“Azərbaycanın nümunəsi göstərir ki, müxtəlif dinlər arasında birgə yaşayış mümkündür”

0
361

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumunun plenar iclasında çıxış edən ABŞ-dakı Simon Vizental Mərkəzi rəhbərinin müavini, ravvin Abraham Kuperin təşəbbüsü ilə İsrailin sabiq prezidenti, bir gün öncə vəfat etmiş Şimon Peresin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

apa-nın məlumatına görə, ravvin A. Kuper çıxışında deyib ki, tolerantlığı, dözümlülüyü təşviq etmək üçün hər şey etmək lazımdır: “Bunun üçün əməkdaşlıq zəruridir, biz Bakıya bunun üçün toplaşmışıq. Azərbaycanda çox tolerant bir cəmiyyət var, 2016-cı il “Multikulturalizm ili” elan edilib. Azərbaycana minnətdarıq ki, çoxmillətli, çoxdinli modelini dünyaya təqdim edir”.

Azərbaycanda yəhudilərin əsrlərlə sülh şəraitində yaşadığını vurğulayan Ravvin A. Kuper xatırladıb ki, Azərbaycanda sünni və şiələr də mehriban şəraitdə yaşayır, məscidlərə birlikdə gedirlər: “Qarşılıqlı hörmət olduğu təqdirdə, mədəniyyətlər birgə yaşaya bilər”.

Argentina Milli Konqresi Deputatlar Palatasının vitse-spikeri Patrisa Ximenez çıxışında 1996-cı ildə ölkəsində Konstitusiya islahatları həyata keçirildiyini xatırladıb: “Bu dəyişikliklərdən biri yerli aborigen xalqların mədəniyyətinin inkişafı ilə bağlı idi. Əvvəllər aborigenlər Argentina iqtisadiyyatında, siyasətində iştirak etmirdilər, tamamilə marginallaşmışdılar. Aborigen xalqlar mülkiyyət hüquqlarından istifadə edə bilməməkdən şikayətlənirdilər. Biz Konstitusiya islahatlarından sonra aborigenlərin ölkə həyatında daha aktiv iştirakına nail ola bildik. Aborigen xalqların torpaqlarının qaytarılması üçün bu insanlara Ali Məhkəməyə birbaşa müraciət etmək hüququ verdik və onların torpaqları özlərinə qaytarıldı”.

Çin Buddist Assosiasiyasının sədri Syue Çenqin çıxışında dinlə bağlı düzgün olmayan təfsirlərin aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb: “Biz dini köklərindən asılı olmayaraq, nəsillər arasında ünsiyyət yaratmalıyıq. Ünsiyyət universal xarakter daşıyır, müxtəlif dinlərə və mədəniyyətlərə tətbiq edilə bilər. Tarix göstərir ki, böyük dinlər müxtəlif fərqli mədəniyyətlər haqqında məlumatların çatdırılmasında ilk cərgədə olublar, bir ünsiyyət vasitəsidirlər. İnsan dəyərlərindən uzaqlaşdırıla bilməz”.

Qazaxıstanın dövlət katibi Gülşara Abdıxalikova ölkəsində dinlər və mədəniyyətlərarası dialoqla bağlı qurum yaradıldığını nəzərə çatdırıb.

Parisdə terror aktlarından sonra gərginlik yaşandığını söyləyən Fransa İmamları Konfransının sədri Hassen Şalqumin isə hazırda Fransada bəzilərinin birgə yaşayışın mümkün olmadığı barədə fikirlər səsləndirdiyini söyləyib: “İslam, xristianlıq tolerantlıq dinidir. Azərbaycanın nümunəsi göstərir ki, birgə yaşayış mümkündür. İnanıram ki, Fransada xristianlar və müsəlmanlar tolerant şəkildə yaşayacaq”.

Afrika İttifaqının Siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi deyib ki, Afrika qitəsində yaşanan humanitar böhranlar səngiməyib: “Təəssüf ki, digər qitələrdə baş verən müharibələr, böhranlar Afrikada böhranlara təsir edir, onları dərinləşdirir. Məsələn, Cənubi Sudanda durum humanitar böhrandan da dərindir. Somalidə də vəziyyət dəyişmir, siyasi təsisatlar zəifdir, etnik azlıqlar və klanlar arasında toqquşmalar davam edir. Bu mühitdən terror qrupları istifadə edir”.

İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif Suriyanın Hələb şəhərində durumun faciəli olduğunu, Yəmən əhalisinin 80 faizinin təcili humanitar yardıma ehtiyac duyduğunu diqqətə çatdırıb: “Siyasi həll yolları tapılmayana qədər bu böhranlar aradan qalxmayacaq. Fələstin problemi ədalətli həll olunmadan Yaxın Şərqdə problemlərin həlli mümkün deyil”.

UNESCO İcra Şurasının sədri Maykl Vorbs İçərişəhərin təşkilatın “Mədəni irs” siyahısında olduğunu xatırladıb: “Azərbaycan mədəniyyətlər qovşağında yerləşir. Bakıda keçirilən Beynəlxalq Humanitar Forum həm də UNESCO-nun məqsədlərinə xidmət edir”.