“Azərbaycanda bütün azadlıqlar təmin edilib”

Prezident İlham Əliyev: “Azərbaycan demokratik inkişafa sadiqdir, ölkəmizdə bütün azadlıqlar təmin edilib. Əhalinin 75 faizi azad internetdən yararlanır”.
Dünən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda təşkil olunan 48-ci illik toplantısının açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın əsrlər boyu multikulturalizm dəyərlərinin hökm sürdüyü bir məkan olduğunu deyib: “Biz tariximizlə, ənənələrimizlə fəxr edirik. Biz Azərbaycanın müasir, tolerant ölkə kimi inkişafına sadiqik”. Ölkəmizin keçdiyi tarixi mərhələlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər barədə danışan dövlətimizin başçısı hazırda Azərbaycanın sürətlə inkişaf etdiyini, siyasi və iqtisadi islahatların uğurla həyata keçirildiyini bildirib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, nəticədə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, xalqımız etnik təmizləmə siyasətinə məruz qalıb. İyirmi ildən çoxdur ki, danışıqların davam etdirilməsinə baxmayaraq, hələ də nəticənin olmadığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyini deyən Prezident İlham Əliyev Azərbaycanın dinamik xarici siyasət yürütdüyünü, Avropa və Asiyanın beynəlxalq təşkilatları ilə fəal əməkdaşlıq qurduğunu bildirib. Dövlətimizin başçısı ölkəmizin əsas hədəflərindən biri kimi davamlı və inkişaf edən iqtisadiyyatın yaradılmasını göstərib və bu sırada enerji amilinin mühüm yer tutduğunu vurğulayıb. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin aparıldığını, onun neft və qaz amilindən asılılığının azaldılması ilə bağlı tədbirlərin görüldüyünü, qeyri-neft sektorunun inkişaf etdirildiyini diqqətə çatdıran Azərbaycan Prezidenti ölkəmizdə xarici sərmayələr üçün də əlverişli şəraitin yaradıldığını bildirib. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün vacibdir”, – deyən Prezident İlham Əliyev son 10 ildə böyük inkişaf yolu keçən ölkəmizdə ümumi daxili məhsulun artdığını, 1 milyondan çox yeni iş yerinin yaradıldığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, ölkədə iri sosial layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.“Enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır və Azərbaycan bu prosesdə aparıcı ölkədir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışında deyib. Dövlət başçısı bildirib ki, biz TANAR və TAP-ın təşəbbüskarı olmuşuq: “Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızdan təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik”.

Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq: “Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. “Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir”.

“Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir. Müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik”,- deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır: “Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz “Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”.

 

“70 il əvvəl Azərbaycan müstəqil olsaydı, bu gün daha zəngin ölkə olardı”

“Biz aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq”, -deyən ölkə başçısı qeyd edib ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcək: “Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafı üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9,8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, 70 il əvvəl Azərbaycan müstəqil olsaydı, bu gün daha zəngin ölkə olardı: “Enerji təhlükəsizliyimiz, öz sərvətlərimizə arxalanmağımız iqtisadi inkişafımızın əsasını təşkil edir. Bu gün Azərbaycan coğrafi mövqeyindən yararlanır, nəqliyyat mərkəzidir. Xəzərdə ən böyük – 25 milyon ton yük qəbul etmək qabiliyyətinə malik liman tikilir. Bakı-Tbilis-Qars dəmiryolu xətti dəmir “İpək Yolu” olacaq”.