“Azərbaycanda onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların sayı 300-350 nəfərdir”

0
521
SONY DSC

“Hər il Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında onkoloji xəstəlikdən əziyyət çəkən 150-160 uşaq qeydiyyata düşür. Klinika fəaliyyətə başladığı 2012-ci ildən bu yana isə həmin rəqəm 640 olub”. Bunu “Report”a Azərbaycan Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə deyib. Onun sözlərinə görə, uşaqlar arasında rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir: “Leykemiya uşaqlar arasında ən çox qeydə alınan xərçəng xəstəliyinin növüdür. İkinci sırada tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr var ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma, retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir”.
Şöbə müdiri qeyd edib ki, uşaq xərçəng xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur: “Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır. Azərbaycanda isə onkoloji xəstəlikdən əziyyət çəkən uşaqların sayı 300-350 nəfərdir. Son illərlə müqayisədə ölkədə belə uşaqların sayında artım müşahidə olunmur”.
O, həmçinin əlavə edib ki, klinikada 160 xəstə qeydiyyatdadırsa, onlardan 150-si əməliyyat olunub: “Əsas mərhələ kimya terapiyasıdır. Cərrahiyyə isə müəyyən lazımi işdir. İntensiv müalicədən sonra ölüm faktı qeydə alınmasa da, təəssüf ki, hərdən bu, qaçılmaz olur. Çünki xəstəlik zamanında aşkar olunanda 80 faiz hallarda sağalmaq mümkündür. Təbii ki, müasir tələblərlə müalicə davam edirsə və valideyn bundan imtina etmirsə. Çünki bəzən olur ki, valideyn uşağı evə aparır və 3-4 aydan sonra geri – klinikaya gətirir. Bu da nəticəyə öz mənfi təsirini göstərmiş olur”.