Azərbaycanda fiziki məhdudiyyətli insanların hansı təhsil imkanları var?

1281

 

Ölkəmizdə fiziki qüsurlu uşaqların əksəriyyəti həmyaşıdları ilə birlikdə təhsildən yararlana bilmir. Bu cür uşaqların məktəbəqədər təhsildən yararlana bilməmələri onların ümumi məktəb həyatına və cəmiyyətə inteqrasiyasına da mane olur. Ümumiyyətlə, fiziki qüsurlu uşaqların çoxu yaşıdları ilə birlikdə təhsil ala bilmir, bu da onların savadlanmasına, cəmiyyətə uyğunlaşmasına mənfi təsir göstərir. Ancaq ölkə qanunvericiliyində, əsasən, cəmiyyətin bütün üzvlərinin (istər sağlam, istərsə də sağlamlığında qüsur olan) bərabər təhsil almaq hüquqları var. Bəs, görəsən, onların maariflənməsi üçün ölkəmizdə kifayət qədər ədəbiyyat varmı? Onların ali təhsil alması üçün nəzərdə tutulan hər hansı bir şərait varmı? Fiziki qüsurlu insanların təhsilə cəlb olunması hansı səviyyədədir?

“Onların imkanlarına uyğun olaraq…”
Təhsil Şurasının sədri Əjdər Ağayev “Zaman-Azərbaycan”a açıqlamasında dedi ki, fiziki qüsurluluq anlayışına bir çox sahələr aiddir: “Bura gözdən əlillər, şikəstlər, psixi pozuqluqlar və s. daxildir. Bunların hər biri ilə əlaqəli müəyyən layihələr həyata keçirilir. Əqli, psixi problemləri olan uşaqlar onlar üçün nəzərdə tutulmuş məktəblərdə təhsil alırlar. Ancaq ayaqdan, qoldan, əldən şikəst olan insanlar özlərini normal hesab etsinlər deyə, normal insanlarla bir yerdə təhsil almağa yönləndirilirlər. İndi ölkəmizdə xüsusi internat məktəbləri də fəaliyyət göstərir. Məsələn, zehni cəhətdən zəif, görməsində, eşitməsində problem olan uşaqlar həmin o internat məktəblərində təhsil alırlar. Təhsil Nazirliyi həmin o uşaqların oxuduğu məktəblərlə əlaqə saxlayır, onların şəraitlərinin normal olmasına xüsusi diqqət yetirir. Onların təhsil səviyyələrinin qaneedici olması isə müəllimlərdən asılıdır. Müəllimlər dərslərinə məsuliyyətlə yanaşarlarsa, əlbəttə ki, dərsləri də yaxşı olar. Mən onlardan hələ bir şikayət eşitməmişəm. O uşaqlarla iş metodikası tamamilə başqadır. Məsələn, adi normal uşaqlar V sinfə kimi 5 il oxuyurlarsa, fiziki qüsurlu uşaqlar 8 il oxuyurlar. O müddətdə uşaqlar müəyyən biliklərə, bacarıqlara yiyələnirlər. Bu uşaqlar arasından, xüsusilə də, gözdən əlil olanlar arasından çox istedadlı sənətkarlar ortaya çıxır. Uşaqlar orada müəyyən peşələrə yiyələnirlər. Bəziləri musiqi alətlərində ifa edir, bəziləri rəqs edir, hətta bəziləri əli ilə rəsm çəkə bilmir – ayağı ilə çəkir. Mən düşünürəm ki, onların imkanlarına uyğun olaraq normal təhsil səviyyəsi var”.
Ə. Ağayevin sözlərinə görə, fiziki qüsurlu insanların çoxu ali təhsili normal insanların oxuduğu universitetlərdə alırlar: “Məsələn, Bakı Dövlət Universitetində kifayət qədər gözdən əlil tələbə var. Bu, xüsusi bir sistemdir. Onların cəmiyyəti, ayrıca idarələri, qurumları var. Onlar daha sonra qabiliyyətlərinə uyğun işlə də təmin olunurlar. Orta məktəbi bitirən bu insanlar ali təhsili normal uşaqlarla bir yerdə alırlar. Ancaq kitabları, əlifbaları, yazıları fərqli olur. Onlar üçün dərsliklər, bədii kitablar da var. Ancaq onların sayı azdır deyə, oxu kitabları da kütləvi deyil”.

