“Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına ehtiyac var”

0
637

Dünyada yaşanan iqtisadi böhran, neftin qiymətinin ucuzlaşması, region ölkələrində baş verənlərin Azərbaycana mənfi təsirləri qeyri-neft sektorunun inkişafı məsələsini bir daha gündəmə gətirib. Ekspertlər tərəfindən müzakirə olunan məsələlərdən biri də yaşıl iqtisadiyyatın əhəmiyyətidir. Yaşıl iqtisadiyyat alternativ və bərpa olunan enerjidən istifadəni, ekologiyaya zərər vurmadan və ya az zərər vurmaqla ekoloji təmiz enerjinin, məhsulun əldə olunmasını, istehsalını və digər məsələləri əhatə edir.

Dünyada enerji resursları azaldıqca, enerji təminatı problemləri yarandıqca dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət də aktuallığını artırır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru Vüqar Bayramov mövzu ilə bağlı sualları belə şərh etdi: “Dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət bir neçə il öncə Azərbaycan üçün, bəlkə, indiki qədər əhəmiyyətli və vacib deyildi. Düzdür, hər kəs deyə bilər ki, bu hər zaman vacibdir. Təxminən 1 il ərzində neftin qiymətinin aşağı düşməsi, həm qlobal, həm də regional dəyişikliklər dayanıqlı inkişafı bir daha gündəmə gətirdi, əhəmiyyətini bir daha artırdı. Dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət – hər iki mövzu və hər iki istiqamət Azərbaycan üçün olduqca vacibdir. Dayanıqlı inkişaf ölkəmizə imkan verir və ya verəcək ki, məhz neftdən asılılığı aradan qaldırmaq mümkün olsun, neftin dünya bazarındakı qiymətlərinin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq mümkün olsun. Eyni zamanda bu imkan verəcək ki, xarici iqtisadi tərəfdaşlarımızda baş verən dəyişikliklərin ölkəmizin iqtisadiyyatına təsirlərini müəyyən mənada sığortalamaq mümkün olsun”.

Qeyri-neft sektorunun büdcə gəlirlərində payının artması nəzərdə tutulur

Vüqar Bayramovun dediyinə görə, Azərbaycanda dayanıqlı inkişafın əldə edilməsi ilə bağlı bir sıra addımlar atılıb, islahatlar aparılıb: “Sözsüz ki, bu sahədə fəaliyyətin davam etdirilməsinə ehtiyac var. Çünki dayanıqlı inkişaf birmənalı şəkildə əsasən 3 makroiqtisadi göstəricidən, bir sektordan və ya az sayda sektorlardan asılılığın aradan qaldırılması baxımından vacibdir. Azərbaycanda ümumdaxili məhsulda qeyri-neft sektoru praktik olaraq dayanıqlı inkişaf baxımından müsbət qiymətləndirilə bilər. Çünki ümumi daxili məhsulda qeyri-neft sektorunun payı bütün ümumi daxili məhsulun üçdə ikisindən daha çoxdur. Bu baxımdan, təbii ki, ümumi daxili məhsulda diversifikasiya, yəni ümumi daxili məhsulun strukturunun şaxələnməsi ilə bağlı prioritetlərə müəyyən qədər nail olmaq mümkün olub. Digər makroiqtisadi göstərici, təbii ki, büdcə gəlirləridir.

Büdcə gəlirlərinin strukturunun dəyişdirilməsi və diversifikasiyası (kapitalın və investisiyanın riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması-red) istiqamətində də müəyyən uğurlar əldə etmək mümkün olub. Nəzərə alsaq ki, təxminən 3 il əvvəl dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı cəmi 25 faiz idi. 2015-ci ilin proqnoz göstəricilərində qeyri-neft sektorunun payı 35 faiz nəzərdə tutulub. Növbəti il qeyri-neft sektorunun büdcə gəlirlərində payının artması nəzərdə tutulur. Amma bunun obyektiv səbəbləri də var. Məsələn, neftin dünya bazarında qiymətinin aşağı düşməsi və buna uyğun olaraq büdcədə neft satışından daxilolmaların azalması həm də neftin payının azalmasına səbəb olub ki, qeyri-neft sektorunun büdcə gəlirlərinin yüksəlməsinə gətirib çıxarıb”.

İxracatın şaxələndirilməsi

Ekspertin sözlərinə görə, ən vacib məqamlardan biri, təbii ki, ixracatda diversifikasiyaya nail olmaqdan ibarətdir: “Əslində dayanıqlı inkişaf və ölkəyə daxil olan valyuta həcmi birbaşa Azərbaycan ixracatının hansı formada şaxələnməsindən asılıdır. Neftin dünya bazarında qiyməti yüksək olan dövrdə Azərbaycanın ixracatının 95 faizi neft və neft məhsulları təşkil edirdi. Cəmi 5 faiz qeyri-neft sektorunun payına düşürdü. Ötən 1 ildə, yəni neftin qiymətinin dünya bazarında aşağı olduğu dövrdə qeyri-neft sektorunun payının faiz etibarilə artırılmasına nail olmaq mümkün olub. Təbii ki, dəyər ifadəsində etiraf etmək lazımdır ki, hələlik, Azərbaycan ixracatında qeyri-neft sektorunun payı kəskin şəkildə artmayıb. Baxmayaraq ki, ötən 8 ayda qeyri-neft sektorunun ixrac qabiliyyəti 11,2 faiz artıb. Amma hazırda ixracatda qeyri-neft sektorunun payı 2 rəqəmlidir. Əsas səbəb neftin qiymətinin qeyri-neft sektorunda aşağı düşməsi ilə əlaqədar olaraq, neftin xarici ticarətdə, ixracatda payının müqayisəli şəkildə aşağı düşməsidir”.

