Azərbaycanda inəklərin sayı daha çox artıb

463

Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda iri buynuzlu mal-qaranın sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,6% artaraq 2 milyon 721 min başa yüksəlib. Bu dövürdə inəklərin sayı 0,2% artaraq 1 milyon 304 min başa çatıb. “Yeniavaz.az” Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistika Komitəsinə istinadən bildirir ki, iri buynuzlu mal-qaranın sayı MDB ölkələri arasında ən çox Ermənistanda artıb. Son bir ildə Ermənistanda mal-qaranın sayı 5,2% artaraq 802,8 min başa çatıb. Lakin inəklərin sayı Azərbaycanla müqayisədə Ermənistanda daha az artıb. Belə ki, bu ilin oktyabr ayının 1-nə olan məlumata görə Ermənistanda inəklərn sayı 0,1% artaraq 341,2 min başa yüksəlib. Digər MDB ölkələrinə gəldikdə isə qeyd edək ki, iri buynuzlu mal-qaranın sayı Ermənistandan sonra ən çox Tacikistanda artıb. Bu ölkədə son bir ildə mal-qaranın sayı 3% artaraq 2 milyon 220 min baş olub. Bundan başqa mal-qaranın sayı Qazaxıstanda 2,7%, Qırğızıstanda 2,3%, Türkmənistanda 1% artıb. Digər ölkələrdə isə mal-qaranın sayı azalıb. Ötən ilin oktyabr ayının əvvəlindən bu ilin oktyabr ayının əvvəlinə kimi Rusiyada mal-qaranın sayı 1,8%, Moldovada 2%, Belarusda 1,4%, Ukraynada isə 2,8% aşağı düşüb. İnəklərin sayında isə ən böyük artım Qazaxıstanda qeydə alınıb – 7,3%. İnəklərin sayındakı artım Qırğızıstanda 1,8%, Tacikistanda 3,4% olub. Rusiyada inəklərin sayı son bir ildə 1,9%, Belarusda 0,8%, Moldovada 1,8%, Ukraynada isə 3,7% azalıb. Mal-qaranın baş sayına gəldikdə isə qeyd edək ki, ən çox mal-qara Rusiyada qeydə alınıb. Oktyabr ayının 1-nə olan məlumata görə, Rusiyada 19 milyon 456 min baş mal-qara mövcud olub. Bu göstərici Qazaxıstanda 6 milyon 831 min, Belarusda 4 milyon 350 min, Ukraynada 4 milyon 163 min, Azərbaycanda 2 milyon 721 min, Tacikistanda 2 milyon 220 min, Qırğızıstanda 1 milyon 493 min, Ermənistanda 802,8 min, Moldovada isə 190,6 min baş təşkil edib.
Qoyun və keçilərin sayında ən yüksək artım Ermənistana məxsusdur
MDB Dövlətlərarası Statistika Komitəsindən məlumatında həmçinin qeyd olunur ki, son bir ildə Azərbaycanda qoyun və keçilərin sayı dəyişməz qalıb. Oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 8 milyon 741 min baş qoyun və keçi mövcud olub. Qoyun və keçilərin sayında ən yüksək artım Ermənistana məxsusdur. Son bir il ərzində Ermənistanda qoyun və keçilərin sayı 17,4% artaraq 1 milyon 31 min başa yüksəlib. Rusiya və Ukrayna istisna olmaqla digər MDB ölkələrində də qoyun və keçilərin sayı artıb. Qeyd edək ki, son bir ildə Rusiyada qoyun və keçilərin sayı 1,3% azalaraq 26 milyon160 min başa, Ukraynada isə 3,3% azalaraq 1 milyon 570 min başa düşüb. Digər ölkələrdə isə artım qeydə alınıb. Tacikistanda qoyun və keçilərin sayı 4,6% artaraq 5 milyon 458 min başa, Belarusda 4,3% artaraq 180,8 min başa, Qırğızıstanda 1,7% artaraq 5 milyon 930 min başa, Qazaxıstanda isə 0,8% artaraq 20 milyon 720 min başa yüksəlib.
MDB ölkələrində donuzların sayı ən çox Azərbaycanda azalıb
MDB Dövlətlərarası Statistika Komitəsinin açıqladığı digər bir məlumat Birlik ölkələrindəki donuzların sayı ilə bağlıdır. Donuzların sayındakı artıma görə liderlik Ermənistana məxsusdur. Ermənistanda donuzların sayı son bir ildə 39,8% artaraq 837,6 min başa çatıb. Ermənistanla bərabər Rusiyada da donuzların sayı artıb. Şimal qonşumuzda donuzların say ötən ilin analoji dövrü ilə müqayisədə 4,5% artaraq oktyabr ayının 1-də 23 milyon 257 min baş təşkil edib. Digər MDB ölkələrində isə azalma qeydə alınıb. Ən böyük azalma Azərbaycanda olub. Son bir il ərzində Azərbaycanda donuzların sayı 11,6% azalaraq 5,5 min başa çatıb. Bunlardan başqa Ukraynada donuzların sayı 3,9% azalaraq 7 milyon 454 min başa, Qazaxıstanda 3,1% azalaraq 975,2 min başa, Belarusda 1% azalaraq 3 milyon 310 min başa, Moldovada 1% azalaraq 497,8 min başa, Qırğızıstanda isə 0,9% azalaraq 50,3 min başa çatıb.
Allahverdi Aydın