“Azərbaycanda fiziki məhdudiyyətli
insanlar üçün ali təhsil
imkanları yoxdur”
Birgə və Sağlam İctimai Birliyinin sədri Aytən Eynalova bildirdi ki, ölkəmizdə fiziki və zehni məhdudiyyətli insanlar üçün nəzərdə tutulan bir neçə məktəb var. Ancaq autizmli uşaqlar üçün yoxdur: “Bunların arasında inklüziv (normal uşaqların təhsil aldığı məktəblərdə bir neçə sinif yaradılıb ki, həmin sinifdə 1 və ya 2 fiziki məhdudiyyətli uşaq təhsil alır) məktəblər də var. Ancaq onlar da istənilən səviyyədə deyil. Xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda fiziki məhdudiyyətli insanlar üçün ali təhsil imkanları o qədər də çox deyil. Bunu ailələr də təsdiqləyirlər. Gözdən əlillər üçün isə bəzi kitabxanalarda şərait yaradılıb, ədəbiyyatlar var. Ancaq bunun da çox yüksək səviyyədə olduğunu düşünmürəm. Bununla bağlı iki il bundan əvvəl millət vəkili Məlahət İbrahimqızının rəhbərlik etdiyi “Lider Qadınlar” İctimai Birliyinin dəstəyi ilə müəyyən təlimlər aparılırdı. Bir ay davam edən təlimlər zamanı kitabxana işçilərinə brayl əlifbasının öyrədilməsi, kitabların oxunması üçün görmə problemi olan insanlara dəstək olmaq qaydaları öyrədilmişdi. Bununla bağlı bir çox layihələr də hazırlanıb”.

“Əlillik, sadəcə, görmə, eşitmə
və ya fiziki məhdudiyyət deyil”
“Hazırda Azərbaycanda fiziki məhdudiyyətli insanların təhsilə cəlb olunması üçün reabilitasiya mərkəzləri, xüsusi dövlət məktəbləri var”,-deyən A. Eynalova əlavə etdi ki, həmin məktəblər ödənişsiz olduğu üçün orada təhsilin keyfiyyəti aşağı səviyyədədir: “Həmin o məktəblərdə peşə dərsləri də keçilir. Bu dərslər zamanı onları həyata bağlamaq, hər hansı bir peşəyə yiyələnmələrini təmin etmək üçün çalışmalar aparılır. Ancaq təhsil peşə məktəbləri səviyyəsində deyil. Onu da qeyd edim ki, aprel ayı dünya autizm maarifləndirmə ayıdır. Hazırda ölkəmizdə autizmli uşaqların da təhsil problemi qalmaqdadır. Bu uşaqlar məktəbəqədər və məktəb təhsili almaq üçün çox böyük problemlərlə qarşılaşırlar. Çünki məktəblərin çoxu onları qəbul etmir. Ümumiyyətlə, autizm mövzusunda işlərin görülməsinə ehtiyac var. Çünki əlillik, sadəcə, görmə, eşitmə və ya fiziki məhdudiyyət deyil”.

“Kitabxanada gözdən əlillər üçün
nəzərdə tutulmuş kitablar var”
Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova kitabxanada gözdən əlillər üçün nəzərdə tutulmuş brayl əlifbası ilə kitabların olduğunu söylədi: “Bu kitablar bizə Korlar Cəmiyyəti tərəfindən göndərilir. Kitabxanamızda bu kitabdan istifadə edən oxucuların sayı heç də az deyil. Uşaqlar valideynləri ilə birlikdə bura gələrək, həmin kitablardan istifadə edirlər”.

Nərmin Haqverdiyeva