Azad Şükürov: “Özümüzü ümummilli liderimizin qarşısında borclu hesab edirik”

884

Həyatını doğma xalqının xoşbəxtliyinə, Azərbaycanın firavanlığına həsr etmiş dahi Heydər Əliyevin bu gun anım günüdür. Ölkəmizin hər yerində ümummilli liderin misilsiz xidmətləri, gələcək nəsillərə örnək olan həyat və fəaliyyəti dönə-dönə yenidən yada salınır.

Ulu öndərin anım günü ilə əlaqədar olaraq şair Nicat Əjdərin “Şərəfli ömür” poeması əsasında yeni filim çəkilib. Bu gün filmin yaradıcı heyəti Mingəçevirdə olub. Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Azad Şükürov bizimlə söhbətində bu filmdən danışdı: “Azərbaycanın XX əsr tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. O, xalqımızın, dövlətimizin xilaskarı, yeni Azərbaycanın memarı və qurucusudur. Heydər Əliyev kimi fenomen şəxsiyyət haqqında film çəkmək böyük şərəf olmaqla yanaşı, həm də vətəndaşlıq borcumuzdur. Bilirsiniz ki, ümummilli liderimiz haqqında çox dəyərli əsərlər yazılıb, filmlər çəkilib və nə qədər yazılsa, lentə alınsa, yenə azdır. “Şərəfli ömür” təxminən 10 dəqiqəlik xronometrajlı filmdir. Amma 8 ay bu filimin üzərində işləmişik. Əvvəl mətn üzərində çox ciddi iş gedib. Onu da deyim ki, mətn əruz vəznində yazılıb. Çünki ümummilli liderimiz haqqinda yazılmış bütün bədii əsərlərdən, xüsusilə poeziya nümunələrindən azdan-çoxdan xəbəri olan bir adam kimi deyirəm ki, əruz vəznində Heydər Əliyevin həyat və yaradıcılığından, demək olar ki, bu vaxta qədər əsər ortalığa qoyulmayıb. Bu, kifayət qədər irihəcimli bir əsərdir və bu əsərin yazılması da əruz vəznində olduğu üçün onu ifa etmək çətindir. Bir də bu film-poema elə bir şəxsiyyətə həsr olunub ki, onun bütün yaradıcılığı, həyatı, fəaliyyəti müqabilində orada hər şey yüz dəfə ölçülüb bir dəfə biçilməli idi”.
“Çəkilişlər hansı bölgələrdə aparılıb?” sualımıza qiraətçi cavab olaraq bildirdi: “Azərbaycanın bir çox rayonlarında… Şamaxıda, Ağsuda, Naxçıvanda, İsmayıllıda, Yevlaxda, Gəncədə, Ağdamda və Bakı şəhərində. Əsərin müəllifi bizim gənc şair dostumuz Nicat Əjdərli, filmin rejissoru Nazim Qurbanovdur. Filmin musiqisi orjinaldır. Bu musiqini bizim konservatoriyamızın yetirməsi Azər Hacıəsgət oğlu bu film üçün yazıb. Yeri gəlmişkən, qeyd edim ki, film “ARB” Aran televiziyasının texniki dəstəyi ilə çəkilib”.
Azad Şükürov daha sonra dedi: “Bu gün ulu öndərimizin çox kəlamları bizim dilimizin əzbəridir. O deyirdi ki, insanları mənəviyyat birləşdirir və mənəviyyat deyilən məfhumun içində olan kateqoriyaların biri də insanın borc hissidir. Yəni hər bir kəsin təfəkkürü, beyni onda sağlam olur ki, o, borc hissini yaşamış olur və borc hissinin nədən ibarət olduğunu anlayır. Biz də dövlətimizin belə bir işıqlı məqama gəlib çıxması, müəyyən siyasi-iqtisadi uğurlarımızın əldə olunması üçün özümüzü ümummilli liderimizin qarşısında borclu hesab edirik. Zaman-zaman biz bu şəxsiyyəti yada salacaq, onunla bağlı çox işlər görəcəyik. Mən inanıram ki, bu filimə baxanlar bizim nə dərəcədə səmimi olduğumuzu, işimizə nə dərəcədə ciddi yanaşdığımızı hiss edəcəklər. Onu da qeyd edim ki, bu filmin Moskva və Sank- Peterburqda da təqdimatı keçiriləcək”.
“Necə oldu ki, bu filmə təklif aldınız?” sualına isə Azad Şükürov belə aydınlıq gətirdi: “Novruz Bayramı ərəfəsində Nicat Əjdər (müəllif) mənimlə görüşdü və bir əsər yazdığını dedi. Əlavə etdi ki, bəs çox adamlar sizə müraciət etməyimi məsləhət biliblər”.
Esmira Hidayətova, Mingəçevir