Azərbaycanda turizmin inkişafına mane olan amillər nələrdir?

0
3180

Nərmin Haqverdiyeva
Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Azərbaycan çox nadir təbii, mədəni, milli, etnoqrafik obyektlərlə dolu bir ölkədir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, doqquz iqlim qurşağında yerləşməsi, füsunkar təbiəti, Xəzər dənizinin sahilində yerləşməsi, mədəni-tarixi irsi, ləziz mətbəxi, yüksək qonaqpərvərliyi turizmin inkişafına təsir edən mühüm amillərdən biridir. Bəs, görəsən, Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərən amillər hansılardır?
Xatırladaq ki, bir müddət bundan əvvəl Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov “Turizm haqqında” qanun layihəsinə münasibət bildirdiyi zaman qeyd etmişdi: “Turizmə hansısa maneçilik və süni əngəllər olmasın, heç bir köməklik lazım deyil. Əngəllər olmasa, turizm özü-özünə çox gözəl inkişaf etdiriləcək. Çox təəssüflər olsun ki, bizdə hələ də bəzi maneçiliklər var. Bu süni əngəllərə bizim imkanımız və gücümüz çatmır, bizdən asılı deyil”.
“Maneələr həmişə olub, olacaq da”
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov “Zaman-Azərbaycan”a müsahibəsi zamanı bildirdi ki, süni əngəllər haqqında bir söz deyə bilməyim üçün gərək faktlar, dəqiq məlumatlar olsun: “Hər bir sahibkar turizm şirkətini, otel biznesini quranda onu əvvəlcədən planlaşdırmalı, marketinqi düzgün aparmalıdır. Süni əngəllərin başqa qurumlar tərəfindən edilib-edilməməsi barədə isə mən bir fikir söyləyə bilmərəm. Ancaq bir məsələni qeyd etmək istəyərdim ki, hər hansı bir turizm şirkətinin rəhbəri, sahibi və ya otel biznesi ilə məşğul olan sahibkar öz işlərinə diqqətlə yanaşmalıdır. İlk növbədə, sahibkar otellərini menecerlərə təhvil verirsə, onların işinə müdaxilə etməməlidir. Əgər ona inanırsa, ona yardım etməlidir. Bəzən olur ki, sahibkarlar menecerin qiymət, marketinq və kadr siyasətinə müdaxilə edirlər. Bu da onların işini əngəlləyir. Turizm şirkətləri turizmin inkişafına daha çox diqqət yetirsələr, Azərbaycanda turizmin inkişafı daha sürətlə gedər. Azərbaycanda əsasən gəlmə turizmlə məşğul olmaq lazımdır. Bu gün aparıcı turizm ölkələri məhz gəlmə turizmdən iqtisadiyyata, büdcəyə daha çox xeyir verirlər. Aparıcı turizm ölkələri olan Fransa, İspaniya, Türkiyə, İtaliya və s. məhz gəlmə turizmdən qazanırlar. Bizdə isə uzun illərdir getmə turizmlə məşğul olurlar. Bunun da özünəməxsus səbəbləri var idi. İndi isə biz ölkəmizə daha çox turist cəlb etməliyik. Bunun üçün də turizm şirkətlərinin rəhbərləri öz işini düzgün qurmalıdırlar. Maneələr həmişə olub, olacaq da”.
“Kütləvi turizmin inkişafı üçün əsasən regionlarda mütləq 1 və ya 2 ulduzlu otellər istifadəyə verilməlidir”
M. Ağakərimov onu da qeyd etdi ki, məlum məsələdir ki, 5 ulduzlu otellərin menecerləri həmişə xarici ölkənin vətəndaşlarından seçilir: “Mən təklif edərdim ki, xarici menecerlər rəhbərlik etdiyi müddətdə yerli kadr yetişdirsinlər. Bu da müqavilədə öz əksini tapmalıdır. Azərbaycanda da bir çox tanınmış otellərin (“Hilton”, “Kempinski”, “Four Seasons”, “Marriott”) menecerləri xaricilərdir. Onlar 2, 3 il ərzində milli kadrlar yetişdirməlidirlər. Çünki bizdə artıq yetərincə kadrlar var. Onlar da Azərbaycanda özlərinə yaxşı iş tapmadıqları üçün xaricə gedirlər. Xarici menecerlər bizdə baş menecer hazırlamağa həvəslə yanaşmırlar. Buna da diqqət yetirmək lazımdır. Bunlar hamısı turizmin inkişafı üçün mühüm amillərdir. Xarici menecerlərlə müqavilə bağlayan sahibkarlar onlara öhdəlik qoymalıdır ki, mənə öz kadrlarımı yetişdirməkdə kömək et. Kütləvi turizmin inkişafı üçün əsasən regionlarda mütləq 1 və ya 2 ulduzlu otellər istifadəyə verilməlidir ki, aztəminatlı ailələr, tələbələr, təqaüdçülər də gedib orada istirahət edə bilsinlər. İş düzgün aparılarsa, hər şey qaydasında olarsa, o xırda problemlər də həll olunacaq. Sahibkarların, menecerlərin düzgün işləməsi, düzgün marketinq siyasətinin aparılması və digər sahibkarlara güzəştli şərtlərin yaradılması turizmin qarşısında duran əngəlləri məhv edə bilər”.
“Bəzi regionlarda keyfiyyətli turizm xidmətinin olmamasıdır”
“EC Group travel” turizm şirkətinin rəhbəri Vüqar Əsgərov hesab edir ki, turizmin inkişafına mənfi təsir edən amillərdən biri də bəzi regionlarda keyfiyyətli turizm xidmətinin olmamasıdır: “Təkcə Bakı ilə iş bitmir. Rayonlarda, kəndlərdə, hansı ki, tarixi abidələrimizin olduğu əsas gəzməli olan yerlərimizdə, ekoturizm üçün əlverişli olan bölgələrimizdə hazırda keyfiyyətli xidmət azdır. Bu da xaricdən gələn turistlərdə o qədər də maraq oyatmır. Xarici turist öz ölkəsində olan, başqa ölkələrdə olan xidməti görür və bizim həmin o regionlardakı xidmətdən razı qalmır. Bundan başqa Azərbaycanda turizm sahəsində ancaq peşəkar kadrlar məşğul olmurlar. Kənar insanlar da məşğul olurlar. Məsələn, imkanlı bir adam kiçik bir obyekt açır və qohumunu orada işləməyə qoyur. Ancaq həmin o qohumunun turizmdən heç xəbəri də yoxdur. O da bilmir ki, nə etmək, necə işləmək lazımdır. Bu kimi şeylər də turizmin inkişafına mənfi təsir göstərir. Yaxşı olardı ki, Azərbaycanda yerli treninq mərkəzləri açılsın, istiqamətverici orqanlar olsun. Bu kimi amillər də turizmin inkişafına çox müsbət təsir göstərərdi”.