Azərbaycanın növbəti humanist addımı

0
43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan bəyanata əsasən, işğalçı ölkənin silahlı qüvvələri ərazisinə görə ölkəmizin ən böyük rayonlarından biri sayılan Kəlbəcəri noyabrın 15-dək boşaltmalı idi. Elə həmin gün də  Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə verilməli idi. Ancaq Ermənistan tərəfi Rusiya vasitəsilə  rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istəyib. Onlar bunu  o istiqamətdən yalnız bir yolun olması və həmin yolun ötürücülük qabiliyyətinin aşağı olması ilə əlaqələndiriblər. Həm dünya təcrübəsini, həm də beynəlxalq normaları rəhbər tutan Azərbaycan Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın yürütdüyü siyasətdə daim humanizm prinsiplərinin rəhbər tutulduğunu  nəzərə alsaq,  sözügedən məsələyə razılığı bu qəbildən olan növbəti addım kimi dəyərləndirmək olar: “Fikrimcə, bu addımı ilə  Azərbaycan özünün insani, bəşəri, humanist mövqeyini bir daha dünyaya nümayiş etdirib. Yeri gəlmişkən onu da qeyd edim ki, ölkəmiz işğalçı ölkəyə qarşı, hətta müharibə dönəmində belə həmişə humanistlik nümayiş etdirib. Məsələn, sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən Vətən müharibəsində Azərbaycan faşizm ənənəsinə sadiq olan Ermənistandan fərqli olaraq, dinc əhalini hədəf seçmədi. Amma Ermənistan nəinki cəbhə bölgəsinə yaxın ərazilərimizi, üstəlik, uzaq yaşayış məskənlərimizi də xaincəsinə atəşə tutdu. Şübhəsiz, bütün bunlar ermənilərin vandallığından  xəbər verir.”

Müsahibimiz daha sonra qeyd edib ki, Kəlbəcəri tərk edən ermənilər öz vəhşiliklərini yenə davam etdirirlər: “Belə ki, onlar qeyri-qanuni yaşadıqları Kəlbəcərdən evlərin tikinti materialların, söküb aparır, hətta unitazları belə özləri ilə götürürlər.  Bir sözlə, onlar aparılması mümkün olan hər şeyi özləri ilə aparırlar. Üstəlik, bu barbarlar evləri yandırır, meşələrə od vururlar. Bütün bunlar isə ekoloji terrordur. Bu da faşist ideologiyasına xidmət edən erməni vandallarının beynəlxalq hüquq normalarına hələ də məhəl qoymamalarından xəbər verir. Bu məqamda Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin İnterfaks  agentliyinə müsahibəsində dediyi bu fikirləri yada salmaq istərdim: “Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bircə salamat bina tapa bilmədik… Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayıl rayonunun xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar. Evlərin damlarını, pəncərə çərçivələrini, hətta unitazları da. Bu, sadəcə, quldurluqdur”.

Müsahibimiz, həmçinin ürək ağrısı ilə qeyd ediv ki, Ermənistan 1993-cü ildə Kəlbəcəri işğal edərkən əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi: “O zaman Kəlbəcər sakinləri keçilməz yolları ayaqyalın qət edərək canlarını erməni silahlılarından güclə qurtarmışdılar. Onlardan qırğına məruz qalanlar da olmuşdu, girov götürülən də, itkin düşən də. Rəsmi statistikaya görə, həmin günlərdə rayonun 511 nəfər sakini  öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Amma Azərbaycan humanist xarakterini bir daha nümayiş etdirərək ermənilərə Kəlbəcəri tam boşaltmağa, hər şeylərini aparmağa bu cür  imkan yaradıb. Onu da xüsusi vurğulamaq istəyirəm ki, bu humanistliyimiz dünyanın əksər qurumları tərəfindən yüksək dəyərləndirilir. Artıq onlar da dərk edirlər ki, Azərbaycan daim insani, ermənilər isə faşizm  prinsiplərindən çıxış ediblər.”

Milli Məclisin deputatı daha sonra deyib: “Kəlbəcərin Azərbaycana qaytarılması ilə öz yurdlarına dönəcək sakinlər yanmış, xarabalığa çevrilmiş evlərlə qarşılaşacaqlar. Amma fikrimcə, buna görə əndişələnməyə dəyməz. Belə ki, dövlətimiz Kəlbəcərdə öz dədə-baba yurdlarına qayıdan hər kəs üçün normal şərait yaradacaq. Mənfur düşmənin uçurduqlarını, söküb-yandırdıqlarını, talan etdiklərini yenidən tikəcək, yenidən quracaq. Cocuq Mərcanlıda olduğu kimi, bu yaşayış məskənimizdə də həyat yenidən qaynayacaq. Bunun üçün dövlətimizin gücü də, xalqımızın iradəsi də var.”

Qvami Məhəbbətoğlu, “İki sahil”