Azərbaycanın tarixi paytaxtına qovuşduğu gün

0
403

 

15 sentyabr, 1918-ci ildə Bakının rus işğalından və erməni terrorçularından azad edildiyi gündür. Həmin dövrdə Azərbaycanda, eləcə də, regionda yaranmış tarixi situasiya barədə “Zaman-Azərbaycan” qəzetinə məlumat verən millət vəkili, professor Musa Qasımlı bunları dedi: “Bolşevik Rusiyası I Dünya müharibəsindən çıxdıqdan sonra Qafqazda yeni bir şərait yarandı. Geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət-Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə verdi. Onlar buna qədər Anadoluda dinc türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlman olduqları üçün etibar etmədiyindən azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə çağırılmadıqları üçün vergi ödəyirdilər. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Bolşeviklər və erməni-daşnak dəstələri birlikdə qırğınları törədirdilər. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Azərbaycanlı, gürcü və erməni nümayəndələrindən ibarət olan, ziddiyyətlərin kəskinləşdiyi Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Tiflisdə Orient oteldə Azərbaycanın müstəqilliyi elan edildi. Müsəlman Şərqinin ilk Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər; ərazi, əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayətə qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu, qardaş Osmanlının yardımı oldu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü”.

 

“Azərbaycanlı gənclər Çanakkalaya

çarizm orqanlarından xəlvəti olaraq getmişdilər”

M. Qasımlı söylədi ki, Osmanlının hərb naziri Ənvər Paşa ögey qardaşı Nuru Paşanı Azərbaycana göndəriləcək ordunun komandanı təyin etdi. Onun sözlərinə görə, Bakı azad edildikdən sonra problemin çıxmaması və yerli əhali ilə ordu cərgələrini doldurmaq məqsədilə həmin ordu Qafqaz İslam Ordusu adlandırıldı. Müsahibimiz qeyd etdi ki, türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi: “Müqavilənin 4-cü maddəsinə görə, əgər Azərbaycan daxili qayda-qanunu və təhlükəsizliyi təmin etmək üçün müraciət edərdisə, Osmanlı dövləti bu yardımı göstərməli idi. Azərbaycan tərəfi belə bir yardım üçün müraciət etmişdi”. Türk ordusunu Azərbaycana gətirən səbəblər haqqında da danışan müsahibimiz bildirdi ki, türk ordusunun buralara gətirən mənəvi əsaslar var idi: “Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənclər Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət,Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq idi. Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl köprü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi”.

 

“Almaniya Qafqaz İslam Ordusunu

dayandıra bilmədi”

Müsahibimizin sözlərinə görə, Qafqaz İslam Ordusunun hücumlarına tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi: “Onun yerində qurulan Sentrokaspi diktaturası general Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq Bakı neftindən pay alacağı üçün Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin, bu, Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Osmanlı rəhbərliyi Bakının necə olursa-olsun azad edilməsi əmrini verdi. Ağır döyüşlər nəticəsində işğal altında olan şəhər, qəsəbə və kəndlər azad edildi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Bakıya gələrkən ermənilərə arxalanan general Denstervil onların qorxaqlıqlarını görüb şəhəri əldə saxlamağın mümkün olmadığını anladı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. Şəhər zərər görmədi”. M. Qasımlı qeyd etdi ki, İngilislər və Sentrokaspi diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü. Sentyabrın 18-də Nuru Paşa bütün soyuq və odlu silahların təhvil verilməsi haqqında əmr verdi. Bakı şəhərinin komendantı Cəmil Cahid isə beş maddədən ibarət əmr verərək milliyyətindən asılı olmayaraq bütün sakinlərin həyatının və əmlakının türk komandalığı tərəfindən qorunduğunu bildirdi. Şəhərdə qayda-qanun yaradıldı. Dükan-bazar işləməyə başladı”.

 

“15 sentyabr Azərbaycan tarixi

paytaxtına qovuşdu”

Musahibimiz Bakının azad edilməsinin böyük tarixi əhəmiyyəti olduğunu vurğuladı: “Qardaşlığımız sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu. Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Hələ I Pyotr dövründən dövriyyəyə salınmış “Bakı və Azərbaycan”nın sanki ayrı-ayrı məfhumlar və mədəniyyət olmasının üstündən xətt çəkildi. Sonrakı illərdə sovet hakimiyyəti Bakını qoparmaq istəsə də, məqsədinə nail ola bilmədi”. M. Qasımlı qeyd etdi ki, Bakının azad edilməsi azərbaycanlıların milli ruhunu yüksəltdi: “Azərbaycanlılar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar”.

 

“AXC-nin müstəqilliyinə Nuru Paşa

qədər töhfə verən ikinci bir şəxs olmayıb”

Mövzumuzla bağlı suallarımızı cavablandıran millət vəkili Fazil Mustafa bildirdi ki, 15 sentyabr əslində Azərbaycanın xilas günüdür: “15 sentyabrda Bakı düşməndən təmizlənməklə bütövlükdə Azərbaycan xilas oldu. Qafqaz İslam Ordusunun sıralarında azərbaycanlılar ilə türklər çiyin-çiyinə tarixi torpaqları uğrunda böyük şücaət göstəriblər”. F. Mustafanın sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasına görə, Qafqaz İslam Ordusuna borcluyuq: “1918-ci ildə Azərbaycanın müstəqilliyinə Nuru Paşa qədər töhfə verən ikinci bir şəxs olmayıb”. AXC-nin banilərindən olan Məmməd Əmin Rəsulzadənin “Nuru Paşanın gəlişi ilə sanki göydən bir mələk düşdü” ifadəsini xatırladan millət vəkili Qafqaz İslam Ordusunu ilə xalqın ruhunun özünə gəldiyini ifadə etdi: “Nuru Paşa onunla gələn türk zabitlərini azərbaycanlılara təlim keçməyə, əsgər hazırlığına səfərbər etmişdi. O dövrdə Osmanlının özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Azərbaycanın köməyinə say-seçmə zabitlərini göndərdi. Bakı işğaldan azad olunduqdan sonra Albay Cahidin komandanlığı altında bütün Qarabağda erməni qiyamı yatırıldı və Azərbaycan tarixində ilk dəfə olaraq 1918-ci ilin oktyabrın əvvəllərində Şuşada hərbi parad keçirildi”. Nuru Paşanın Azərbaycan üçün xidmətlərinin əvəzini heç nə ilə ödəməyin mümkün olmadığını qeyd edən F. Mustafa qeyd etdi ki, Azərbaycan xalqı onun timsalında Qafqaz İslam Ordusunu iftixar hissləri ilə yad edir.

Elvin Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here