Azərbaycanda COVİD-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür

39

Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyanın başlanmasından 1 il ötür.

apa-nın xəbərinə görə, 2019-cu ilin noyabrında ilk dəfə Çində aşkarlanan “Sars COV-2” virusu sürətlə bütün dünya ölkələrinə yayılıb. Azərbaycanda isə COVID-19-a ilk yoluxma halı 2020-ci ilin fevralın 26-da qeydə alınıb.

Azərbaycan dünyada vaksinasiya prosesinə ilk qoşulan ölkələrdəndir. Hələ peyvəndlərin hazırlandığı dövrdə artıq Azərbaycan peyvənd hazırlanan ölkələrlə danışıqlara başlamışdı. Sınaq mərhələlərindən sonra 2020-ci ilin dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Çinin “Sinovac Biotech”” şirkətinin “Coronavac” peyvəndi təcili istifadə üçün təsdiqləndi. Azərbaycan hökuməti ilə Çin Xalq Respublikası arasındakı müqaviləyə əsasən, ölkəyə 4 milyon doza “Coronavac” vaksininin gətirilməsi nəzərdə tutuldu. Beləliklə, Azərbaycanda 2021-ci ilin yanvarın 18-də “Coronavac”ın tətbiqinə başlanıldı. Ötən ilin may ayından “Vaxzevria” (“Astrazeneca”), “Sputnik V”, iyun ayından isə “Pfizer” vaksinlərinin tətbiqinə icazə verildi.

Vaksinasiya prosesini sürətləndirmək, həmçinin növbəlilik prinsipini qorumaq üçün poliklinika, xəstəxanalarda xüsusi peyvənd məntəqələri, həmçinin https://randevu.its.gov.az/ onlayn növbə sistemi yaradıldı. Vətəndaşlar sayta daxil olaraq istədikləri məntəqədə tarixi və saatı seçərək peyvənd oluna bilərlər.

Hazırda ölkədə 4 vaksinin seçiminə icazə verilir. Həmçinin Azərbaycanda Türkiyə istehsalı olan inaktiv “Turkovac” vaksininin 3-cü faza klinik sınaqları da həyata keçiriləcək.

Ölkədə vaksinasiyaya əlçatanlığı təmin etmək üçün TƏBİB tərəfindən ötən ilin aprelin 2-dən səyyar briqadalar vasitəsilə də müxtəlif dövlət və özəl qurumlarda, universitetlərdə, iri ticarət mərkəzləri və supermarketlərdə peyvəndlənmə aparılır. Son statistikaya görə, səyyar briqadalar vasitəsilə ümumilikdə 84929 peyvənd vurulub. Səyyar briqadalar hazırda fəaliyyətlərini ölkə üzrə davam etdirirlər.

Azərbaycan vaksinasiya prosesinə mərhələli şəkildə başlayıb. Birinci mərhələdə səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət, ikinci mərhələdə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı, ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsinin, bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər vaksinasiyaya cəlb olunub.

Daha sonra xəstəliyin geniş yayılması ilə əlaqədar 18 yaşdan yuxarı, xüsusən risk qrupunda olan hər kəsin koronavirus əleyhinə peyvənd olunması tövsiyə edilib.

Pandemiyanın davam etməsi, peyvəndin yaratdığı immun cavabın 6 ay sonra zəifləməyə başlaması nəzərə alınaraq digər ölkələrdə olduğu kimi, Azərbaycanda da avqustdan etibarən COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (buster doza ) ilə peyvəndlənmələri tövsiyə olunub.

2021-ci ilin oktyabr ayından isə Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazə verdikləri, cari epidemioloji vəziyyət nəzərə alınaraq Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulması tövsiyə edilib. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bu zaman valideynlərin razılığı əsas şərtdir. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, indiyədək 552 nəfər yeniyetmə COVİD-19 əleyhinə vaksinasiya olunub.

Həmçinin oktyabr ayından Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası risk qrupuna daxil olan hamilə qadınlara (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12 həftəsindən sonra mRNT “Pfizer” vaksini ilə peyvənd olunmağı tövsiyə edib. Risk qrupuna daxil olmayan hamilə qadınlar da hamiləliyin 12 həftəsindən sonra yazılı razılıqları əsasında peyvənd oluna bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən APA-ya bildirilib ki, təsdiq olunmuş müqavilələrə əsasən, 2021-ci ildə ölkəyə 16 937 790 doza vaksin dərman vasitəsi gətirilib. Bunlardan 2 114 190 doza “Pfizer/Biontech” peyvəndi, 453 600 doza “AztraZeneca”, 14 150 000 doza “CoronaVac”, 220 000 doza “Sputnik V” vaksini olub.

Qeyd olunub ki, “CoronaVac” vaksinindən 150 000 doza Çin Xalq Respublikası tərəfindən ölkəmizə ianə edilib.

Həmçinin bildirilib ki, təsdiq olunmuş müqaviləyə əsasən, 2022-ci ildə Azərbaycana 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V”, ümumilikdə 3 280 000 doza vaksin gətirilməsi nəzərdə tutulub.

Son məlumata əsasən əhalinin 54 faizi vaksinasiyadan keçib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11872089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5200330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4714478, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1757281 nəfər təşkil edir.

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında Azərbaycanın bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pislədiyini qeyd edib. Prezident bildirib ki, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur:

“Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşüb. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.

Qeyd edək ki, Azərbaycanın qlobal miqyasda COVID-19 pandemiyası ilə mübarizəyə verdiyi töhfələr ÜST tərəfindən yüksək qiymətləndirilib. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Azərbaycan tərəfindən 100 000 doza “CoronaVac” vaksini Türk Dövlətləri Təşkilatı çərçivəsində Afrika dövlətlərinə ianə edilib.

Humanitar yardım kimi 170 000 doza “AstraZeneca” vaksini Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana göndərilib.