Azarkeşin narazılığı

0
374

Azarkeşin monoloqu)
– Bəri başdan deyim ki, mən bir futbol azarkeşiyəm. Sizə azarkeş deyirəm e… yəni elə-belələrindən deyiləm. Xüsusən də “Qarabağ” üçün lap sinov gedirəm. Amma nə gizlədim, gözünə döndüyüm bu “Qarabağ” ovqatımı elə təlx etdi ki… Həzərat, əhvalat sizə məlumdur. UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Seltik”lə qarşılaşan mənim ən çox sevdiyim “Qarabağ” rəqibini aşa bilmədi və nəticədə Ağdam təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı. Bununla da Çempionlar Liqasında ilkə imza atmaq şansını əldən verdi.

İndi sual olunur: nə səbəbə “Qarabağ” “Seltik”ə uduzdu? Bəlkə, mərkəzi arenanın ot örtüyünün bərbad vəziyyətdə olmasına, yəni günün tələblərinə cavab verməməsinə görə? Mən bəzi həmkarlarım kimi bu uğursuzluğu bununla bağlamaq, yaxud bu məsələdə ingilis “barmağı” axtarmaq istəmirəm. Çünki meydançanın bu cür olması “Qarabağ”ın qələbə qazanmasına mane oldu demək doğru deyil. Nədən ki, məsələn, rəqib komandanın müdafiəçisi Virgil van Diyk adama deməzmi ki, “Seltik Park”ın qazonu ki əla vəziyyətdə idi, bəs orada niyə uda bilmədilər? Odur ki, bunu bilə-bilə mən özümü tankın altına ata bilmərəm. Elə isə bəs necə oldu ki, “Qarabağ” meydançanı başıaşağı tərk etdi? Bəlkə, azarkeş dəstəyi az idi? Xeyr, nəyə desəniz and içərəm ki, oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionu ləbələb dolu idi. Başqa sözlə desək, iynə atsan yerə düşməzdi. Həzərat, mən bu sözlərlə kimsəni “oskorbit” eləmək, kimsənin üstünə getmək, yaxud da kimlərinsə əziyyətini yerə vurmaq istəmirəm, vallah, heç belə bir fikrim də yoxdur. Ancaq “Qarabağ”ın uğursuz çıxışı məni belə danışmağa vadar edir. Nə olar, məni də başa düşün.

Məşədi İbadın “dostu” Həsən bəyin sözü olmasın, “nakones”, bəs nəyi çatışmırdı “Qarabağ”ın? Bu saat mən ərz eyləyim. Həzərat, mənim fikrimcə, bunun bir neçə səbəbi var: onlardan biri budur ki, son günlər “Qarabağ”da elə proseslər baş verir ki, onları şəxsən mən, yəni əksər futbol matçlarını izləyən bir şəxs kimi başa düşə bilmirəm. Məsələn, mən hələ də başa düşə bilmirəm ki, Muarem, Leroy Corc kimi oyunçuları yola salan “Qarabağ” niyə Kintana, Əl Harbi Əl Jedayui, Pupon kimilərini öz heyətinə qatdı? Onlar gedənləri əvəz edə bilmirlər axı. Məgər onlara verilən pula bir ortabab hücumçu ala bilməzdi “Qarabağ”? Ala bilərdi, vallah, ala bilərdi, lakin almadı… Digər bir sual: axı niyə məhz heyəti o cür futbolçuların sayəsində oturuşmuş bu komandanın rəsmiləri onları yollarından döndərməyə belə cəhd etmədilər? Axı buna “Qarabağ”ın imkanı vardı. Komandanın vitse-prezidenti Tahir Gözəl Muaremdən ötrü darıxdığını deməklə dolayısilə bu səhvlərini etiraf etmədimi, həzərat? Etdi… Hər halda, mən belə bir nəticəyə gəldim. Hə, indi də yeni transferlərin ünvanlarına söz deyən kimi deyirlər: “Hələ ki öz oyunlarını tapmayıblar”, “Hələ ki heyətə uyğunlaşmayıblar…” Balam, öz oyunlarını tapmayanların, heyətə uyğunlaşmayanların belə bir mötəbər yarışda nə işləri var idi axı? Mən hələ o biri yerli yeniləri demirəm.

Bəli, “Qarabağ” özünün yeni bir mərhələsini yaşayırdı. Bu mərhələdə oyunçu dəyişdirmək, mənim fikrimcə, atları döngədə dəyişməyə bənzədi. Nə yazıq ki, “Qarabağ” rəsmiləri tarixin sınağından çıxmış “atları döngədə dəyişmək olmaz” deyimini qulaqardına vurdular? Bununla da minlərlə mənim kimi azarkeşi məyus etdilər. Doğrudur, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyir ki, mənim ən çox istəmədiyim şey azarkeşi məyus yola salmaqdır: “Çalışdıq ki, yaxşı oyunla azarkeşləri məmnun edək. Nəticə qazanmağa çalışdıq, ancaq alınmırsa, deməli qismətimizdə yoxdur”.

Vallah, mənə elə gəlir ki, bu ifadə heç yerinə düşmədi, Qurban bəy. Bilirsinizmi nədən? Yox, bu barədə danışmaq istəmirəm. Çünki bu məsələdə Qurbanın dırnağının bildiyini mənim başım bilməz. Digər tərəfdən, qarşıda “Qarabağ”ı Avropa Liqasının pley-off matçları gözləyir. İnanıram ki, onlar bizi sevindirib qrupa vəsiqə qazanacaqlar… İnşallah…