Bədən dilindən istifadənin də böyük əhəmiyyəti var

692

Yəqin, bizimlə razılaşarsınız ki, bəzən ağzımızdan bircə söz çıxarmadan qarşımızdakı adam nə demək istədiyimizi başa düşür. Əslində, bu bizə “bədən dili”nin verdiyi bir imkandır. Çünkü, biz təkcə ağzımızla yox, həm də bədənimizlə danışırıq.

İnsanlar arasında söz və səslə yanaşı, bədən dilindən istifadənin də böyük əhəmiyyəti var – üstəlik, düşündüyümüzdən daha çox. Biz cümlə qurarkən onu həmsöhbətimizə təsirli şəkildə ifadəyə etməyə çalışırıq. Bu zaman özümüzdən asılı olmadan bədənimiz, baxışlarımız, duyğularımız, düşüncələrimiz qarşı tərəfi təsir altına almağa çalışır.

Bu barədə bir nümunə

Oğlunuz məktəbdən evə qayıdarkən dostları ilə qarşılaşır. Onlarla üz-üzə oturub söhbət edərkən vaxtın necə ötüb keçdiyindən xəbər tutmur… Evə geç gəlirsiniz. Bu zaman siz ona qarşı iki cür davrana bilərsiniz. Ya olduqca sakit şəkildə qapını açar, bir əlinizlə koridoru göstərər və “Harada qaldın? Çox narahat olduq!” deyərsiniz. Ya da siz qapı ağzında qaşları çatılmış bir şəkildə durub yenə eyni sözləri söyləyərsiniz. Hansı vəziyyətdə sizin daha əsəbi olduğunuzu bilməyə nə var ki?.. Bədən dili ilə danışıb başa düşə bilməyimiz üçün gərək iki əsas şeyi diqqətdə saxlayaq: jestləri və mimikaları. Jestlər, ümumilikdə əl, qol və ayaq hərəkətlərimizi, mimikalar isə üz hərəkətlərimizi ifadə edir.

Bədən dili bəzən ölkələrə və xalqlara görə də dəyişir

Bu dilin incəliklərini öyrənib ondan uyğun şəkildə istifadə etmək lazımdır. Unutmayın ki, həmişə, hər yerdə özümüzü istədiyimiz şəkildə göstərmək, ya da qarşımızdakıların hərəkətlərini tam izah edə bilmək o qədər də asan deyil. Çünkü bədən dili bəzən ölkələrə və xalqlara (hətta mədəniyyətlərə) görə də dəyişir. Sadə bir misal. Deyək ki, siz dostlarınızla söhbət edərkən onlardan birinə əl işarə edir, hansısa bir istəyinizi ona bədən dili ilə çatdırırsınız. Həmin yoldaşınız da bu hərəkətinizi başa düşüb sizə əli ilə işarə edib cavabınızı verir. Lakin unutmayın ki, bu hərəkətiniz başqa yoldaşınızın diqqətini cəlb edə və o, sizin onu ələ saldığınızı düşünə bilər. Buna görə də, bədən dili ilə danışarkən diqqətli olmaq lazımdır.

Bədən dili də

aldadıcı ola bilər

Kiminsə dediyi hər hansı sözə, yaxud da əl-qol və ya üz-göz hərəkətlərinə görə qarşımızdakı insanın davranışları barədə düzgün qərar verə bilmərik. Məsələn, tutaq ki, biri hər hansı məsələdən danışarkən üzümüzə baxmır – ya yerə baxır, ya da baxışları ilə uzaqları seyr edir. Çox zaman deyirlər ki, belə edənlər həmsöhbətlərini aldadırlar. Əslində isə bu cür qiymətləndirmək doğru deyil. Ola bilər ki, həmin şəxs utancaqdır, yaxud da məsələni dəqiq ifadə etmək üçün belə edir.

Bir sözlə, bədən dili çox geniş mövzudur. Biz yaşa dolduqca həyatımızda bu dilin imkanlarını daha yaxşı başa düşür və ondan bacarıqla istifadə etməyə çalışırıq. Biz isə sizə bədən dilinin, necə deyərlər, əlifbası barədə məlumat verməyə çalışdıq.