Azərbaycanda at ətinin satışı qadağan deyil, amma…

526

Rasim Məmmədli
Ölkəmizdə ət ən çox alınan ərzaqlardan biridir. Bunun nəticəsidir ki, ət satılan kifayət qədər yerlər var. Ən çox istifadə olunan isə dana və qoyun ətidir. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda at ətinə tələbat yoxdur. Amma at kəsən, at əti satan adamlar haqda xəbərlərlə mediada hər gün qarşılaşırıq. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) məlumatına görə, ölkəmizdə at ətinin satışına qadağa qoyulmayıb, yəni at əti satmaq olar. Bəs əgər belədirsə, onda niyə at əti satanları tuturlar? Bununla bağlı bilmədiyimiz başqa hansı məqamlar var? Bu sualı “Zaman-Azərbaycan” qəzetinə açıqlamasında DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanverdi cavablandırıb. Onun sözlərinə görə, Azərbaycanda hər hansı heyvanın ətinin öz adı altında satışına qadağa qoyulmayıb: “At əti və ya başqa bir heyvanın əti mütləq öz adı altında satışa çıxarılmalıdır. Ancaq at ətinin inək əti və ya qoyun əti adı altında satışa çıxarılması qanunsuzdur. At ətinin satışı üçün atın müayinəsi aparılmalıdır. Atda “manqo” və “sakko” adlı xəstəliklər var. Belə atların ətindən yeyən insanlara da bu xəstəliklər keçir. Bu xəstəlik insanların ölümünə gətirib çıxara bilir. Buna görə də atı kəsməmişdən əvvəl, mütləq yoxlanmalıdır. Kəsimdən sonra isə onun limfa düyünlərindən nümunələr götürülməli və laboratoriyada yoxlanmalıdır. Tam əmin olduqdan sonra ki, bu ət insan orqanizminə ziyan deyil, onda satışına icazə verilir. Yenə deyirəm, bu şərtlə ki, öz adı altında satılsın. Mütləq baytarlıq sanitariya-ekspertiza laboratoriyasının nəticələri əldə olmalıdır. Bundan sonra həmin ət öz adı altında satıla bilər. Əgər başqa ad altında satılırsa, bu, istehlakçıların aldadılması və qanun pozuntusudur. Buna görə də həmin ətlər müsadirə olunur. Çox vaxt yoxlanmadığına və birbaşa nəzarətdən kənar satıldığına görə həmin ətlər müayinə edilir və bu ətlərdə bakterioloji çirklənmə müşahidə olunur. Bu cür ətlər zərərsizləşdirilir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin nəzarət etdiyi obyektlər var, bazarlar və mağazalar var. Həmin mağazalar və bazarlarda mütəmadi olaraq laboratoriyalarımız fəaliyyət göstərir. Həmin laboratoriyalarda ətlər hər gün müayinə olunur. Şübhəsiz ki, keyfiyyətsiz ətlər gecə vaxtı gətirilir. Xüsusi işbazların təşkil etdikləri yerlərdə bu ətlər sümükdən çıxarılır. Bizim nəzarət etdiyimiz obyektlərdə belə hallar qeydə alına bilməz. İndiyə kimi də bu hal qeydə alınmayıb”.
“Mənim fikrimcə, bu proseslər baytarların himayəsi altında gedir”
“Azad İstehlakçılar Birliyində (AİB) rəsmi sənəd var. 1962-ci ildə 15 sovet respublikası ərazisində yalnız Azərbaycanda eşşək və at ətinin yeyilməsi qadağan olunmayıb. Qazaxıstanda at əti yeyilir. Azərbaycanda isə eşşək ətinin növləri göstərilir”. Bu sözləri AİB-in sədri Eyyub Hüseynov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu sənəd Birliyin ofisindədir. SSRİ zamanında bu sənədi ermənilərin hazırladıqlarını deyən Eyyub Hüseynov qeyd etdi ki, təəssüf ki, heç bir dövlət orqanı bu işlə məşğul olmayıb: “Dəfələrlə mətbuatda bu barədə danışsam da, bunun dərinliyinə getməyiblər. O sənəd rəsmi kitabça kimi məndə var. Buradan sizin vasitənizlə mesaj verirəm ki, dövlət orqanları buyursunlar, axtarsınlar. Vətənpərvərlikdən dəm vuranlardan soruşuram, o vaxt Azərbaycan adamları niyə yatıb ki, ermənilər də belə şey eləyiblər. Bəli, baytarlar deyirlər ki, at əti Azərbaycanda qadağan deyil. Beləliklə, baytarlar Azərbaycan üçün yeni zəmin hazırlayırlar – yavaş-yavaş at əti də, eşşək əti də yeməli olsun bizdə. Baytarlığın belə açıqlamaları həddindən artıq yarıtmaz mövqedir: “Eybi yoxdur, qoy satılsın, təki istehlakçılar aldadılmasın. Xəstə, ölmüş atlar kəsilir, heç kəs yük daşıyan atını kəsmir. Düzdür, qadağa yoxdur, amma mən 70 yaşıma çatıram, bir dəfə də olsun at ətinin satıldığını görməmişəm. Burada baytarların xüsusi rolu var. Niyə tədqiqat aparmırlar ki, haradadır, necə olur bunlar? İkincisi, xəstə atlar kəsilir, özü də gizlin kəsilir. Heç kəs açıq şəkildə at kəsmir. Mən bu vaxta qədər görməmişəm ki, kimsə atını kəsib aparsın açıq-aşkar satmağa. Mənim fikrimcə, bu proseslər baytarların himayəsi altında gedir”.