Azərbaycandan Misirə birbaşa hava reysi açıla bilər

487

“Misir Azərbaycanla turizm əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır”. Bunu Misir Ərəb Respublikası Turizm Nazirliyinin beynəlxalq turizm şöbəsinin rəhbəri Mohammed Abd əl Gabbar Misirdə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşü zamanı deyib. O bildirib ki, Bakı ilə ya Şarm əl Şeyx, ya da Qahirə arasında birbaşa havareysi yaradılması bu mənada müsbət addım olardı: “Azərbaycandan Misirə gələnlərin sayı o qədər də çox deyil. Azərbaycanlı turistlərin sayında artım olması üçün müzakirə aparılması labüddür. Rusiyadan Misirə gələn turistlərin sayı təxminən 3 milyon yarımdır, amma Azərbaycandan gələnlərin sayı çox azdır. Biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. Bilirsiniz ki, bu sahədə əsas problemlərdən biri birbaşa hava əlaqəsinin olmamasıdır. Biz birbaşa hava əlaqəsinin yaranması üçün çalışmalıyıq və düşünürəm ki, bununla da turizmin inkişafına yardım etmiş olacağıq. Azərbaycan və Qazaxıstan kimi ölkələrlə uzun müddətdir ki, əlaqələr qırılıb və çox istərdik ki, bu ölkələrin bazarları ilə maraqlanaq. Məsələn, bu yaxınlarda Qazaxıstandan Şarm əl Şeyxə birbaşa reys açılıb. Biz bu təcrübənin Azərbaycana münasibətdə də təkrarlanmasını istərdik”.

Mohammed əl Gabbar əlavə edib ki, turizm sahəsində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı Misir Turizm Nazirliyi nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır: “Turizm nazirinin Azərbaycana ötən ilin dekabrına planlaşdırılan səfəri təxirə salınmışdı. Lakin bu səfər baş tutacaq və nümayəndə heyətinin tərkibinə Misir turizm və aviasiya şirkətlərinin nümayəndələri də daxil olacaq”.