“Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var”

523

“Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır.

Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq”. Dünən bu sözlər dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları münasibətilə keçirilən birgə mətbuat konfransında Əli Həsənov səsləndirdi. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisinin sözlərinə görə, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: “İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal antiazərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. “Eurovision” yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyirlər. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, “The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, “London Platforması”nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək”.

Ə. Həsənov bildirib ki, Azərbaycan dövlətinə, dövlətin və Prezidentin müstəqil siyasətinə təsir göstərmək istəyən dairələr antiazərbaycan proqramına malikdirlər: “Bunlar belə bir platforma formalaşdırıblar və antiazərbaycan dairələrini yönəldirlər. ABŞ və Qərb ölkələrinin müxtəlif media, QHT, müxtəlif hüquq-müdafiə dairələrində biz bunu müşahidə edirik. Lakin biz buna təmkinlə yanaşır, birbaşa reaksiya vermirik. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şəkildə birgə yaşayışdan ibarətdir”.

Əli Həsənov mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət çəkib: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, dünyanın da təhlükəsizliyini təhdid edir”.

“Antiazərbaycan kampaniyası həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib”

1 “Qərbin bəzi QHT-ləri, dairələri tərəfindən Azərbaycanda mətbuat azadlığının, azad medianın olmadığı, insan haqlarının pozulduğu barədə iddialar səslənir. Azərbaycan 15 ilə yaxındır, Avropa Şurasının üzvüdür, Avropa Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan məhkəmələrinin qərarından Avropa Məhkəməsinə şikayət edilə bilər”. Bunu ötən gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalının beynəlxalq təşkilatların siyasi məhbusların azad edilməsi ilə bağlı çağırışlarla barədə sualına cavab olaraq söyləyib.

Ə. Həsənov deyib ki, Azərbaycan hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir: “Belə hesab etməyənlər Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də Azərbaycan hakimiyyəti bu iddiadadır ki, Azərbaycanda siyasi məhbus yoxdur, ayrı-ayrı cinayətlərə görə məhkum olmuş şəxslər var. Azərbaycan hüquqi dövlətdir, tam siyasi azadlıq var, 55 siyasi partiya fəaliyyət göstərir. Avropanın bəzi dairələri tərəfindən irəli sürülən iddiaların heç bir əsası yoxdur”.

“Audit təşkilatı büdcədən bir dollar kənara xərcləndiyini aşkarlasa, istefa verərəm”

“Azərbaycan Gənclər və İdman Nazirliyinin büdcəsi 10 milyon avro təşkil edir. Bura idman yarışları ilə bərabər, idman təlimləri, idman avadanlıqlarının alınması daxildir. Dünyada tanınan istənilən audit təşkilatı bu büdcədən 1 dollar kənara xərcləndiyini aşkarlayarsa, vəzifəmdən istefa verərəm”. Bu sözləri isə gənclər və idman naziri Azad Rəhimov “Əl-Cəzirə” telekanalının sualına cavabında deyib.

A. Rəhimov bildirib ki, Birinci Avropa Oyunları ilə bağlı araşdırma aparıblar: “Oyunların büdcəsi 960 milyon manat idi, sonra digər xərclərlə 1 milyard 34 milyon manat sərf olundu. Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Manat 31 faiz devalvasiya olub, əslində biz əlavə vəsait istəmişik. Xarici mütəxəssislərə yüksək səviyyədə maaş ödənilir. Xərclərin digər hissəsi reklam və Olimpiya standartlarına uyğun idman obyektlərinə və informasiya texnologiyalarına sərf olunub. Büdcə açıqdır. Bunu istənilən təşkilata göstərə bilərik”.

Nazir qeyd edib ki, belə iri miqyaslı tədbir investisiya tələb edir. Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq üçün Azərbaycan qısa vaxtda səfərbər olub: “Azərbaycan çətin mərhələdən keçib. Məqsəd Azərbaycanın dünya xəritəsində yerinin möhkəmləndirilməsidir. Biz gənc ölkəyik, dünyada Azərbaycanın harada yerləşməsindən xəbəri olmayanlar var. Bu kimi tədbirlərin məqsədi Azərbaycan mədəniyyətini, tarixini, incəsənətini, mətbəxini, insanlığımızı bütün dünyaya göstərməkdir. Oyunlar üçün yeni infrastruktur yaradılıb. Biz bundan sonra müxtəlif idman tədbirlərinə ev sahibliyi edə bilərik. Bu oyunlar yeni idman növlərini gənclərə göstərmək üçün əla fürsətdir”.

“Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dəqiq məlumatlar var”

Ə. Həsənov bildirib ki, Azəbaycan dövlətinə, dövlətin və Prezidentin müstəqil siyasətinə təsir göstərmək istəyən dairələr antiazərbaycan proqramına malikdirlər: “Bunlar belə bir platforma formalaşdırıblar və antiazərbaycan dairələrini yönəldirlər. ABŞ və Qərb ölkələrinin müxtəlif media, QHT, müxtəlif hüquq-müdafiə dairələrində biz bunu müşahidə edirik. Lakin biz buna təmkinlə yanaşır, birbaşa reaksiya vermirik.

Bizim məqsədimiz müstəqil siyasətimizi davam etdirmək, Azərbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgədə sülh siyasətinin yönləndirilməsi, dövlətlər arasında sivil münasibətlərin formalaşdırılmasıdır. Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dəqiq məlumatlar var. KİV-də də bu barədə məlumat yayılıb. Təəssüf edirik və bu kampaniyalardan geri çəkilməyə çağırırıq. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şəkildə birgə yaşayışdan ibarətdir”.

“Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib”

“Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib”. Bunu mətbuat konfransında Ə. Həsənov söyləyib.

Ə. Həsənov deyib ki, Amnesty İnternational təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb: “Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də Amnesty İnternational adından yayılan bəyanatın əsası yoxdur”.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatı üzvünün Azərbaycana buraxılmaması barədə məlumat yayıb.

“İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənib, hazırlanıb”

“Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk dəfə deyil. Torpaqlarımız işğal olunub, diplomatik əlaqələr kəsilib, ancaq bundan əvvəl də Azərbaycanda keçirilən idman yarışlarında erməni idmançılar iştirak ediblər”. Bu sözləri A. Rəhimov Rusiyanın “Komsomolskya pravda” qəzetinin Ermənistan idmançılarının dəvət olunması ilə bağlı qərarın necə qəbul edildiyi barədə sualına cavab verərkən deyib.

Nazir bildirib ki, Avropa Oyunlarında iştirak edəcək Ermənistan nümayəndə heyətinə 25 nəfər daxildir: “Ermənistan nümayəndə heyətləri daha əvvəl ölkəmizdə mədəniyyət və digər sahələrdə keçirilən tədbirlərə qatılıblar. Nümayəndə heyətləri beynəlxalq tədbirlərdə iştirak etməlidirlər. İdman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb. Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir”.

A. Rəhimov 2016-cı ildə Azərbaycanda şahmat Olimpiadasının keçiriləcəyini söyləyib: “Şahmat Olimpiadasında da ermənilərin iştirakını gözləyirik”.

“İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”

Ə. Həsənov Azərbaycanda keçirilən yarışda Ermənistan idmançıların da iştirak etdiyini xatırladıb: “İlk Avropa Oyunlarının Azərbaycan və erməni xalqlarının yaxınlaşmasında pozitiv rol oynayacağına inanıram”.

Ə. Həsənov deyib ki, Ermənistandakı xalq bu ölkədəki separatçı düşüncəli insanların girovuna çevrililiblər: “25 ildir ki, 1 milyon insan qaçqın və köçkün vəziyyətində yaşayır, BMT-nin Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı 4 qətnaməsi var və bu sənədlər yerinə yetirilmir. Digər beynəlxalq təşkilatlar da münaqişənin ərazi bütövlüyü və Dağlıq Qarabağdakı insanların hüquqlarının qorunması ilə həllinin tərəfdarı olduqlarını bəyan edibləlr. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində münaqişə davam edir, münaqişə tək bölgənin deyil, düynanın da təhlükəsizliyini təhdid edir. Biz vaxtında bəyan etdik ki, bu münaqişəyə göz yumulsa, zəncirvari münaqişələr baş verəcək. Bu gün Ukrayna və Balkanlarda baş verən hadisələr göstərdi ki, separatizmlə oynamaq olmaz, bu təhlükəlidir. Nə qədər Dağlıq Qarabağ problemi mövcudur, bölgədə və dünyada sülhün tam bərqərar olmasından danışmaq olmaz. Biz bir daha çağırış edirik ki, beynəlxalq hüquq normaları bütün münaqişələrin həllinə tətbiq olunmasa, belə münaqişələr bizi çox gözləyir”.

