“Azərbaycanda güclü gənc elmi elita yaradılmalıdır”

Dünən “Bakı Elm Festivalı-2014” öz işinə başlayıb. Azərbaycanda ilk dəfə təşkil olunan Elm Festivalı iki gün davam edəcək. Festival Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Məqsəd elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri nümayiş etdirmək, gənc nəslin bu sahəyə marağını artırmaqdır.
“Alimlər üçün elm şəhərciyi yaratmaq istəyirik”

“Bu, Azərbaycanda keçirilən ilk elm festivalıdır və bu festival böyük əhəmiyyət kəsb edir”. Bunu “Bakı Elm Festivalı-2014”-ün açılışında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib. Onun sözlərinə görə, bu gün (dünən red.) həm də sülh və inkişaf naminə Ümumdünya Elm Günüdür: “Festival Ümumdünya Elm Gününə təsadüf edir. Bu, xoş bir təsadüfdür. İnanıram ki, festival uğurlu olacaq”.

Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışan A.Əlizadə qeyd edib ki, azərbaycanlı alimlərin kəşf etdiyi yüksək oktanlı benzin İkinci Dünya Müharibəsində SSRİ-nin qələbə qazanmasında mühüm rol oynayıb: “AMEA-nın bu yaxınlarda istifadəyə verilmiş kitabxana binası informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub və fundamental elmin xidmətində tutur. Ukrayna alimlərinin azərbaycanlı həmkarlarını Antarktidada tədqiqata dəvət etməsi Azərbaycan elminin uğurlarından xəbər verir”.

AMEA prezidenti Azərbaycanda böyük elmi potensial olduğunu və bu potensialın gənclər hesabına güclənəcəyini vurğulayıb: “Azərbaycanda güclü gənc elmi elita yaradılmalıdır ki, qarşıdakı 30 ildə Azərbaycan elmi inkişaf etsin. Elm Fondunun, Bilik Fondunun yaradılması bu məqsədi daşıyır. Lakin tək dövlətin dəstəyi ilə elmin inkişafına nail olmaq mümkün deyil. Mən bu gün bu kürsüdən nazirliklərə, biznes qurumlarına müraciət edirəm ki, elmə himayəçilik göstərsinlər”.

A.Əlizadə elm və sənayenin qarşılıqlı əlaqəsi nəzərə alınmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi ilə AMEA-nın əməkdaşlığının genişləndirilməsinə böyük ümid bəslədiklərini vurğulayıb: “Biz Azərbaycan rəhbərliyinin dəstəyi ilə alimlər üçün elm şəhərciyi yaratmaq istəyirik. Ümid edirik ki, növbəti festivallarda artıq salınmış elm şəhərciyi barədə danışacağıq”.

 

“Bu gün özəl sektorda elmli və savadlı kadrlara böyük ehtiyacı var”

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası arasında imzalanan əməkdaşlıq protokoluna əsasən bir sıra elmi əməkdaşlıqlar aparılır. Bu əməkdaşlıq elmin müxtəlif sahələrini əhatə edir”. Bunu isə tədbirin açılış mərasimində çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bütün bunlar görülən çox kiçik işlərdir: “Elm çox böyük və əhəmiyyətli sahədir. Bu gün özəl sektorun elmin inkişafına böyük ehtiyacı var, nəinki elmin özəl sektora inkişafı. Bu gün özəl sektorda elmli və savadlı kadrlara böyük ehtiyacı var”.

Nazir bildirib ki, dünyada gündəlik olaraq trilyonlarla dollar elmə xərclənir. Bunun da çox böyük hissəsi özəl sektora sərf edilir: “Bu gün Azərbaycan dövləti elmin inkişafına olduqca böyük vəsait xərcləyir, innovativ sahibkarlığın inkişafına diqqət yetirir. Bunun üçün də bilik, şərait və kapital olmalıdır ki, buna da dövlətimiz böyük əhəmiyyət verir”.

Ə.Abbasov bu sahədə RYTN və AMEA-nın birgə yaratdıqları texnoparklardan danışıb: “Bu gün bu sahədə bizim əldə etdiyimiz nailiyyətlər bizi tam qane etmir. Amma “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyasına uyğun olaraq biz bu işləri tam olaraq həyata keçirəcəyik. Ölkədə elmin inkişafına və elmin populyarlaşdırılması, cəmiyyətdə tanınması üçün çox böyük işlər görülməlidir”.

Qeyd edək ki, festivalın birinci günü proqrama daxil olan istiqamətlərdə muzeylərə ümumilikdə 8 elmi ekskursiya təşkil olunub. Həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika və Ədəbiyyat institutlarında, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və başqa təhsil müəssisələrində, eləcə də paytaxtın 6, 23 və 132-134 nömrəli orta məktəblərində də festivalın proqramlarını izləmək mümkün olub. Festivalın ikinci günündə ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı müzakirələr və əyləncəli elmi şouların nümayişi nəzərdə tutulub.