Azərbaycanlı müdrikliyi, çeçen mərdliyi və erməni naxələfliyi

0
237

Azərbaycanlılar və çeçenlər arasında Moskvadakı “Neolit” kafesində adi məişət zəminində baş vermiş hadisədən ermənilər və ermənipərəst dairələr özlərinin dedikəri kimi, maksimum faydalanmağa çalışırlar.

Siyasi elmlər doktoru, ekspert Hatəm Cabbarlı mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Rusiya Federasiyası, o cümlədən onun tərkibinə daxil olan Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında dostluq əlaqələri ildən-ilə möhkəmlənir: “Məsələn, ötən ilin noyabr ayında ölkəmizdə səfərdə olmuş Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafa nail olunduğunu, dini icmalar, o cümlədən müsəlmanlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü də vurğulamışdı. Üstəlik, çeçenlər Qarabağ müharibəsində bizə dəstək veriblər. Şübhəsiz, bütün bunlar erməni diasporunu və onların havadarlarını qıcıqlandırır. Odur ki, onlar texnologiyanın imkanlarından daha çevik istifadə etməklə hətta adi məişət zəminində baş vermiş hadisəni belə problem kimi təqdim etməklə ölkəmizin imicinə zərbə vurmağa, bununla da öz çirkin niyyətlərini həyata keçirməyə səy göstərirlər. Qeyd edək ki, Rusiyada yaşayan ermənilərin və ermənipərəst dairələrin belə hallardan yararlanmağa çalışmaları, xalqımıza qarşı kin, nifrət istehsal etmələri ilk dəfə deyil…

Təqdirəlayiq haldır ki, hər iki tərəfin siyasi xadimləri, eləcə də tanınmış nümayəndələri bu kimi təxribatların qarşını almaqda əllərindən gələni ediblər. Bu dəfə də belə addımlar atıldı. Odur ki, inamla deyirəm ki, bu dəfə də ermənilərin mənfur çağırışlarına səs verən olmayacaq  və onların xalqlar arasında nifaq toxumu səpmək cəhdləri uğursuzluğa düçar olacaq. Artıq olub da… Elə ermənilərin və erməni diasporunun cəhdlərindən saatlar keçməmiş sosial şəbəkələrdə azərbaycanlıların və çeçenlərin nümayəndələrinin dost kimi birlikdə əyləşdikləri və qardaş kimi qucaqlaşdıqlarını özündə əks etdirən videolar, eləcə də onların səsləndirdikləri bəyanatlar da bunu sübut edir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”