Azərbaycanın əhəmiyyətini bir daha təsdiqləyirik.

“ABŞ üçün Azərbaycanla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”. Bunu ABŞ Konqresinin Helsinki komissiyasında Azərbaycan üzrə dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin bəyan edib.
ABŞ-ın Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişafından məmnun olduğunu deyən diplomat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq əsasən təhlükəsizlik, iqtisadiyyat, energetika və  demokratik inkişaf istiqamətləri üzrə edəcək: “20 ildən çoxdur ABŞ Azərbaycanla birgə demokratik, firavan və təhlükəsiz cəmiyyətin qurulması üçün səylər göstərir. Azərbaycan NATO və ABŞ-ın Kabildən Kosovoyadək əsas müttəfiqlərindən biri olub. Hazırda Azərbaycanın 94 nəfərdən ibarət kontingenti Əfqanıstanda xidmət edir və 2014-cü ildən sonra da orada xidməti davam etdirmək niyyətindədir. Azərbaycan Şimal Təchizat Şəbəkəsində (NDN) əsas bağlayıcıdır. Əfqanıstana və oradan qeyri-hərbi yüklər Azərbaycanın hava məkanı vasitəsilə daşınır. Xəzər dənizində təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və dəniz domen məlumatlandırma sistemi ABŞ-ın Azərbaycana göstərdiyi əsas yardımlar siyahısında prioritetdir”.

ABŞ-ın postsovet məkanında gedən proseslərlə bağlı siyasətinə toxunan E.Rubin qeyd edib ki, Vaşinqtonun Ukrayna qismində müdafiə etdiyi ərazi bütövlüyü prinsipi regionun bütün ölkələrinə şamil edilir: “Azərbaycan çox təhlükəli regionda, Rusiya ilə İran arasında yerləşir. ABŞ Azərbaycan hökuməti ilə onun ərazi bütövlüyü və müstəqilliyini müdafiə etmək qabiliyyətinin gücləndirilməsi istiqamətində işləyir”.

E.Rubin həmçinin Azərbaycan-İsrail münasibətlərini nümunəvi adlandırıb: “Bu əlaqələr terrorçuluğa qarşı mübarizə baxımından çox mühüm rol oynayıb və biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın əhəmiyyətini bir daha təsdiqləyirik. Eyni zamanda Əfqanıstandakı sülhməramlı əməliyyatda və enerji sahəsində Azərbaycanın oynadığı rolu qeyd etmək vacibdir. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün yüksək prioritetdir”.

“ABŞ Azərbaycanı regionda özünün vacib dostu hesab edir. Bu səbəbdən də biz Azərbaycanın inkişaf etməsində maraqlıyıq”. Bunu isə senator Ben Kardin bəyan edib. Qarabağ nizamlanmasından danışan senator qeyd edib ki,  münaqişə regiondakı sabitliyə böyük maneədir: “Biz təhlükəsizlik sahəsində irəliləyiş görmək istəyirik. “Status-kvo” isə qəbulolunmazdır”.

B.Kardin bildirib ki, Azərbaycan və ABŞ BMT Baş Assambleyasının sessiyasında Ukraynanın ərazi bütövlüyünə səs verib. Gələcək əməkdaşlıqdan danışan senator qeyd edib ki, ABŞ Azərbaycanı sabit və çiçəklənən ölkə kimi görmək istəyir.