Azərbaycanlı rejissor Moldovada tamaşa hazırlayır

422

Tural Mustafayev tamaşa hazırlamaq üçün Moldovanın D. Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət olunub. Həmyerlimiz teatrın 20 illik yubileyi münasibəti ilə Moldova teatrında Con Patrikin “Əziz Pamela” əsərinə quruluş verir. Teatrın rəhbəri Mixail Konstantinovun sözlərinə görə, qaqauz dilində oynanılacaq  tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, dekorçu rəssamı Dmitri Stefogiodur. Janrı komediya kimi təyin olunan səhnə əsərində Elena Danaji (Pamela), Mixail Konstantinov (Sol Bozo), Anatoli Radulov (Bred Viner), Nataliya İvançuk (Qloriya Qulok), Dmitri Zirov (Co Yanki), Valentina Gümüşlü və İliya Haci (Teatr adamı), Rinat Radov (Meksikalı yolçu) çıxış edirlər. “Əziz Pamela” tamaşasının premyerası 10 dekabr tarixinə planlaşdırılıb.

Hər dəqiqə uçub-dağıla biləcək köhnə, atılmış evin zirzəmisində tənha və yaşlı qadın yaşayır. Günlərin bir günü onun yanına qonaqlar gəlir. Bu qonaqlar Pamelanı öldürməyi düşünən üç fırıldaqçıdır.

Pamelanın sevgisi, inamı və ümidi fırıldaqçıların bütün planlarını alt-üst edir və onları dəyişməyə və həyata başqa cür baxmağa vadar edir. Ancaq hər şey onların hər biri üçün uğurla həll olunmuş kimi görünən zaman qəhrəmanlar fikrə gedirlər.

Amerika dramaturqu və ssenaristi Con Patrik Qoqqin (1905-1995) ABŞ-ın Kentukki ştatında anadan olub. Valideynləri ondan imtina etdikləri üçün Con uşaq yaşlarını internatlarda keçirib. 19 yaşında San-Fransisko radiosunda diktor vəzifəsində əmək fəaliyyətinə başlayıb. İlk pyesi olan “Cəhənnəm donur” 1935-ci ildə rejissor Coşua Loqan tərəfindən Brodvey teatrında tamaşaya qoyulub.

İkinci pyesi “Uillou və mən” tamaşaya qoyulduqdan sonra C.Patrik könüllü olaraq, hərbi xidmətə yollanır. Xidmətdə olarkən qələmə aldığı “Tələsik ürəklər” pyesi müəllifə böyük şöhrət qazandırıb.

Dramaturqun “Qəribə Misis Sevic”, “Əziz Pamela”, “Ordan olan hər kim”, “Rəqs edən siçan”, “Maqbet bunu etdi”, “Pomidorlar üçün pis il”, “Məcbur olma”, “Tövbə”, “Empati”, “Aldadılmış dələduzlar”, “Həkim indi sizi müayinə edəcək”, “Pedikürçü” kimi pyesləri dünyanın müxtəlif teatrlarında tamaşaya qoyulur. Azərbaycanda o qədər də məşhur olmayan C.Patrik dramatyurgiyasından “Əziz Pamela” əsərinə bir neçə dəfə müraciət olunub. Akademik Milli Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı son illərdə bu əsər əsasında tamaşa hazırlayıb.

Ümumiyyətlə, “Əziz Pamela” müəllifin ən məşhur pyesidir. Tənqidçilər tərəfindən tipik “Amerika tərzində qələmə alınmış hər şeyə qalib gələn Xeyirin qüdrətindən bəhs edən Milad nağıl-pritçası” kimi təqdim olunan pyesin orijinalda adı belədir:“Hamı Opalı sevir”. Qriqori Qorin pyesi rus dilinə tərcümə edərkən “Əziz Pamela” ifadəsini pyeisn adına əlavə etmişdir.