Azğınlığın Nəmrud halı

632

“Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan kimsəni görmədinmi? İbrahim: “Mənim tanrım həm dirildir, həm də öldürür”, -dediyi zaman o: “Mən də həm dirildir, həm də öldürürəm”, -demişdi. İbrahim ona: “Allah günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən çıxar! -dedikdə, o kafir donub qalmışdı. Həqiqətən; Allah zülm edənləri düz yola yönəltməz!” (əl-Bəqara, 2/258)

Uca Allah Qurani-Kərimdə bəzi nümunə və qissələr verərək, biz insanların bir sıra həqiqətləri daha yaxşı anlamasını asanlaşdırmışdır. Bu çərçivədə peyğəmbərlərin tövhid və təbliğ uğrunda mücadiləsindən də misallar çəkmişdir. Bu nümunələrdən biri də haqq peyğəmbər Həzrət İbrahimin (ə.s.) insanları Haqqa iman gətirməyə dəvət edərkən üzləşdiyi bir hadisə haqqındadır. Burada bizim vəzifəmiz bu həqiqətlərdə Rəbbin muradını, yəni biz bəndələrdən nə istədiyini düzgün dərk etməkdir. Rəbbimiz bizləri fərqli şəkillərdə imtahan edir.

İnsanlar yoxluq və yoxsulluqla imtahan edildikləri kimi, var-dövlət və iqtidar verilərək də imtahan edilirlər. Böyük Allahın elçiləri vasitəsilə çağırdığı dəvətlərə qarşı çıxanlar, üsyan edənlər əsasən böyük sərvətlər və güc-qüvvət sahibləri arasından çıxmışdır. Onlar sahib olduqları imkanların əsl sahibini və mənbəyini unudanlardır.

Sahib olduqları müvəqqəti güc, sərvət və qüdrətə görə təkəbbürlənib quduranlardır. Onlar kimi olanlar sahib olduqları güc sayəsində hər şeyi edə biləcəklərini, hər dərdə çarə tapa biləcəklərini, Allaha ehtiyaclarının olmadıqlarını zənn edirlər. Bəziləri isə daha da irəli gedib, Allahın etdiklərini özlərinin etdiyini, edə biləcəklərini söyləyərək özlərini ilah elan edirlər və onlardan zəif gücdə olanları qul-kölə yerinə qoyub istismar edirlər.

Həzrət İbrahimin dövründə iqtidarda olan hökmdar (bəzi mənbələrdə onun Babil şəhərini quran və qülləsini inşa etdirən Nəmrud olduğu qeyd edilir) Allahın elçisinin dəvətini qəbul etməməklə birlikdə, elçi ilə Rəbbi həqqında mübahisə aparmış, onun Rəbbində mövcud olan sifətlərin və gücün özündə də olduğunu iddia etmişdir. Böyük Allah Nəmruda var-dövlət və güc verməsə idi “Allahın etdiklərini onun özünün də edə bildiyini” iddia edə bilməyəcəkdi. Bu nemət və imkanlar Nəmrud kimi insanlarda inkara və zülmə, Davud və Süleyman (ə) kimi insanlarda isə şükrə və Allahın qullarına xidmət etməyə vəsilə olur.

Əlbəttə ki, Nəmrud insanları öldürmək və diriltmək gücünə sahib olmadığını bilirdi. Buna baxmayaraq, sözü həqiqi mənasından uzaqlaşdırıb, haqq elçisinin dəvətinə etiraz etmişdir. Bu etirazın əsl səbəbi isə səltənət arzusu idi. Çünki o bilirdi ki, bu dini qəbul etsə, zülmə və istismara davam etmə imkanını itirəcəkdi. Nəmrud edam məhkumunu bağışlamağı “insanı diriltmək”, günahsız bir insanı edam etdirməyi isə “diri olanı öldürmək” olaraq qəbul etmişdi. Böyük Allahın öldürmə və yeni canlıları həyata gətirməsinin açıq şəkildə gözlə müşahidəsi mümkün olmadığı üçün Nəmrud bunları Allahın deyil, onun özünün etdiyini iddia etməklə Həzrət İbrahimə qarşı çıxmışdır.

Əslində Rəbbin həyat verməsi və öldürməsi başqa mənadadır və bu mənada nə Nəmrud, nə də ki digərləri diriltməyə və öldürməyə qadir deyillər. Hətta öz əcəlləri belə gəldiyində özlərini ölümdən qurtara bilməzlər. Lakin Nəmrudla mübahisəyə girən Həzrət İbrahim vəziyyətin çətinliyini görüb, hər kəsin gözü ilə şahid olduğu bir hadisədən hərəkət edərək ikinci dəlil gətirir. Günəşin şərqdən doğub, qərbdə batması açıq bir həqiqətdir. Nəmruddan əvvəl də bu hal belə olduğu üçün onun “bunu da mən edirəm” deməsi mümkün deyildi. Əgər Nəmrud öz iddiasında haqlı isə, o zaman onun günəşin doğduğu və batdığı yerləri dəyişməsi də mümkün olacaqdı. Həzrət İbrahim də ona bunu etməsini təklif etmiş, Nəmrud isə deyəcək bir söz tapa bilmədiyi üçün iddiasının əsassız olduğu açıq şəkildə ortaya çıxmışdır.

Biz bütün qəlbimizlə inanırıq ki, Rəbbimiz Allahdır, həyat verən və alan, günəşi, dünyanı, planetləri öz orbitlərində döndərən ancaq Odur. Ondan başqa ilah yoxdur.