“Azərbaycanda doğulanlar arasında cins nisbəti pozulur”

0
391

“Azərbaycanda əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bu göstərici ümumdünya göstəricisindən fərqlidir”. Dünən bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Nazir müavini İdris İsayev cəmiyyətdə sosial-iqtisadi proseslərlə demoqrafik proseslərin bir-biri ilə qarşılıqlı əlaqədə olduğunu, demoqrafiya sahəsində siyasətin hər bir dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil etdiyini diqqətə çatdırıb.

İ. İsayev Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunması ölkəmizdə demoqrafik vəziyyətin, əhalinin orta illik artım göstəricilərinin yaxşılaşmasına, orta ömür müddətinin uzadılmasına, müsbət miqrasiya saldosuna imkan yaratdığını vurğulayıb: “Son 12 il ərzində ölkə əhalisinin sayı 16 faiz artaraq 2015-ci il 1 sentyabr tarixinə 9 milyon 666 min nəfər təşkil edib. Təbii artım əmsalı 1,3 olub, hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nəfərə düşən ölüm səviyyəsi isə 6,0 nəfərdən 5,9 nəfərədək azalıb”.

Nazir müavini Azərbaycanda əhalinin 49,8 faizini kişilərin, 50,2 faizini isə qadınların təşkil etdiyini bildirərək, bu göstəricinin ümumdünya göstəricisindən fərqli olduğunu qeyd edib. O bildirib ki, hazırda dünya əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar təşkil edir. Dünya əhalisinin cins strukturunun kişilərin xeyrinə dəyişməsinin əsas səbəbi Çin və Hindistanın əhalisinin cins strukturunda kişilərin üstünlük təşkil etməsidir. Belə ki, bu ölkələrdə əhalinin təqribən 52 faizi kişilərdir. Həmin ölkələrin əhalisinin dünya əhalisinin 36 faizdən çoxunu təşkil etməsi ümumdünya göstəricisinə öz təsirini göstərmişdir. Çində hər 100 doğulan qıza 120, Hindistanda isə 108 oğlan düşür. Bu göstəricilər əhali arasında doğulan uşaqların cinsə görə nisbətinin ciddi şəkildə pozulması halı kimi qiymətləndirilir.

Nazir müavini vurğulayıb ki, ölkəmizdə də diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq, 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən, bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür və 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır”.

Doğulanların cins nisbətinin pozulmasının ümumi əhalinin cins strukturunu da dəyişdiyini qeyd edən nazir müavini nəzərə çatdırıb ki, əhalinin siyahıya alınması üzrə məlumatlara əsasən, 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür: “Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da, öz növbəsində, davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir”.

İ. İsayev əlavə edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanmaqla “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı” layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim olunub: “Dövlət Proqramının 2025-ci ilə qədər olan dövrü əhatə edəcəyi və bu dövrdə ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə də ayrıca bölmə kimi xüsusi yer ayrılıb”.

İ. İsayev doğulanlar arasında cins nisbətinin pozulması nəticəsində ölkənin demoqrafik vəziyyətində, əhalinin cins strukturunda baş verən dəyişikliklər, bu dəyişikliklərin perspektiv meyillərə təsiri və s. məsələlərin bu tədbirdə geniş müzakirə olunacağını, müzakirələrin nəticələrinin milli səviyyədə demoqrafik məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin baş müşaviri Fərid Babayev, Dövlət Statistika Komitəsinin şöbə müdiri Rza Allahverdiyev, Səhiyyə Nazirliyinin şöbə müdirinin müavini Təhminə Tağızadə doğulanlar arasında cins nisbətinin pozulması meyillərinin gələcəkdə demoqrafik proseslərin sabit şəraitdə davam etməsinə mənfi təsir göstərə biləcəyini vurğulayıblar. Onlar belə müzakirələrin və əhali arasında müvafiq mövzuda məlumatlandırma işlərinin aparılmasının əhəmiyyətini qeyd ediblər.