“Azərbaycanda tur operatorların 85%-i kor-koranə şəkildə satış həyata keçirir”

Azərbaycanın Türkiyə otelləri ilə bağlı “qara siyahı” hazırlaması bu ölkənin otel sektorunu təşvişə salıb. Belə ki, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) turistlər arasında populyar olan türk otellərinin AzTA xarici turizm komitəsinin üzvləri tərəfindən yoxlanacağına dair açıqlaması qonşu ölkədə narahatlığa səbəb olub.
Məsələ ilə bağlı AzTA-nın sədri Nahid Bağırov “reporta”a bildirib ki, AzTA-nın Türkiyə otellərini “qara siyahı”ya salmaq üçün heç bir səlahiyyəti yoxdur və bu ancaq Türkiyə hökumətinə məxsusdur.

“AzTA-nın tərkibində bu il 5 yeni komitə yaradılıb. Bunlardan biri də “Outgoing” (Getmə turizmi) komitəsidir. Komitə bizim vətəndaşların hüquqlarının qorunması məqsədini daşıyır. Bu normal prosedur və mövsümdən qabaq otellərin yoxlanılması təcrübədə müşahidə edilir və bu otellərin keyfiyyətinin yoxlanılması məqsədini daşıyır. Turizm şirkəti üçün hansı istiqamət daha populyardırsa, onun əməkdaşı gedib yerindəcə şəraitlə tanış olur və qeydlər aparır, turistlərinə tövsiyələr edir”, – deyə N. Bağırov qeyd edib.

Onun sözlərinə görə, turistlərin səfəri zamanı müxtəlif problemlər yaşanır: “Məsələn, turist 5 ulduzlu otelə gedir, daxil olur və orada tikinti işlərinin hələ tam başa çatmadığını görür. Dəfələrlə belə hal olub. Oteldə problem yaranır, turistin istirahəti pozulur, hüquqları pozulur. O da dərhal turizm şirkətinə zəng edir. Burada həmin turizm şirkətinin də hüquqları pozulur. Daha sonra turist başqa yerə köçürlür. Bu, hər dəfə təkrar olunan problelmdir”.

 

“Azərbaycanda 250-dən artıq tur operator fəaliyyət göstərir”

Hər il Azərbaycandan 30-40 şirkətin yerli türk şirkətləri tərəfindən tanınma turuna dəvət edildiyini qeyd edən AzTA sədri bildirib ki, bu gün Azərbaycanda 250-dən artıq tur operator fəaliyyət göstərir. Hər il onların ancaq 15%-i mövsümdən qabaq şəraitlə yerində maraqlana bilirlər, lakin qalan 85% kor-koranə şəkildə satış həyata keçirir.

“Azərbaycanda bütün turizm şirkətlərini birləşdirən bir qurum var və məhz bu Assosasiyanın tərkibindəki komitənin əməkdaşları otelləri yoxlayanlar sırasında olacaqlar. Bu vətəndaşlar qarşısında borcumuzdur. Biz gördüklərimiz əsasında tövsiyyələr verəcəyik. Bunu öz vətəndaşlarımızın hüquqularını qorumaq üçün edirik”.

Qeyd edək ki, aprel ayında aparılacaq yoxlamalar mayda hesabat şəklində təqdim ediləcək və azərbaycanlı turistlər üçün tövsiyə edilən və edilməyən otellərin siyahısı hazırlanacaq. Hər il Azərbaycandan Türkiyəyə 600 min turist səfər edir.

 

“Bəyənərlərsə turist gətirərlər, bəyənməzlərsə gətirməzlər”

Əlavə edək ki, Azərbaycan Turizm Assosasiyasının (AzTa) Türkiyədəki otellərin monitorinqinə başlaması qardaş ölkənin bu sektorla məşğul olan qisminin ciddi narahatlığına səbəb olub. Bu məsələ Türkiyə mediasının da gündəminə düşüb və Azərbaycanın “qara siyahı”sında yer almaqla bağlı narahatlıqlar ifadə edilib. AzTa rəhbəri Nahid Bağırovun xidmət səviyyəsini ölçmək məqsədi ilə türk otellərində yoxlamalar aparılacağı və sonda hansı otellərin “qara siyahı”ya düşəcəyinə dair hesabat aparılacağı ilə bağlı açıqlaması etirazla qarşılanıb.

Türkiyə mətbuatı yazır ki, bu qərar türk otelçilərinin narazılığına səbəb olub. Türk otellərinin sözçüsü TUROFED və TUROB rəhbərləri də “qara siyahı” məsələsinə münasibət bildiriblər. TÜROFED rəhbəri Osman Ayık bildirib ki, türk otellərinin xidmət səviyyəsi hər zaman çox yüksək olub: “Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin sənədləri də xidmət səviyyəsinə zəmanət verir. Bizim otellərimizin hamısı dünyada keçərli olan İSO sənədlərini alıb. Bu günə qədər heç bir ölkədən belə tələb gəlməyib. Bizə heç bir məlumat verilməyib”.

TUROB rəhbəri Timur Bayındır isə bildirib ki, bu otel ilə turizm şirkətləri arasında tənzimlənməli olan məsələdir: “Bəyənərlərsə turist gətirərlər, bəyənməzlərsə gətirməzlər. Buna yoxlama demək olmaz. Nəzarət səlahiyyəti ancaq Turizm Nazirliyinə məxsusdur. Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırovu da yaxşı tanıyıram, pozitiv insandır. Görəsən, Türkiyədə başına onu qəzəbləndirəcək bir hadisə gəlib?”.