün isə, adətən, tələbələr müraciət edirlər, bunlar da əsasən “Pedaqogika”, “Psixologiya”,  “Fəlsəfə” və s. kimi dərsliklərdir: “Maraqlıdır ki, son illərdə bizdən “İslam” kitabını, peyğəmbərimizin həyatı ilə bağlı kitabları tez-tez soruşurlar. Bir sözlə, hər sahəyə maraq var”.

Çingiz Abdullayevin dedektivlərinə

tələbat böyükdür

Son illərdə yerli ədəbiyyatda canlanmanın olması, gənc nəslin nəbzini tutan nümunələrin yazılması, həqiqətən də, kitab oxuma alışqanlığını gündəmə gətirdi. İlahə xanımın sözlərinə görə sevindirici haldır ki, öz əsərlərimizə tələb getdikcə artır və bunlardan dedektiv janr üstünlük təşkil edir. Elxan Elatlı, Əlisafa Rzayev, xüsusilə Çingiz Abdullayevin dedektivlərinə gənc nəsil arasında tələbat böyükdür. Digər janrda isə Varis, Tahir Kazımov və başqalarına marağın olduğunu vurğuladı. “2004-cü ildə ölkə Prezidentinin sərəncamıyla Kirill qrafikalı kitablar latın qrafikası ilə nəşr olundu və kitabxanalara paylandı. Eyni zamanda yeni-yeni dünyaca məşhur kitablar dilimizə tərcümə edildi. Bu isə kitaba marağı daha da artırdı. Hal-hazırda ən çox oxunan xarici ədəbiyyat Paolo Koelyonun “Kimyagər”, Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” və Aqata Kristinin  əsərləridir”,-deyə həmsöhbətimiz qeyd etdi.

Ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, ölkə əhalisi kitaba pul xərcləməkdənsə kitabxanalara müraciət etməyi üstün tutur. Bununla belə, son illərdə  kitab satışlarında ciddi şəkildə artımın olması doğrudan da sevindirici haldır. Hər ay Azərbaycanda ən çox satılan və oxunan kitabların siyahısı mətbuata, televiziyaya təqdim olunur. Siyahıda böyük əksəriyyəti  Ç. Abdullayevin əsərləri təşkil edir. Bundan başqa,  X. Hüseyninin “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, B.Şlinkin “Qiraətçi”, Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı”, F.Beqbederin “Məhəbbət üç il yaşayır”, Oshonun “Qadınların kitabı”, “Kişilərin kitabı”,  Cəmşid Əmirovun “Qara volqa”, Eyvaz Zeynalovun “Bələdçi”, “Tələ”, Qurban Səidin “Əli və Nino”, Varisin “Yaşıl üzlü gündəlik”, Aytən Cavanşirin “Ayaqlarım üşüyürdü”, Qaraqanın “A kitabı”, “Bir milyon dollarım olsaydı”, Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” və s. ən cox tələb olunan və böyük oxucu kütləsi olan kitablardır. Bədii ədəbiyyat zövq məsələsidir, zövqlər isə müzakirə edilməz. Bəs siz bu kitablardan hansını oxumusunuz? Tükəzban Məmmədli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here