“Onlar antiazərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar”

Ə. Həsənov Azərbaycan əleyhinə xarici mediada işıq üzü görən yazıların arxasında duran qüvvələrin olduğunu qeyd edib: “Azərbaycan əleyhinə müxtəlif xarici KİV-də işıq üzü görən yazılara Bakıdan və Prezident Administrasiyasından baxanda bu, özbaşına aksiyaya oxşamır. Bizə görünən odur ki, bu prosesin arxasında duran qüvvələr var, bilərəkdən istiqamətləndirilir. Bunun nəyə görə belə olduğunu müəyyənləşdirməyə çalışırıq”.

Ə. Həsənov bildirib ki, bu dairələr Azərbaycan kimi gənc dövlətlərin belə uğur qazana bilməyəcəyi görüntüsü yaratmağa çalışır: “İkincisi, bu qüvvələr erməni lobbisi və onun təsir dairəsində olan QHT, KİV və siyasətçilərdir. Onlar istənilən məsələ ilə bağlı dərhal antiazərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. “Eurovision” yarışmasında da bunu müşahidə etdik və sabah da böyük tədbirlərdə yenə Azərbaycanın üzərinə gələcəklər. Üçüncüsü, Azərbaycanı davamlı təsir dairəsində saxlamağa çalışan qüvvələr var və onlar da bu kampaniyanı dəstəkləyir. Obyektiv informasiyalar almaq istədiyimiz xarici KİV, məsələn, “The Guardian”, BBC kimi nəşrlər də təəssüf ki, “London Platforması”nın təşkilatçılığı ilə belə kampaniyaya cəlb olunub. Diqqətdən qaçırmaq olmaz ki, bu kampaniya tək Azərbaycana deyil, həm də Avropaya, Avropa ictimaiyyətinə, Avropa Olimpiya Komitəsinə qarşı yönəlib. Bu kampaniya bir müddət sonra dayanacaq, ancaq tarixdə qalacaq, tərəqqipərvər ictimaiyyət özü buna qiymət verəcək”.

“Azərbaycan balanslı, qarşılıqlı faydalı münasibətlərə yönələn partnyorluq siyasəti yürüdür”

Prezident köməkçisi Azərbaycanın bölgədə balanslı, qarşılıqlı faydalı münasibətlərə yönələn partnyorluq siyasəti yürütdüyünü vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış 15 ölkədən biri olub: “O zaman qarşımızda 3 yol vardı – biri yalnız post-sovet ölkələri ilə münasibətləri davam etdirmək, digəri Qərb, demokratik inkişaf, Avropa İttifaqı prinsipləri, Avropa dəyərləri istiqamətində fəaliyyət göstərmək və üçüncüsü Asiya ölkələrinin qoşulmamaq siyasiətinə qoşulub müstəqil siyasət yürütmək. Hər üç seçim cəlbedici görünürdü. Lakin problemləri də var idi. 1990-93- cü illərdə Azərbaycanda vətəndaş qarşıdurması, xaos yaşanırdı. 1995-ci ildə Konstitusiya qəbul edildi. Azərbaycan Prezidenti açıq-aşkar bəyan edib ki, biz öz yolumuzla gedirik. Siyasətimizin əsas mahiyyəti Azərbaycan xalqının maraqları üzərində köklənib. Avropa İttifaqının qonşuluq siyasəti proqramında iştirak etmək, Avrasiya İqtisadi Birliyinə qatılmaq, digər tərəfdən qoşulmamaq hərəkatına yönəlmək kimi cəlbedici təkliflər var. O yerdə ki Azərbaycanın maraqlarına uyğun yürüdülən siyasət var, orada Azərbaycan da var. Azərbaycan qarşılıqlı, faydalı, ikitərəfli münasibətlərə üstünlük verir. Kollektiv öhdəlik, kollektiv birlik münasibətlərinə tənqidlə yanaşır. Ona görə həm İran, həm ABŞ, həm İsrail, həm Türkiyə ilə münasibətlər qururuq. Azərbaycanın maraqlarına söykənən, lakin kimsənin maraqlarına kölgə salmayan istənilən yol bizim marağımıza uyğundur və bu regionda ən keçərli siyasətdir”.