“Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi dəyişməyib”

0
352
Xarici İşlər Nazirliyi: “1 sentyabr 2014-cü il tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi barədə məlumat yanlış və əsassızdır, həqiqəti əks etdirmir”.
Dünən Türkiyənin bir çox mətbuat orqanlarında “Azərbaycanda şok Türkiyə qərarı” adı altında xəbərlər yer aldı. Xəbərlərdə iddia olunurdu ki, 1 sentyabr 2014-cü il tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli viza verilməsi qaydası Azərbaycan tərəfindən ləğv edilib. Bu xəbər gündəmi zəbt etməklə yanaşı, qardaş ölkədən olan bir çox insanların narahatlığına səbəb olmuşdu. Amma dünən günün sonunda Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumat bu iddiaların doğru olmadığını təsbit etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri ərəfəsində bu cür həqiqətəuyğun olmayan məlumatların yer alması hansı mənbədən qaynaqlanır, dəqiq bəlli deyil.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, 1 sentyabr 2014-cü il tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi barədə məlumat yanlış və əsassızdır, həqiqəti əks etdirmir. E.Abdullayev deyib ki, vizaların verilməsi qaydalarında hər hansı dəyişiklik yoxdur: “Əksinə, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi tətbiq olunub. KİV-lər bu cür yanlış, əsassız  və yoxlanılmamış məlumatların yayılmasına yol verməməlidirlər”.

Azərbaycan ilə Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik yoxdur. Bu açıqlamanı isə Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev verib. Onun sözlərinə görə, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir. Viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil.

Qeyd edək ki, mətbuatda 2014-cü il 1 sentyabr tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi haqda məlumat yayılıb. Məlumatda qeyd edilib ki, yeni qaydaya əsasən, Türkiyə vətəndaşları 1 illik viza ilə Azərbaycana yalnız bir dəfə səfər edə bilərlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here