Azarkeşin növbəti monoloqu

QVAMİ MƏHƏBBƏTOĞLU

– İndi futbol klublarımızın rəsmiləri matçlar zamanı stadionlara üz tutan azarkeşlərin azlığından o ki var gileylənirlər. (İnsafən, bu siyahıya “Kəpəz”i daxil etmək doğru deyil. Nədən ki, onların belə bir problemi yoxdur. Əksinə onların öz stadionlarının tutumundan şikayətləri var). Hətta bəziləri iddia edirlər ki, belə getsə, matçları yalnız klubların nümayəndələri izləyəcəklər. Bu mənada daha tribunalara əsla ehtiyac qalmayacaq. Nə isə mətləbdən uzaqlaşmayaq. Bəs görəsən azarkeşlər niyə stadionlara axışmırlar? Olmaya onların bu idman növünə marağı yoxdur?

Bəli, bu gün hər bir klub, hər bir oyunçu meydanda öz azarkeşlərini görmək istəyir. Bu, çox normal bir haldır. Amma azarkeş yaxşı, normal oyun görmürsə, niyə zəhmət çəkib stadiona gəlməlidir? Axı hörmət qarşılıqlı olanda daha effektli olur. Məsələn, bir il bundan əvvəl Lənkəranda hər oyuna orta hesabla 3-4 min azarkeş gəlirdi. İndi isə yox. Niyə? Çünki bu komanda oyun nümayiş etdirmir. Klub rəsmiləri deyirlər ki, müəyyən problemlər var. Qardaşım, problemlərini vaxtından çözəydin də… Bunun azarkeşə nə dəxli var axı?

Hamı azarkeşləri onlara dəstəkləməyə, onların yanında olmağa çağırır: televiziya kanallarında olduğu kimi, yəni bizdən ayrılmayın. Qardaşım, məgər bu azarkeşin başqa işi yoxdur? Amma sənin məhz futboldan başqa alayı bir işin yox. Çünki sən komanda udanda da maaşını alırsan, uduzanda da. Azarkeş də evinə çörək almalıdır axı. Başqa bir məsələ. Sən günün günorta çağı matç keçirirsən, bu azarkeş işin-gücün atıb matça gəlməlidir məgər? Sabah həmin azarkeş işdən qaçdığına görə qovulanda onun yanında olmayacaqsan axı… Ay belə çağırış edən, sən heç bilirsən, indiki zəmandə iş yerini itirmək nə deməkdir? Azarkeş istəyirsən, elə isə özünə ştatlı azarkeşlər topla, qoy komandanı hər oyun zəfərlərə səsləsin də…

Azarkeş istəyirsən, bəs niyə onun cibi ilə oynayırsan? Necə? Elə isə ötən ayın əvvəlində keçirilmiş “Qarabağ” – “Anderlext” matçında niyə biletin qiymətini qaldırdın? Deməli, öz marağını güdürsən, elə deyilmi? Bununla isə öz azarkeşini öldürürsən, amma fərqinə varmırsan. Axı sən niyə unudursan ki, qaranquş gəldi-gedər, sərçə yurdda qalandır. Sübut? Həmin oyundan sonra adını çəkdiyim komanda neçə oyun keçirib? Onların heç birində də həmin imkanlı “azarkeşləri” görən olubmu? Sən heç bilirsənmi bu cür oyunlardan sonra həqiqi azarkeşlər nələr çəkirlər? Birini deyim… yoxsa ürəyim partlayar. İldə bir dəfə stadiona gəlmiş hansısa bir məmur stadionu tərk edəndə polislər yüzlərlə azarkeşi elə hala salırlar ki…

Hə, lap az qala unutmuşdum. Ay belə çağırış edən, məgər xəbərin yoxdur ki, artıq rayon maşınlarının paytaxta girişinə qadağa qoyulub? Buna görə bir dəfə də olsun səsini çıxarmırsanmı, yaxud hansısa bir təkliflə çıxış etmisənmi? Heç bilirsən, sən buna görə nə qədər azarkeş itirmisən? Bəs nə vaxt onlarla həmrəylik nimayiş etdirəcəksən? Heç bu barədə düşünürsənmi? Yəqin, bu sətirlərə görə azarkeş çağırışı edən klub rəsmiləri məndən inciyəcəklər. Üstəlik, deyəcəklər ki, pah atonnan, adi yazar da futbol mütəxəssisi kimi danışır. Bu yerdə “Bizim Cəbiş müəllim” filmindəki bir epizod yadıma düşdü. Həmin filmdə belə bir epizod var. Həyətin ortasında siçovulun üstünə neft töküb onu yandırmaq istəyən Makedon buna görə yaxın dostu Namiqin silləsinə tuş gəlir. Bundan hirslənən Makedon Namiqlə dalaşmaq istəyəndə Cəbiş müəllim ona deyir: “Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, səndən adam olacaq”. İndi onun sözü olmasın, ey azarkeş çağırışı edən, nə vaxtsa başa düşsən ki, mən niyə belə bir yazı yazdım, onda azarkeşin olacaq. Bir də söhbət heç bu kimi qüsurlarda deyi, adam gərək «vinimatelni» olsun!