“Azərbaycanı xalçasız təsəvvür etmək qeyri-mümkündür”

318

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən mayın 5-i “Xalçaçı Günü” peşə bayramı elan edilib. Bəri başdan onu vurğulayım ki, indiyədək dünya ölkələrinin heç birində belə bir tarixi gün yoxdur. Ölkə başçımız mayın 1-də isə ölkəmizdə xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup xalçaçıya “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Butün bunlar, hər şeydən əvvəl, ölkə başçımızın qədim xalçaçılıq sənətimizə verdiyi yüksək dəyərdir. Bəli, cəsarətlə demək olar ki, xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək qeyri-mümkündür”. Bu sözləri Azərbaycan Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramına həsr olunmuş silsilə tədbirlərdə sözügedən muzeyin direktoru Şirin xanım Məlikova deyib. O həmçinin vurğulayıb ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə xalçaçılığın inkişafına daim xüsusi qayğı və diqqət göstərib. Ölkə prezidenti İlham Əliyev bu sahə ilə bağlı imzaladığı sənədlər isə xalçaçılığımızın inkişafına daha da təkan verib”. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehraban xanım Əliyevanın da misilsiz xidmətlər olub: “Məhz onun sayəsidən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilib və bəşəriyyətin irsi, sərvəti sayılıb”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Vidadi Muradov bildirib ki, xalça dünya səviyyəsində Azərbaycanımızı geniş şəkildə təbliğ etməklə yanaşı, həm də böyük ixrac məhsuludur. O daha sonra bu sahədə atılmış addımlardan söz açıb: “Artıq ötən il noyabrın 12-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş “Azərxalça” Açıq Səhmdar Cəmiyyətin Füzuli rayon Horadiz şəhərindəki filialı tam gücü ilə fəaliyyət göstərir. Onu da deyim ki, burada 16 rayonunun müxtəlif çeşniləri, tarixi ənənələri əsasında xalçalar toxunur”. O həmçinin bildirib ki, “Azərxalça” Ağdam, Quba, Xaçmaz, İsmayıllı, Tovuz, Qəbələ, Ağstafa, Qazax, Şəmkir rayonlarında yerli icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilmiş ərazilərdə digər filial binalarının tikintisinə də başlayıb. Yaxın günlərdə ASC-nin daha bir filialı isə Şəmkir rayonunda fəaliyyətə başlayacaq. Bütün bunlar isə ölkəmizi dünyada daha geniş çeşidli istehsal nümunələri ilə çıxış etməyə imkan verəcək”.

Xalçaçı rəssam Eldar Mikayılzadə indiyədək cəmiyyətdə xalçaçı-rəssamlar tərəfindən Azərbaycan xalçalarının Bakı, Qarabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşnisi hazırlandığını və onların bir qisminin istehsalatda tətbiq edildiyini vurğulayıb.

Daha sonra çıxış edənlər Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, “Xalça dünyası” Assosiasiyasının rəhbəri Fatimə Ağamirzəyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynov və başqaları xalçaçılığın bugünkü durumu, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə bazarlarına və beynəlxalq bazarlara çıxarılması ilə bağlı öz fikirlərini bölüşüblər.

Ustad dərslərində tədbirdə iştirak edən ustad xalçaçılar öz məharətlərini göstərməklə yanaşı, bu sahənin inkişafı ilə bağlı gənclərə öz məsləhətlərini də veriblər. Tədbir çərçivəsində xalça toxuma prosesi monitorla da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qvami