Ənənəvi mənbələrdən asılılığın aradan qaldırılması

Vüqar Bayramovun sözlərinə görə, yaşıl iqtisadiyyat həm korperativ sosial məsuliyyətin formalaşmasında, həm də dayanıqlı iqtisadi inkişafın təmin edilməsində bu gün olduqca vacibdir: “Çünki yaşıl iqtisadiyyat dayanıqlı inkişaf üçün zəmin yaradır. Xüsusən, ənənəvi mənbələrdən asılılığın aradan qaldırılmasına gətirib çıxarır, eyni zamanda sosial inklüziv inkişaf üçün zəmin yaradır”.

Ekspert hesab edir ki, korperativ sosial məsuliyyətin inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə siyasi iradə də var: “Bu ilin yanvar ayında keçirilən müşavirədə Prezident İlham Əliyev biznesin, eləcə də kommersiya banklarının korporativ sosial məsuliyyətinin artırılması ilə bağlı öz qeydlərini bildirdi və təbii ki, bu istiqamətdə göstərişlərini verdi. Praktik olaraq korporativ sosial məsuliyyət həm də yaşıl iqtisadiyyatın inkişafı baxımından olduqca vacibdir. Yaşıl iqtisadiyyata ehtiyac var. Yaşıl iqtisadiyyata ona görə ehtiyac var ki, bu, imkan verir ki, ənənəvi mənbələrdən asılılığı aradan qaldırmaq mümkün olsun. Yaşıl iqtisadiyyat imkan verir ki, ətraf mühit üçün azziyanlı olan istehsalı, bütövlükdə biznesi formalaşdırmaq mümkün olsun”.

Yaşıl iqtisadiyyat imkan verir ki…

“2011-ci ildən sonra yaşıl iqtisadiyyat gündəm mövzularından birinə çevrildi. Bu onunla bağlıdır ki, qlobal inkişafın xəritəsinə diqqət yetirdikdə aydın olur ki, ciddi dəyişikliklər var. Xüsusən, Asiya və Sakit okean regionunda daha sürətli inkişafın əldə edilməsi və burada qlobal iqtisadi inkişafla müqayisədə iqtisadi inkişaf tempinin yüksək olması bu məsələni aktuallaşdırdı. Bundan başqa, BMT-nin yaşıl iqtisadiyyatla bağlı həyata keçirdiyi siyasət məhz yaşıl iqtisadiyyatın gündəmdə olmasına gətirib çıxarır.

Bu məsələdə dövlət və özəl tərəfdaşlıq gündəmdə olan məsələlərdən biridir. Yaşıl iqtisadiyyat imkan verir ki, xidmət sferasında və istehsalda yeni məhsullar təklif edilsin, bu, dövlət siyasətinin, qaydalarla tənzimləmənin gündəmə gəlməsidir. Azərbaycanın ənənəvi enerji ölkəsi olması etiraf etmək lazımdır ki, yaşıl iqtisadiyyata yanaşmanın uzun müddət gündəmdən kənarda qalmasına gətirib çıxarıb. Amma son illər, xüsusən alternativ enerji mənbələrindən istifadə ilə bağlı xüsusi agentlik yaradıldıqdan sonra yaşıl iqtisadiyyat və ətraf mühit üçün ziyanlı olmayan iqtisadiyyatın qurulması gündəmə gəlib.

Yaşıl iqtisadiyyatın inkişafına nə mane olur?

Ekspertin dediyinə görə, yaşıl iqtisadiyyatın inkişafına mane ola biləcək məqamlar var: “Əsas baryer sovet dövründən qalmış bir ənənə kimi qiymətləndirilə bilər. Sovet dövründə yaşıl iqtisadiyyat gündəmdə olan məsələlərdən olmayıb. İnstitutsionallaşma, institutların – istər biznes, istər vətəndaş, istər dövlət qurumlarının yaşıl iqtisadiyyata uyğunlaşması ilə bağlı əngəllər var. Azərbaycanın planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi və tam olaraq çox təəssüf ki, biznesin yaşıl iqtisadiyyatla bağlı anlaşılmaması inkişafa mənfi təsir göstərir. Vətəndaş cəmiyyətinin yaşıl iqtisadiyyatın inkişafına cəlb edilməsinə, bu işin gücləndirilməsinə ehtiyac var”.

Nicat İntiqam