“Azəriqaz”a xəbərdarlığım

0
497

Yəqin, deyəcəksiniz, bu yenə başladı, qazlı-qazlı danışmağa. Etiraf edirəm ki, bu dəfə, həqiqətən də, qazlı-qazlı danışmaq zorundayam. Xoşunuz gəlsə də, gəlməsə də… Bir də bu dəfə qazlı-qazlı danışmağa haqqım var. Çünki elə qazdan danışacağam. Odur ki, o qədər qazlıyam ki, heç bilmirəm, haradan başlayım?

Hə, yadıma düşdü: bu günlərdə “Azəriqaz” yenə əhaliyə xəbərdarlıq edib ki, bəs, ay camaat, unutmayın ki, bədbəxt hadisələrin təxminən 98 faizi istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarına tam riayət edilməməsi səbəbindən baş verir. Odur ki, filan-filan (məsələn, qaz iyi və qaz cihazlarında nasazlıq hiss etdikdə dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin və sairə) şeylərə əməl edin ki, sonra sizinlə qazlı-qazlı danışmayaq. Hə, həmin xəbərdarlığın sonunda da qeyd olunur: unutmayın ki, təbii qazdan istifadə qaydalarına riayət etməklə siz özünüzün və ətrafdakıların həyatını baş verə biləcək bədbəxt hadisələrdən qorumuş olursunuz. Təbii ki, bu xəbərdarlığa görə, şəxsən özümün, eləcə də ailəmizin adından bu mötəbər quruma təşəkkür edirəm. Bu öz yerində…

Amma mən də bu quruma bir neçə şeyi xatırlatmaq istəyirəm. Ay bu qurumun rəsmiləri, məgər siz bilmirsiniz ki, hər il noyabrın 15-dən etibarən qış rejiminə keçidlə əlaqədar paytaxtdakı yaşayış binalarına (səhv etmirəmsə, onların sayı iki mindən çoxdur) istiliyin verilməsinə başlanılmalı idi? Bu gün ayın iyirmi biridir, amma hələ də bir çox yerlərdə istiliyi gördüm deyən yoxdur. Yəqin, deyəcəksiniz, bu məsələ ilə “Azəristiliktəchizat” ASC məşğuldur. Narahat olmayın, bunu mən də yaxşı bilirəm. Bəs elə isə niyə sizin yaxanızdan yapışmışam? İndi ərz edəcəyəm. Çünki məhz siz qazanxanaların qazını kəsmisiniz. Bunun da səbəbi ondan ibarətdir ki, sən demə, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” a borcu varmış… Lap deyirəm, xub… İndi mənə deyin görüm, ay “Azəriqaz”ın rəsmiləri, niyə borc məsələsi bu soyuq günlərdə yadınıza düşüb? Niye indi bu məsələ özünün pik nöqtəsinə çatıb? Olmaya yaddaşınızda problem var? Bir mənə deyin görüm, niyə bu iki dövlət müəssisəsi arasında yaranmış problemin əziyyətini camaat çəkməlidir? Məgər camaatı soyuqda qoymaq vəziyyətdən çıxış yoludur? Olmaya camaat üşüyəndə siz qızınırsınız? Bu qədər yatmaqmı olar? Bu barədə onları vaxtında xəbərdar edə bilməzdiniz? Yaxud həmin qurumu məhkəməyə verə bilməzdinizmi? Niyə verməməsiniz? Vallah, bu böyük bir məsuliyyətsizlikdir.

İkincisi, “Azəristiliktəchizat” sizə dəfələrlə deyib ki, bu borc illərlə, yəni “Bakıistiliktəchizat”ın dövründən yığılıb qalıb. (O vaxt “Bakıistilik” də, “Bakqaz” da Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində idi). Odur ki, bu borcların hamısını birdən ödəməyə imkanımız yoxdur. Cari borcları imkanımız olanda ödəyirik. Hə, hətta “Azəristiliktəchizat” ərz edib ki, bu gün hətta tarif iki dəfə artsa belə, köhnə borcları ödəmək imkanımız yoxdur, özümüz də ziyanla işləyirik. Bunu bilə-bilə niyə belə edirsiniz axı?

Üçüncüsü, ay “Azəriqaz”, məgər siz bilmirsiniz ki, indi aləm bizim qazımızla qızınır? Bir əcnəbi adama deməzmi, balam, axı siz nə vaxta qədər aləmi bəzəyib özünüz lüt gəzəcəksiniz? (Bağışlayın, aləmi qızdırıb özünüz üşüyəcəksiniz demək istəyirdim). Hə, onda nə deyəcəksiniz? Elə məkanlar var ki, siz onları pulsuz-parasız qızdırırsınız. Özümüzə çatanda isə elə haray qoparırsınız ki…

Dördüncüsü, mənim bir abonent kimi sizə borcum yoxdur ki? Elə isə niyə mənim istiliyim verilmir? Yoxsa istəyirsiniz ki, bu məsələni daha yuxarı orqanlara çatdırım? Və sonda, ay “Azəriqaz” rəsmiləri, sizə deyirəm, unutmayın ki, təbii qazı verməməklə siz camaatı baş verə biləcək bədbəxt hadisələrdən qorumamış olursunuz.

Qvami