AZALdan ayrılanlar

0
393

Hər kəsə məlumdur ki, mövsümlərarası fasilədə ən böyük islahat AZAL klubunda aparıldı. Yeni baş məşqçi Tərlan Əhmədovun qərarına əsasən Samuel Barlay, Jose Junior Ailton, Branislav Arseniyeviç, Axtam Xamraqulov, Nedo Turkoviç, Qərib İbrahimov, Rey Məmmədbəyli, Elçin Sadıqov, Orxan Səfiyaroğlu, Emin Cəfərquliyev, Cahangir Həsənzadə, Aleksandr Şemonayev, Habil Nurəhmədov kimi oyunçularla yollar ayrıldı. Əhmədov yeni  komanda yaratmaq həvəsi ilə bu oyunçuları göndərdi. “Çempion” qəzeti bu yazıda həmin oyunçuların yeni iş yerləri barədə məlumat verəcək.

 

Dördü bir komandaya

Tərlan Əhmədovun imtina etdiyi futbolçulardan ən erkən klub tapan Emin Cəfərquliyev və Qərib İbrahimov oldu. Onlar Əsgər Abdullayevin başçılıq etdiyi “Araz Naxçıvan”la 1 illik müqavilə imzaladılar. Cahangir Həsənzadənin AZAL-dan getməsi isə Abdullayev üçün göydəndüşmə idi. “Araz Naxçıvan” hələ birinci divizionda çıxış edərkən onu gətirmək istəyən Əsgər Abdullayevin bu arzusu bir neçə gün öncə reallaşdı. Belə ki,  Cahangir AZAL-dan ayrılaraq, “Araz Naxçıvan”la 1 illik müqavilə imzaladı. Son olaraq isə Elçin Sadıqov Naxçıvana yollandı. Müqaviləni prinsipcə razılaşdıran Sadıqov 1 illik müqaviləyə qol çəkəcək.

 

Şemonayev aləmi qatdı

Ötən mövsüm AZAL-ın aparıcı oyunçusu olmuş Aleksandr Şemonayev məsələsi isə çox qarışıq oldu. Tərlan Əhmədov onu komandasında saxlamaq istəsə də, Saşa “Simurq”dan aldığı dəvəti əsas gətirib, doğma komandasına dönəcəyini bildirdi. Amma… Amması odur ki, “Simurq”la bütün məsələri razılaşdırmasına baxmayaraq, oyunçu son anda “Xəzər Lənkəran”a üz tutdu və bu klubla sözləşmə imzaladı.

 

Samuel İsveçə getdi

Azərbaycanda AZAL-dan öncə “Rəvan”ın uğurları üçün çalışmış Samuel Barlay isə İsveçə üz tutub. Syerra-Leone milli komandasının üzvü “Syrianska” klubu ilə rəsmi sözləşmə imzalayıb. Razılaşmaya əsasən, Samuel qarşıdakı 1 ildə sabiq klubunun uğurları üçün çalışacaq. Müqavilə imzaladıqdan sonra Barlay bildirib ki, zədə baxımından hər hansı bir problemi yoxdur və özünü oynamağa tam hazır sayır.

Atası sahib çıxdı

Ötən mövsüm əsasən AZAL-ın əvəzedici heyətində keçirən Habil Nurəhmədovu Tərlan Əhmədov əvvəlcə əsas heyətə cəlb etsə də, sonradan komandadan göndərdi. Azərbaycanda elə də çox tanınmayan gənc futbolçuya atası Kamran Nurəhmədov sahib çıxdı və oğlunu başçılıq etdiyi Dağıstanın “Laki” klubuna apardı. Hazırda bu komandanın heyətində məşq edən futbolçu formasını qorumağa çalışır. Onun qardaşı Kamil Nurəhmədov isə hazırda “Sumqayıt”da baxışdan keçir.

 

Orxanı qaytardılar

Tərlan Əhmədov mövsüm başa çatdıqdan sonra heyətdən göndərdiyi Orxan Səfiyaroğlu ilə bağlı tam fərqli qərar qəbul etdi. Belə ki, bir müddət keçdikdən sonra Əhmədov Orxanı komandaya  geri qaytardı. Onunla yeni müqavilə imzalanmadı. Çünki Orxanın hələ ikiillik müqaviləsi qüvvədə idi.

 

Klubsuz qalan “trio”

Jose Junior Ailton, Branislav Arseniyeviç, Axtam Xamraqulov — bunlar AZAL-dan ayrıldıqdan sonra klub tapa bilməyənlərdir. İlk iki oyunçu ötən mövsüm əsas heyətdə müntəzəm çıxış edirdi. Amma Vaqif Sadıqovun kadrları Tərlan Əhmədova lazım olmadı. Odur ki, həmin futbolçulara “yaxşı yol” deyildi.  Ailton və Branislavın təklifləri olsa da, onlar hələlik yeni klublarını müəyyənləşdirməyiblər. Axtamın da yeni klubu yoxdur. Onlar hazırda gözləmə mövqeyindədirlər.

 

AZAL davam edir

Bütün bu gedişlər onu göstərir ki, komanda tamamilə yenilənəcək. Hazırda bu yöndə konkret addımlar atılır. Büdcəsi elə də böyük olmayan komanda geniş imkanlara malik deyil. Elə transfer edilənlər də bunu söyləməyə əsas verir. AZAL “Rəvan”dan Novruz Məmmədovla Orxan Lalayevi icarəyə götürüb. Asif Mirili ilk transferdir ki, AZAL bu keçidə görə də mübarizə aparmayıb. Çünki Asif Mirili “İnter”dən getdikdən sonra klubsuz idi və onun AZAL-dan fantastik məbləğ istəmədiyi dəqiqdir. Viktor İbekoyi ilə yeni müqaviləni müzakirə edən klubda əsas məqsədlərdən biri Moldova yığmasının üzvü Stanislav Namaşko ilə müqavilə imzalamaqdır. Hazırda klubun düşərgəsində olan qolkiper vitse-prezident Fikrət Hüseynovun qayıdışını gözləyir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here