“Abituriyentlərin 64.7 faizi qəbul imtahanından “2” alıb”

525
“Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub”.
“Çox acınacaqlı haldır ki, Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub”. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında deyib.TQDK sədri bildirib ki, 11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox, vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır. 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfərdir. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfər”. TQDK sədri vurğulayıb ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdləri (müvafiq olaraq 18.0 və 17.8 bal) arasında qeydə alınıb: “9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, Təhsil Nazirliyi tabeli və özəl liseylərin şagirdləri əldə ediblər. Onların 9-cu sinif şagirdlərinin ana dili fənni üzə doğru cavabların faizi müvafiq olaraq 71.0-a və 65.4-ə, riyaziyyat fənni üzrə müvafiq olaraq 77.7-yə və 67.0-a bərabər olub. 11-ci sinif şagirdlərinin isə ana dili fənni üzrə nəticələri müvafiq olaraq 82.9 və 77.1, riyaziyyat fənni üzrə 84.6 və 75.1 faiz təşkil edib”. “Azərbaycanda abituriyentlərin 64.7 faizi qəbul imtahanından “2” alıb” M. Abbaszadənin sözlərinə görə 2014-cü ildə Azərbaycanda keçirilən qəbul imtahanlarında abituriyentlərin 64.7%-i qəbul imtahanlarında 200-dən az bal toplayıb: “0-700 bal diapazonunu şərti olaraq 0-200, 200-300, 300-500, 500-700 intervallarına bölərək, ənənəvi “2”, “3”, “4”, “5” qiymətləri ilə analogiyasını yaratsaq, görərik ki, ötən il abituriyentlərin 64.7 faizi imtahandan “2”, 13.6%-i “3”, 15.7%-i “4”, 6.0%-i isə “5” qiymət alıb”. Əvvəlki qəbul ilində bu göstəricilərin müvafiq olaraq 65.0%, 13.8%, 15.7%, 5.6% olduğunu deyən TQDK sədri vurğulayıb ki, bu il “2” və “3” qiymət alanların faizi nisbətən azalıb, “5” qiymət alanların faizi artıb, “4” qiymət alanların faizi isə dəyişməyib: “Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da əksini tapıb. Ali məktəblərə qəbul olanların 29.9%-ni “3”, 40.2%-ni “4”, 15.5%-ni isə “5” qiymət alanlar təşkil edib. Əvvəlki il bu göstəricilər uyğun olaraq 27.7%, 41.3%, 14.8% olub. 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 19%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır. Təəssüflə qeyd etmək lazımdır ki, ötən il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR Kəngərli, Sədərək və Babək rayonlarından olan abituriyentlərin 40%-dən çoxunun 2014-cü ildəki qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”. “Məktəblərdə verilən aşağı qiymətlər obyektiv olduğu halda, yüksək qiymətlər nisbətən şişirdilir” TQDK sədrinin sözlərinə görə, “5” qiymətlə bitirən məzunların yalnız 42.46 faizi attestat qiymətlərini doğrulda bilib: “Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan ballarını müqayisə etdikdə, məlum olur ki, tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.17%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif 0-200 bal intervalında olub. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik. Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının müxtəlif məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir”. “Azərbaycanda orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir” M. Abbaszadə qeyd edib ki, Azərbaycanda orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 25-49 faizini mənimsəyir: “Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, hər iki bölmədə orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 25-49 faizinə düzgün cavab verib. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonlarımız, məktəblərimiz, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”. TQDK sədri əlavə edib ki, Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Onun dediyinə görə, rus bölməsində ən aşağı nəticə I qrupda riyaziyyat, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika və kimya fənləri üzrə olub: “Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər əsasən test tapşırıqlarının 23-29 faizinə düzgün cavab verir, 32-48 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə isə ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, ötən il tarix fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 36.35%-dən 31.01%-ə qədər aşağı düşüb”. “27 nəfərin saxta diplom aldığı aşkarlanıb” M. Abbaszadənin sözlərinə görə,  “Tələbə-məzun” Dövlət Elektron Məlumat Sisteminə 1992-2014-cü illər ərzində 2 460 557 şəxs haqqında məlumat daxil olub. Bu illər ərzində onlardan 23 min tələbə TQDK tərəfindən heç bir ali məktəbə qəbul olunmamış şəxslərdir. TQDK sədri qeyd edib ki, bu hallar onlar magistratura və ya diplomdan sonrakı digər qəbul imtahanlarında iştirak etmək üçün sənəd verdikdə aşkar olunub. Onun sözlərinə görə, hesabat ili dövründə – 2014-cü il ərzində komissiyaya müxtəlif qurumlardan daxil olan sorğularda 4900 insan haqqında məlumat istənilib: “Onlardan 1500-nün bizim tərəfdən heç bir yerə qəbul olunmaması aşkar olunub. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar. Bu il magistratura və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb. Onlar müxtəlif yollarla – daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsilə ali məktəblərdə təhsil alıblar. Bundan başqa, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.