“Azərbaycanda mənə qiymət vermirlər”

575

Ardıcıl transferlərin baş tutduğu bir məqamda özünə yeni klub tapa bilməyən futbolçular da kifayət qədərdir. Onların sırasında Davud Kərimi də var. Uzun müddət elita klublarında çıxış etmiş, son mövsümü isə Türkiyənin I liqasında keçirmiş Kəriminin karyerasını hansı klubda davam etdirəcəyi hələ də dəqiqləşməyib. Azərbaycana böyük ümidlərlə qayıdan Davud özünə yeni klub tapa bilmir. Futbolçunun özü ilə əlaqə saxlayıb, gələcək karyerası ilə bağlı fikirlərini öyrəndik. Kərimi “Çempion”a müsahibəsində yenidən Türkiyəyə qayıtmaq variantını istisna etmədi.

– Başlayaq elə klubsuz qalmağından. Türkiyədən Azərbaycana qayıtsan da, burada heç kim səninlə maraqlanmır. Təklif gəlməməyini nə ilə əlaqələndirirsən?

– Vallah özüm də bilmirəm ki, bunu nə ilə əlaqələndirim? Legioner həyatı yaşamışam. Düzdür, oynamamışam, orada cəmi 2oyunda iştirak etmişəm. Amma nə olsun? Guya buradakıların hamısı oynayır? O qədər futbolçu var ki, ehtiyatda qalır, əsas heyətə düşə bilmir. Gələndən sonra orada pullarımı da istəməyib, transfer kağızımı aldım ki, burada bir klub istəsə, rahatlıqla keçim. Amma görürəm ki, burada mənə yenə qiymət vermirlər.

– Davud, səncə, Türkiyəyə yollanmağın səni geri salmadı?

– Xeyr. Əksinə, mən orya gedib, futbolçu necə olmalıdır, ona necə dəyər verilir, azarkeş necə olur, bunları gördüm. Buna görə də, Türkiyəyə getdiyim üçün peşman deyiləm. Orada təcrübəmi bir qədər də artırdım.

– Türkiyə futbolu ilə bizim futbol arasında çoxmu fərq var?

– Xeyr, futbol eynidir. Bizim Premyer Liqa ilə onların birinci liqası arasında elə də fərq yoxdur. Sadəcə olaraq, qayğı, futbolçuya qoyulan hörmət, azerkeşlər, onların sevgisi və digər məqamlarda Türkiyə futbolu fərqlənir. Vallah, deməklə bitmir.

– Əgər Premyer Liqa klublarından təklif gəlməsə, hansı addımı atacaqsan? I Divizionda oynamağa razısan?

– İnanmıram ki, Premyer Liqadan bundan sonra təklif gəlsin. I Divizionda da elə limit qoyublar ki, məşqçilər başlarını itiriblər. Qalmısan belə ki, nə edəsən? Amma I Diviziondan iddialı klub təklif göndərsə, getmək olar.

– Heç I Diviziondan da təklif gəlmir?

– İnanırsan, oradan da itirib-axtaran yoxdur. Heç bir yerdən təklif gəlmir ki, dəyərləndirəsən.

– Premyer Liqadan təklif yoxdur, I Diviziondan da heç kim maraqlanmır. Bəs planın nədir? Karyeranla bağlı hansı addımı atmağı düşünürsən?

– İnşallah, Türkiyəyə qayıtmaq istəyirəm. Menecerlərə demişəm, görək necə olacaq? İnanıram ki, şad xəbər verəcəklər.

– Mahir Şükürov və Vaqif Cavadov da karyeralarını Türkiyənin birinci liqasında davam etdirəcəklər. Səncə, onların gedişinin sənə və ya klubsuz qalan başqa bir futbolçuya xeyri dəyə bilərmi?

– Dəqiq bilmirəm, amma inşallah, dəyər. Onlar da mənə yaxındır. Gördülər ki, burada qiymət verən olmadı, getdiler Türkiyəyə. Amma inanın ki, peşman olmayacaqlar. Mən buna inanıram.

– Səncə Türkiyədən fərqli olaraq, niyə bizdə özümüzünkülərə qiymət verilmir? Bunun səbəbini nə ilə izah edərdin?

– Vallah oranı görüb və içlərində olan biri kimi deyirəm ki, həqiqətən də, türklər legionerlərlə müqayisədə, özlərinkinə dəhşət qiymət verirlər. Amma bizdə vəziyyət fərqlidir. Səbəbini bilmirəm, nə deyim? Onsuz da hər şey göz qabağındadır.

– Necə düşünürsən, ümumiyyətlə, son illər Azərbaycan çempionatının səviyyəsində artım varmı?

– Oyunların çox olması əladır. Bunu dəstəkləyirəm. ama komandaların sayının az olması pisdir. Komandalar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Onda milli komandanın da ehtiyat qüvvəsi çoxalar. Bu. səviyyə baxımından da yaxşıdır.

– Yəqin razılaşarsan ki, son vaxtlar Azərbaycan klublarının gətirdikləri legioner qapıçılar da səviyyəlidirlər…

– Bir sual verim: AZAL-ın yeni mövsümdə iddiası necə olacaq? Əgər iddialarını artırmayacaqlarsa, yerli qapıçıları göndərib, niyə legioner gətirirlər ki? Məgər Cahangir Həsənzadə və Ruslan Məcidov qapıda pis dururdular? Gedib legioner gətirməkdənsə, şərait yaratsınlar, biz də oynayaq da. Onlar üçün nə fərqi var axı. Onsuz da komandanın güclü iddiası yoxdur. Düz sözü onsuz da yer yoxdur, ancaq mən hər yerdə düzünü danışmağı xoşlayıram.

– İndi Türkiyədən sənə nə vaxt cavab gəlməlidir?

– İnşallah, yaxın vaxtlarda cavab gəlməlidir. Görək də necə olacaq? Bunu heç yerdə deməmişəm, ilk dəfə  deyirəm: mənim orada oynamağımda Ramin Musayevin də əməyi çox olub. O, bir problemimi bir günün içində həll edərək, mənə yol açdı. Belə şeyləri unutmaq olmaz. Sizin qəzet vasitəsilə ona minnətdarlığımı bildirirəm.

TENGİZ MƏMMƏDOV