“Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə başlanılacaq”

409
“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı hazırlıq işləri gedir”.
 Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Onun sözlərinə görə, icbari tibbi sığorta əvvəl pilot şəklində həyata keçiriləcək, sonra isə bütün respublikanı əhatə edəcək: “Yaxın zamanlarda bunu tətbiq edəcəyik. Bəzi ölkələrdə bunun tətbiqi, əvvəlcə, problemlə qarşılanıb. Bəzilərində isə tətbiq edildikdən sonra imtina edilib. Bütün bunları nəzərə alaraq, biz bu işə elə başlamaq istəyirik ki, sonradan problemlə üzləşməyək. Biz artıq uyğun modeli seçdiyimizi düşünürük. Qanunvericilik bazası da hazırdır”. Nazir müavini ailə həkimi məsələsinə də toxunub və Azərbaycanda bu təcrübənin olduğunu bildirib: “Artıq bir neçə ildir ki, Azərbaycanda ailə həkimi hazırlanır. Gələcəkdə bu iş daha geniş vüsət alacaq. Xüsusən də tibbi sığorta tətbiq edildikdən sonra ailə həkimləri öz funksiyasını daha yaxşı göstərəcəklər”.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta bütün vətəndaşların məcburi olaraq sığorta olunması deməkdir. Bu zaman işsiz statusu olan və ya ünvanlı sosial yardım alan ailələr üçün sığorta haqları dövlət tərəfindən ödəniləcək. Vətəndaş isə səhiyyə xidmətinə ehtiyacı olan, daha aydın desək, xəstələnən zaman sığorta sənədini göstərməklə pulsuz olaraq müalicə oluna biləcək.

Qeyd edək ki, “İcbari tibbi sığorta haqqında” qanun 1999-cu ildə qəbul olunub. Lakin 2009-cu ildə İcbari Tibbi Sığorta üzrə Agentlik yaradılmasına baxmayaraq, hələ də tətbiq edilməyib.

“Həkimlər xidmətə və onun keyfiyyətinə görə maaş alacaqlar”

Hələ bir müddət öncə Baş Nazirin müavini Əli Əhmədov demişdi ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar zəruri normativ sənədlərin hazırlanması üzərində də iş gedir.

“İcbari tibbi sığortaya keçid səhiyyə sahəsində nəyi dəyişəcək? Adi insanın həyatı üçün onun faydası nədən ibarət olacaq?”,-sualına Ə. Həsənovun cavabı belə olmuşdu: “Hazırkı şəraitdə dövlət tibbi müəssisələri büdcədən maliyyələşir və bunun müqabilində pasiyentlərə bütün zəruri tibb xidmətləri göstərilməlidir. Həkim və tibb personalı tibbi xidmət göstərdi ya göstərmədi, yaxşı və ya pis xidmət göstərdi, fərq etmir, əməkhaqqını alır. Eləcə də tibb müəssisəsi. Müraciətlər olur, ya yox, fərq etməz, bütün zəruri xərclər, o cümlədən personalın əməkhaqqı ödənilir. Bunun sayəsində istər səhiyyə müəssisəsi olsun, istər həkim, ona müraciət edən vətəndaşa göstərdiyi xidməti onun boynuna, yumşaq şəkildə desək, bir “minnət” kimi qoyur. İcbari tibbi sığorta sistemi hər şeydən əvvəl, səhiyyədə müşahidə edilən bir çox problemlərin səbəbi kimi çıxış edən bu münasibəti dəyişdirmək məqsədi daşıyır. İcbari tibbi sığorta sistemində nə tibb müəssisəsi, nə də tibb personalı ona müraciət edən vətəndaşın boynuna minnət qoya biləcək. İstər tibb müəssisəsi olsun, istərsə də həkim, dərk etməli olacaq ki, aldığı vəsait və ya məvacib göstərdiyi xidmətə görə vətəndaşın və ya onun əvəzinə dövlətin artıq konkret olaraq – buna diqqət vermək lazımdır – tibb müəssisəsinə ödəmələrindən asılıdır. Paralel olaraq, rollar da dəyişəcək: indi vətəndaş ödədiyi (və ya dövlətin konkret onun üçün ödədiyi) haqqın müqabilində ona keyfiyyətli xidmət göstərilməsini tələb edə biləcək. Bir yandan dövlətin ayırdığı vəsait daha səmərəli istifadə olunacaq, digər yandan isə neqativ hallar aradan qalxacaq. Həkim, sadəcə, işlədiyinə, işə gəldiyinə görə deyil, göstərdiyi xidmətə və onun keyfiyyətinə görə maaş alacaq”.

“Ailə büdcəsinə elə də böyük yük olmaz”

Baş Nazirin müavininin sözlərinə görə, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı büdcənin üzərinə düşəcək: “Başqa sözlə, bu gün səhiyyəyə ayrılan büdcə vəsaitinin müvafiq hissəsi icbari tibbi sığorta fonduna istiqamətlənəcək. Bununla yanaşı, vətəndaşların və işəgötürənlərin də icbari tibbi sığorta fondunun formalaşmasında rolu təmin edilməlidir. İşəgötürənlər əməkhaqqının 2-2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar. Vətəndaşlara gəldikdə isə, hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır. Etiraf edək ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz. İkinci tərəfdən, bununla hər bir vətəndaş böyük xərclər çəkmədən özünün və ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olur. Burada bir cəhəti xüsusi qeyd etməyi vacib sayıram. Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir”.

Qeyd edək ki, artıq bəzi sığorta şirkətləri ölkədə icbari tibbi sığortanın tətbiq edilməsinə hazır olduqlarını açıqlayıblar. Lakin həmin şirkətlər müəyyən problemlərin yarana biləcəyini də açıqlayıblar. Bu problemlər sırasında ilkin olaraq, tibbi protokolların akkreditasiyası, hazırlanması və s. qeyd olunur.