“Azərbaycanda qanunları qərəzli şəkildə pozan qüvvələr meydana gəlib”

669

Texnologiya inkişaf etdikcə informasiya almaq imkanlarımız da genişlənir. Hər hansı bir mövzuda məlumat almaq üçün, sadəcə, bir düyməyə toxunmağımız yetərlidir. Bəli, bu gün sayt və xəbər bolluğu dövründə yaşayırıq. Lakin internet vasitəsilə aldığımız informasiyalar nə dərəcədə doğrunu əks etdirir?

Reallıq budur ki, hazırda istənilən şəxs sayt açdıra bilər. Bunun üçün elə də çətin prosedura keçməyə gərək yoxdur. Bəlkə də dəqiqləşdirilməmiş məlumatlar yayımlanan saytların bu qədər çox olması məhz bu səbəbdən irəli gəlir. Sayt açmaq istəyən şəxs xüsusi dövlət orqanlarından icazə almalı olmur.

“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən İT mütəxəssisi Yusif Süleymanlı da bu fikrimizi təsdiqlədi: “Hər hansı saytı açmaq üçün, əvvəlcə, “domain” alınmalıdır. Bunu istər fiziki, istərsə də hüquqi şəxs ala bilər. Hər hansı şəxs sayt açıb cinayət tərkibli olmamaq şərti ilə orada istədiyi məlumatı yerləşdirə bilir”.

“İstifadəçilərin hamısı insan hüquqları haqda məlumatlı deyil”

İnternetin inkişaf etdiyi bir vaxtda yayımlanan məlumatlara nəzarət etmək də çətinləşir. İstər sosial şəbəkə, istərsə də saytlarda məşhur insanları, hökumət adamlarının, məmurların şəxsi həyatı haqqında həqiqətə uyğun olmayan informasiyalar yer alır. Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli bizimlə söhbətində bunun qlobal bir problem olduğunu açıqladı: “İnternet üzərindən yayımlanan xəbər resurslarında yerləşdirilən məlumatların təhlükəsizlik məsələlərinə nəzarət təkcə Azərbaycanda deyil, qlobal səviyyədə bir problemdir. İlk olaraq, təhlükəsizlik məsələləri və insan hüquqlarının qorunması, şəxsi həyat sirlərinin, təhqir və böhtanın, alçaldıcı xəbərlərin yayılması kimi məsələlər ciddi problemdir. Hazırda dünyanın demək olar ki, bütün ölkələrində internet istifadəçilərinin sayı kifayət qədərdir. Hətta inkişaf etmiş ölkələrdə istifadəçilərin sayı 80 faizi göstərir. Bu rəqəm təqribən Azərbaycan üçün də keçərlidir. Lakin təəssüflər olsun ki, bu istifadəçilərin hamısı insan hüquqları haqda məlumatlı deyil. Bu gün xəbər yayan insanların bir çoxu təhqir və böhtanın hansı hüquqi məsuliyyət doğurduğundan, fərdi informasiya, kommersiya sirri, dövlət sirri anlayışının nə demək olduğundan xəbərsizdirlər. Çox zaman bütün bunları bilmədən bu hüquqların pozulmasına səbəb olurlar. Lakin son zamanlarda qərəzli şəkildə qanunları, hüquqları pozan qüvvələr meydana gəliblər. Onlar müxtəlif anonim adlar altında sosial şəbəkələrdə hesablar açırlar və yaxud başqalarının hüquqlarını tapdalamağa səy göstərirlər”.

M. Ələsgərli bu sahədə hər hansı norma müəyyənləşdirilərkən insanların fikrini ifadə hüquqlarını da nəzərə almağın vacibliyini vurğuladı: “İnternet azad paylaşma platforması olduğu üçün burada qərar verilib, qanunlar müəyyənləşdirilərkən həmin insanların da sərbəst şəkildə fikrini ifadə hüququnun olduğu nəzərə alınmalıdır. Söz azadlığı özü Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən olunmuş təməl bir hüquqdur. Problem ondadır ki, Avropa Konvensiyasında təsbit olunmuş insan hüquqları haqqında qanunlar özləri artıq qarşı-qarşıya gəlməkdə, bir-birilə uzlaşmamaqdadır. Belə ki, insanın təməl hüquqlarından biri də informasiya almaq, yaymaq, onu ifadə etməkdir. Eyni zamanda insanların şəxsi həyat sirlərinin qorunması, şər, böhtan və təhqirlərdən müdafiəsi təməl hüquqlardan hesab olunur. Bu gün internet bu iki hüququ qarşı-qarşıya gətirən bir bəlaya çevrilib. Qeyd edim ki, bir sıra ölkələrdə bu sahədə nəzarəti ələ almaq və təhlükəsizliyi təmin etmək məqsədilə görüşlər keçirilir və müzakirələr aparılır. Bu ilin oktyabr ayında Avropa Şurasının təşəbbüsü ilə Strasburqda iclas keçirildi. Avropa Komissiyasının ekspertləri, departament rəhbərlikləri, təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən KİV rəhbərləri, eyni zamanda sosial şəbəkələrin idarəçiləri dəvət olunmuş toplantıda müzakirələr aparıldı. Müzakirələrin motivi ondan ibarət idi ki, dünyada artıq internet sürətlə inkişaf edir və bu insanların sərbəst şəkildə öz fikirlərini paylaşması üçün rahat bir platformanın mövcudluğu deməkdir. Məsələ orasındadır ki, internetin inkişafı həm də qarşısı alınması zəruri olan məsələlərin yaranmasına gətirib çıxarır”.

“Bütün beynəlxalq təşkilatlar problemin həllini axtarırlar”

M. Ələsgərli provayder və “domain” verən təşkilatların xaricdə olmasının bu sahədə problem yatadığını bildirdi: “Xüsusi problemlərdən biri də provayderlərin, “domain” verən təşkilatların əksəriyyətinin xarici ölkələrdə yerləşməsidir. Əslində ölkə daxilində olanda onları hər hansı bir hüquqi məsuliyyətə cəlb etmək mümkün olur. Lakin xarici ölkələrdə olduqda bunun üçün uzun-uzadı prosedura keçmək lazım gəlir, çox zaman da nəticə əldə etmək olmur. Çünki həmin sosial şəbəkə rəhbərinə və yaxud da “domain” verən təşkilata müraciət olunması, onun əsaslandırılması, onlar razılıq verdikdən sonra saytın bağlanması həyata keçirilir. Lakin razılıq vermirlərsə, bu zaman hüquq-mühafizə orqanlarına müraciət olunur. Gördüyünüz kimi, bu da uzun bir prosedura tələb edir. Ona görə də bütün beynəlxalq təşkilatlar bu problemin həlli yollarını axtarırlar.

Qeyd edim ki, belə halların qarşısının alınmasında modelə çevrilmiş, standartlaşmış bir forma yoxdur. Hər bir ölkə özünə uyğun modeldən istifadə edir. Avropa ölkələrində yeni bir struktur yaranmağa başlayıb. Belə ki, Aİ-ə daxil olan ölkələrdə şəxsi həyat sirlərini qoruyan agentlik yaradılıb. Bu qurum hər hansı sosial şəbəkədə və ya internet saytında şəxsi həyat sirlərinin ifşa edilməsi ilə bağlı yayımlanan xəbəri blok etmək səlahiyyətinə və mexanizminə malikdir.

Xəyalə Sadıqova