“Azəri-Çıraq-Günəşli”də neft hasilatı isə 0,6% artıb

Bu ilin ilk 3 rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinə 378 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 120 milyon dollar əsaslı məsrəflər xərclənib. “Yeniavaz.az” xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2015-ci ilin ilk 3 rübü ilə müqayisədə bu ilin ilk 9 ayı ərzində AÇG layihəsində əməliyyat məsrəfləri 33,7% və ya 192 milyon dollar, əsaslı məsrəflər isə 25,3% və ya 380 milyon dollar azalıb.
AÇG-də neft hasilatı cüzi artıb
AÇG-nin “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 9 ay ərzində 176 milyon barel (24 milyon ton) və ya gündə orta hesabla 644 min barel neft hasil edilib. Məlumat üçün bildirək ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilat 0,62% və ya 4 min barel, ümumi hasilat isə 0,57% və ya 1 milyon barel artıb. Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hasilat quyularının sayı 16% və ya 14 ədəd, injektor quyularının sayı isə 7% və ya 3 ədəd artıb.
İlin ilk 3 rübü ərzində Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 7,2 milyon kubmetr AÇG səmt qaz verilib. Qeyd edək ki, ötən ilin ilk 9 ayı ərzində ARDNŞ-a bundan daha çox – gündə 9,8 milyon kubmetr AÇG səmt qazı verilib.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%) və ONGC Videş Limited (OVL) (2,7%) şirkətləridir.
Doqquz ay ərzində “Şahdəniz”dən 8 milyard kubmetr qaz hasil edilib
Bu ilin ilk 9 ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 334 milyon dollar əməliyyat xərcləri və 2 milyard 770 milyon dollar əsaslı xərclər çəkilib. Ötən ilin analoji dövrü ilə müqayisədə “Şahdəniz”də əməliyyat xərcləri 9,7% və ya 36 milyon dollar, əsaslı xərclər isə 17,8% və ya 600 milyon dollar azalıb. Doqquz ay ərzində yataqdan 8 milyard kubmetr qaz və 1,9 milyon ton (təqribən 15 milyon barel) kondensat hasil edilib.
Məlumat üçün bildirək ki, AÇG-də olduğu kimi bu il “Şahdəniz”dən hasil olunan qazın da həcmi artıb. Belə ki, ötən ilin ilk 3 rübü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında ümumi hasilat 11,1% və ya 800 milyon kubmetr artıb.
Xatırladaq ki, “Şahdəniz” layihəsində BP (operator – 28,8%), AzŞD (10%), Cənub Gaz Dəhlizi Upsrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%) şirkətləri iştirak edirlər.
Bu ilin 3 rübü ərzində isə BTC vasitəsilə təqribən 25,7 milyon ton xam neft ixrac olunub
2016-cı ilin ilk 9 ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri üzrə əməliyyat xərclərinə 87 milyon dollar, əsaslı xərclərə 41 milyon dollar xərclənib. Ötən ilin analoji dövrü ilə müqayisədə BTC üzrə əməliyyat xərcləri 17,9% və ya 19 milyon dollar azalıb, əsaslı xərclər isə 28,1% və ya 9 milyon dollar artıb.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bu ilin 3-cü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 341 milyon ton (təxminən 2,55 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3354 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Bu ilin 3 rübü ərzində isə BTC vasitəsilə təqribən 25,7 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 242 tankerə yüklənib.
Xatırladaq ki, BTC boru kəmərinin səhmdarları BP (30,1%)3, AzBTC (25%), Şevron (8,9%), Statoyl (8,71%), TPAO (6,53%), ENİ (5%), Total (5%), İTOÇU (3,4%), İNPEKS (2,5%), CIECO (2,5%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.
Cənubi Qafqaz Boru Kəmərinin xərcləri azalıb
Bu ilin 3 rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü təqribən 20 milyon kubmetr qaz olub. Bu ilin ilk 9 ayında boru kəmərinin gündəlik orta ötürücülüyü ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çox olub. Hesabat dövründə boru kəməri ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar (34% az) əməliyyat xərcləri və 764 milyon dollar (8,5% az) əsaslı xərclər sərf edilib.
Boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.
CQBK-nin sərmayədarları qismində BP (28,8%), AzSCP (10%), SGC Midstream (6,7%), Petronas (15,5%), LUKOYL(10%), NİKO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.
BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub
2016-cı ilin üçüncü rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 865 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir. Qeyd edək ki, “BP-Azerbaijan” şirkətinin ötən ilki məlumatında bildirilirdi ki, şirkətin ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edib.
“BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.
Allahverdi Aydın