“Azərbaycanda pula görə oynamayan futbolçu var?”

562
Azərbaycanın son illərdə yetişdirdiyi istedadlı gənc və  uğurlu futbolçularından biri də milli komandanın və “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevdir. 22 yaşı olmasına baxmayaraq, klubunda artıq 100-cü oyununu keçirən Qarayevlə həm milli komanda, həm də “Qarabağ” haqda söhbətləşdik.
– Berti Foqts hər dəfə Almaniyaya gedəndə Azərbaycan futbolçuları haqda mənfi fikirlər səsləndirib. Sonuncu müsahibəsində də sizin haqqınızda xoşagəlməz sözlər deyib. Bunları sizə məşq zamanı da deyirdimi?

– Foqts artıq gedib, bir neçə dəfə də demişəm, mən bu haqda heç nə demək istəmirəm. Sadəcə onu deyə bilərəm ki, elə bir futbolçu tanıyırsınız ki, pula görə oynamasın? Azərbaycanda hansı futbolçuya təklif gəlib, o getməyib? Bizim başqa ölkələrə getməməyimizin səbəbi odur ki, təklif gəlmir. Ona görə də bu söhbətlər yersizdir. Real təklif olsa, hər bir azərbaycanlı futbolçu gedib ölkəmizi təmsil etmək istəyər.

– Avro-2016-nın seçmə mərhələsindəki ilk üç oyunlar haqda nə deyə bilərsən?

– Düşünürəm ki, evdə bolqarlarla və səfərdə İtaliya millisi ilə oyunlarda bəzi səhvlərimiz olmasaydı, indi 2 xalımız var idi. Bolqarıstan millisindən son dəqiqələrdə buraxdığımız qol diqqətsizliyimizdən oldu. İtaliya ilə oyunda da yaxşı çıxış etdik, sadəcə alınmadı.

– Azərbaycan millisinin hədəfi Avro-2016-nın final mərhələsi idi. Fikrincə, bu nəticələrdən sonra hədəfə çatmaq mümkün olacaq?

– İndiki vəziyyətdə çox çətindir. Ən azı “pley-off”a ümid bəsləmək olardı, amma artıq daha da ağırlaşdı.

– Xorvatiya ilə oyunda 29-cu dəqiqədə əvəzləndin, bunun səbəbi nə idi? Matçdan sonra baş məşqçi sənə nəsə dedimi?

– Bəlkə baş məşqçinin fikrinə görə zəif oynayırdım, ona görə əvəzləndim. Hər halda belə tez əvəzlənməyim mənə bir az təsir etdi. Nəsə bir fikrim yoxdur. Mənə heç nə deyilmədi. Məşqçinin fikri idi, mən bilmirəm.

– Milli komandanın baş məşqçi postu üçün Qurban Qurbanovun adı hallanır. Bu haqda nə düşünürsən?

– Millidə baş məşqçi azərbaycanlı olsa, bizim üçün də yaxşı olar. Qurban müəllim həmişə yüksək yerlərə layiqdir. Sadəcə olaraq, bu qərarı mən verə bilmərəm. Mən hər hansı bir fikir bildirə bilmərəm, amma bir azarkeş kimi deyə bilərəm ki, Qurban müəllim millinin baş məşqçisi olsa, heç də pis olmaz. Bu haqda mənim fikrim bir az obyektiv olmaz.

– Qurban müəllim millinin başına keçsə, nə cür dəyişiklik olar?

– Belə şeylər danışmağın yaxşı olmadığını düşünürəm. Dünyanın ən yaxşı məşqçisi gələr, heç bir nəticəsi olmaz, amma heç də tanınmayan biri gələr, yaxşı nəticələr verə bilər. Bu haqda nəsə demək düzgün deyil. Ona görə də Qurban Qurbanov gəlsə 100% uğur qazanacaq deyə bilmərik. Bizim bir futbolçu kimi istəyimiz odur ki, Azərbaycan futbolu yaxşı olsun və azarkeşləri sevindirək.

– “Qəbələ” ilə oyun haqda fikirlərini bildirərdin…

– Premyer Liqanın 8-ci turunda “Qəbələ” ilə oyuna hazırlıq zamanı əksikliklər var idi. Biz millidə idik, bəzi oyunçular zədəli idi, legionerlərdən bəziləri də milli komandalarının oyunlarına getmişdilər. Amma şükürlər olsun ki, iki gün birlikdə məşq edə bilmişdik. Oyunun çətin olacağını bilirdik, rəqib də bundan istifadə etmək istəyirdi. Allahın izni ilə bu matçı qələbə ilə başa vurduq.

– Belə gənc yaşda klubda artıq 100-cu oyununa çıxdın. Sən Azərbaycan futbolçuları arasında ən çox sevilən gənclərdən birisən. Yubiley oyununda hansı hisslər keçirdin?

– Bu sevgiyə görə bütün futbol ictimaiyyətinə və azarkeşlərə təşəkkür edirəm. Məni bu sevgiyə layiq gördükləri üçün əlimdən gələni edirəm ki, Azərbaycan futboluna faydalı ola bilim. Allah qismət edərsə 200, 300, 500-cü oyunumu da “Qarabağ”da keçirmək istəyərəm.

– “Sumqayıt”la oyundakı texniki məğlubiyyət nəzərə alınmasa, bu mövsüm, demək olar ki, məğlub olmamısınız. Məlum məsələdir ki, hədəfiniz çempionluqdur. Premyer Liqada özünüzə əsas rəqib kimi hansı komandaları görürsən?

– Bilirsiniz, mənim fikrimcə, rəqib müəyyənləşdirmək bir az çətindir. Nəyə görə? Çünki çempionatın sonu deyil ki, nəsə fikir yürüdəsən? Hələ bu haqda danışmaq tezdir. Bildiyiniz kimi, biz “Bakı”ya qarşı evdə xal itirmişik. Ona görə də bütün komandalar bizdən xal almaq istəyir, bunun üçün bizimlə yaxşı oynayırlar. Bütün klublar bizim rəqibimizdir.

– “Dnepr”lə oyuna hazırlıqlar necə gedir?

– Hazırlıq yaxşı gedir, şükür Allaha. Hər gün iki dəfə məşq edirik. İnşallah, bizi izləyənləri sevindirərik.

– “Dnepr”lə ard-arda iki matçınız olacaq və qrupdakı taleyiniz, demək olar ki, buna əsasən müəyyənləşəcək…

– Bəli, taleyimiz bu iki oyundan sonra böyük ölçüdə məlum olacaq. Əgər səfərdən yaxşı nəticə ilə qayıtsaq, inanıram ki, evdə azarkeşlərimizin sayəsində uğurlu olacağıq. Biz hələ qrupdan çıxmaq haqda düşünmürük, qarşımızdakı oyunda yaxşı çıxış etmək barədə fikirləşirik.

RASİM MƏMMƏDLİ