Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisi artır

44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində bölgədə yaranmış yeni reallıqlar ölkəmizə həm də iqtisadi dividendlər vəd edir. Yanvarın 11-də Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları sənəd Azərbaycanla Naxçıvanın və Türkiyənin arasında quru yolun açılmasına zəmin yaradır ki, bu da beynəlxalq nəqliyyat-kommunikasiya xətti üçün olduqca əlverişli və səmərəlidir. Bununla  Azərbaycan bütün region ölkələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat-kommunikasiya imkanlarını reallığa çevirməklə yanaşı, Şərq-Qərb tranzitinin əsas logistik mərkəzi statusunu qazanacaq. Bu o deməkdir ki, ölkəmizin bu istiqamətdə apardığı iqtisadi siyasət həm region, həm də ölkəmiz üçün geniş üfüqlər  açır.

Digər tərəfdən, hazırda Qarabağın erməni barbarları tərəfindən dağıdılmış şəhər və kəndlərində müxtəlif layihələr gerçəkləşdirilməkdədir ki, bu da iqtisadi inkişafımıza öz töhfəsini verəcək.  Belə ki, beynəlxalq  miqyaslı aeroportun, hər cür infrasrtuktura malik yolların tikintisi, abadlıq-quruculuq işləri bir daha təsdiqləyir ki, yaxın illərdə həmin ərazilər yenidən Azərbaycanın dilbər guşəsinə çevriləcək.

Dünya miqyasında inkişaf baxımından aparıcı yerlərdən birini tutan ölkəmiz  bölgədə yaratdığı yeni reallıqları ilə beynəlxalq aləmdə diqqət mərkəzindədir. Eyni zamanda, əksər ölkələr Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi addımları təqdir edir. Dövlət başçımızın aparıcı dövlətlərin rəhbərləri, dünyanın nüfuzlu ictimai-siyasi xadimləri və digər şəxslərlə görüşləri bir daha həm Prezident İlham Əliyevin, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir. Bu da ölkəmizin həmin istiqamətdə həyata keçirdiyi uğurlu siyasətini bir daha təsdiq edir. Şübhəsiz,  bütün bunlar Azərbaycanın geosiyasi və geoiqtisadi çəkisini artırır və ölkəmizin strateji tərəfdaşlarının sayını çoxaldır

Bütün bunlara rəğmən, Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən bu istiqamətdə daha sıx əməkdaşlığın vacib olduğunu bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, indi vəziyyət dəyişib, Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Prezidentin fikrincə, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Dövlətimizin başçısı bu məsələdə daha çox nəyə önəm vermək lazım olduğunu da vurğulayıb: “Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.”